|
Hikmət Hacıyev: “Nümayəndələr Palatasının qətnaməsinin heç bir siyasi, hüquqi və tarixi əsası yoxdur”

ABŞ Nümayəndələr Palatası Türkiyəyə qarşı “Sülh Çeşməsi” əməliyyatı və S-400-ləri almasıyla bağlı sanksiyaların tətbiqi haqqında qanun layihəsi qəbul edib. Qərarın qüvvəyə minməsi üçün onu Senat və prezident təsdiqləməlidir. Nümayəndələr Palatası eyni gündə  qondarma erməni soyqırımını rəsmən tanıyıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qətnamələrə münasibət bildirib: “Oktyabrın 29-da Konqresdə qəbul edilən iki qətnamənin şahidi olduq. Bundan ölkəmizə qarşı sui-istifadə edə bilərlər. Bu qətnamələrin heç bir gücü yoxdur və biz onu tanımırıq. Açıq desəm, özləri çalıb özləri oynayacaqlar”.

Qətnaməyə əsasən, məktəblərdə 1915-ci ildə Osmanlı dövlətində baş verən hadisənin “soyqırımı” olaraq tədris edilməsi nəzərdə tutulub. Türkiyə prezidenti Ərdoğan və ölkənin başqa rəsmiləri erməni iddiasının tarixçilər tərəfindən araşdırılmasının vacibliyini dəfələrlə elan ediblər. Bu hadisəyə siyasi don geyindirilməsinin məntiqsiz olduğu söylənilib. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə deyib: “Tarixdən siyasi məqsəd üçün istifadə etmək naminə qəbul edilən bu utancverici qərarın hakimiyyətimiz və xalqımız üçün heç bir hüquqi əsası yoxdur”. Nazir qeyd edib ki, “Sülh Çeşməsi” əməliyyatı ilə böyük oyunu pozduq. Layihələri uğursuzluğa düçar olanlar rəflərdəki köhnə qətnamələri qucaqladı. “Bizdən bu yolla intiqam alacağını sananlar yanılırlar. Tarixi siyasətə alət edənlərin bu utancverici qərarı hökumətimizin və xalqımızın gözündə yox hökmündədir” - XİN rəhbəri bildirib.

Ermənistanda isə bu qərarlar toy-bayramla qarşılanıb. Baş nazir Nikol Paşinyan ABŞ-ın qərarını “cəsarətli addım” adlandırıb. Diqqətçəkən budur ki, Ağ Ev son 40 ildə məsələ ilə bağlı Konqresə hər hansı bir tövsiyə verməyib. Hansı ki, əvvəllər belə təşəbbüslərin qarşısı aşağı palataya çıxmadan alınardı.

Hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov Axar.az-a deyib ki, bu addımların nəticəsi olaraq Türkiyənin NATO-dan uzaqlaşdırılacağı real görünmür: “Çünki Türkiyə ilə NATO üzrə müttəfiqlik bağlarının qırılması hazırda heç kimin, o cümlədən ABŞ və NATO-nun digər üzv dövlətlərinin marağında deyil. Bu bağ qırılarsa, regionda yeni və kifayət qədər güclü hərbi-siyasi ittifaqın formalaşması üçün zəmin yarana bilər. Bu baxımdan ABŞ-ın Türkiyəyə münasibətdə ”kökə və zopa" siyasətini hələlik davam etdirəcəyini düşünürəm. Hətta Türkiyə üçün daha əlverişli şərtlər də irəli sürülə bilər".

Qeyd edək ki, Türkiyənin Suriyadakı antiterror əməliyyatlarını dayandırdıqdan sonrakı müşahidələr Ankara və Vaşinqton arasında ciddi problemlərin olmadığı qənaətini yaradırdı. Hətta ABŞ prezidenti Donald Trampın mövqeyi də gərginliyin geridə qaldığını deməyə əsas verirdi. Lakin Vaşinqton Türkiyənin Cümhuriyyət gününə özünəməxsus şəkildə “sürpriz” etdi. Yeri gəlmişkən, 1992-ci ildə Azərbaycan ordusu erməni terrorçularını darmadağın edib Xankəndinə yaxınlaşan zaman da ABŞ Konqresi Azərbaycana qarşı sanksiyaları nəzərdə tutan “907-ci düzəlişi” qəbul etmişdi.

Hikmət Hacıyev ile ilgili görsel sonucu

Hikmət Hacıyev: “Qətnamənin heç bir siyasi, hüquqi və tarixi əsası yoxdur”

Türkiyəyə qarşı qərarın qəbul olunduğu bir məqamda Qarabağdakı qondarma rejimin “xarici işlər naziri” Masis Mayilyanın başçılıq etdiyi nümayəndə heyətinin ABŞ-ın paytaxtına “işgüzar səfəri”nin təşkil olunması da düşündürücüdür. Məlumata görə, nümayəndə heyətinə “ölkənin” parlament Xarici Əlaqələr Komitəsi sədrinin müavini David Melkumyan da daxildir. Mayilyan səfər çərçivəsində ABŞ Konqresində “DQR”in “müstəqilliyinə həsr olunmuş məruzə” ilə çıxış edəcək.

ABŞ Konqresinin əsas komitə sədrləri və üzvləri ilə görüşlər, həmçinin Vaşinqtondakı nüfuzlu “beyin mərkəzləri”ndə çıxışlar planlaşdırılır. Saxta nazir erməni diaspor təşkilatlarının nümayəndələri ilə də görüşəcək.

Sabiq xarici işlər naziri, politoloq Tofiq  Zülfüqarov hesab edir ki, bu çıxışın əhəmiyyəti böyük deyil, sıfır səviyyəsindədir: “Hər kəs bilir ki, ABŞ Konqresinin ən azı 7-8 binası var. Hətta onların bəziləri metro kimi yer altında salınıb. Hər bir konqresmenin qəbul otağı, ümumi istifadə üçün zalları var. Kiminsə ABŞ Konqresində çıxış etməsi o demək deyil ki, konqresin Nümayəndələr Palatasında olacaq. Onlar hansısa zalda ermənipərəst adamları bir yerə yığırlar. Bu məsələdə  erməni təbliğatına, provokasiyasına uymamağı tövsiyə edirəm. Düzdü, bu mənfi  haldır. Ancaq onun əhəmiyyəti heç də böyük deyil, sıfır səviyyəsindədir. Bunu açıq deməliyik”.

Keçmiş xarici işlər nazirinin sözlərinə görə, bu məsələlər müxtəlif komissiyalarda müzakirəyə çıxarılsa da, heç vaxt səsverməyə çıxarılmayıb: “Ermənilər təbliğat baxımından lobbiçilik səyi nəticəsində 5-10 adamı ətraflarına yığacaqlar və danışacaqlar. Sonra  da qələmə verəcəklər ki, ”Tramp bizi qəbul edib".

Diplomat Modern.az-a məsələnin digər tərəfindən də danışıb: “İkinci məsələ odur ki,  bu məsələnin kökündə ABŞ-Türkiyə arasında olan münasibətlər deyil. Nümayəndələr Palatası bu məsələləri uzun müddət müxtəlif komissiyalarda müzakirə edib. Amma ümumi iclasa, səsverməyə heç vaxt çıxartmayıblar. Bu da onun nəticəsində baş verib ki, orada yəhudi lobbisinin gücü hər zaman olub. Bu zaman istənilən məsələ müzakirəyə çıxarıla da bilər, çıxarılmaya da”.

Qarabağ separatçıları Nümayəndələr Palatasının iclasını da müşahidə edib. Həmin iclasın nəticəsi kimi palata “erməni soyqırımı”nın tanınması barədə qətnamə qəbul etmişdi. Separatçı rejimin nümayəndəsi səsvermədən sonra konqresmenlər Frenk Pallone və Anna Eşlə görüşüb. Mais Mailyan və onun başçılıq etdiyi dəstənin hansı diplomatik statusda Nümayəndələr Palatasının iclas zalına buraxıldığı açıqlanmayıb. Bununla da sanki ABŞ Türkiyəyə qarşı əlində hansı rıçaqlar varsa, onu nümayiş etdirməyə çalışıb.

Son illərdə Türkiyə əleyhinə “kürd kartı”ndan istifadə edən ABŞ bu dəfə əlindəki kartları ermənilərlə əvəzləyib. “Yeni Müsavat” erməni mediasına istinadən xəbər verir ki, bu müzakirələrdə və görüşlərdə Ermənistanın ABŞ-dakı səfiri Varujan Nersesyan da iştirak edib. Həmçinin ABŞ-dakı erməni arxiyepiskopu Viqen Aykazyan orada öz yerini tutub. Qarabağ separatçılarının Türkiyəyə qarşı qərar qəbul edilən iclas zalına təşrif buyurması ABŞ-ın Ankaraya etdiyi növbəti pisliyin nümunəsidir.

Qafar Çaxmaqlı: ile ilgili görsel sonucu

Qafar Çaxmaqlı: “Bu, Amerikanın Minsk Qrupundakı vasitəçilik missiyası ilə bir araya sığmır”

Politoloq Qafar Çaxmaqlı “Yeni Müsavat”a bildirdi ki, Türkiyəyə qarşı hansı zərbələri vurmaq üçün Amerikada hazır “erməni soyqırımı” ilə bağlı basqı xarakteri daşıyan bir vasitə var. Onu işə salacağına heç bir şübhə yox idi: “Keçən illərdə ”Xalq bank"la bağlı “ehtiyat” arqumentləri də yəqin ki, bu günə saxlamışdılar . Amerikanın FETÖ-çularla birgə ortaya gətirdiyi və birbaşa R. T. Ərdoğanı hədəf alan 17-25 dekabr provokasiyası da demək bu gün lazım olacaqmış. Amerika Türkiyəyə sanksiyalar tətbiq edərkən əlindəki bu kompromatlardan istifadə etməyə başlayıb. Bunun ən təhlükəlisi qondarma “erməni soyqırımı” ilə bağlı qərar layihəsinin qəbul edilməsidir. Artıq o? Alt Palatadan keçib. Əgər Senatdan da keçərsə, yəqin ki, Ərdoğana qarşı qəzəbini hər fürsətdə dilə gətirən Tramp onu imzalayacaq. Bu qanun layihəsində məqsəd Türkiyəni dalana dirəməkdir. İndi Türkiyə diplomatiyası bunun qəbul edilməməsi yönündə fəaliyyətə keçməlidir".

Q.Çaxmaqlı qeyd etdi ki, Amerika Konqresində Dağlıq Qarabağ separatçılarının nümayəndəsinin çıxış etməsi də Amerikanın ATƏT-in Minsk Qrupunda vasitəçilik missiyası ilə bir araya sığmır və ABŞ özü də tərəf tutduğunu etiraf etmiş olur: “Deyəndə ki, biz bu ölkələrin vasitəçilik missiyasından imtina etməliyik, bizi diplomatik davranmamaqda suçlayırdılar. Görürsünüzmü, bu ölkələrin Qarabağ separatçılarına verdiyi dəstək nə dərəcədədir?”

Azərbaycan XİN-in mətbuat katibi Leyla Abdullayeva ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaradılmış qondarma qurumun “nümayəndəsinin” ABŞ-a getməsi ilə bağlı mətbuatın suallarını cavablandırıb.

“Report”un xəbərinə görə, o bildirib ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaradılmış qanunsuz rejimin təmsilçisi Masis Mayilyanın ABŞ ərazisinə daxil olması ilə əlaqədar ölkəmizin ABŞ-dakı səfiri Azərbaycan tərəfinin ciddi etirazını Dövlət Departamentinin diqqətinə çatdırıb: “Səfirliyimiz tərəfindən ABŞ Konqresinin Nümayəndələr Palatasının spikerinə, eləcə də rəhbər heyətinə, bir-sıra komitə sədrlərinə müvafiq məktublar ünvanlanıb. Eyni zamanda ATƏT-in Minsk Qrupunun amerikalı həmsədrinə də bu xüsusda etirazımız çatdırılıb.

Qondarma qurumun təmsilçisinin viza müraciətində yanlış məlumatlar verdiyi halda, bu məsələyə ABŞ tərəfindən göz yumulmasının və ABŞ-ın ümumi siyasətinə uyğun gəlməyən bu yanaşmanın təəccüb doğurduğu ABŞ rəsmilərinin qarşısında qaldırılıb.

ABŞ tərəfi Masis Mayilyanın səfərinin şəxsi xarakter daşıdığını və administrasiyanın onu dəstəkləmədiyini və onun hər hansı administrasiya rəsmisi tərəfindən qəbul edilməyəcəyini bildirib. ABŞ-ın separatçı rejimi tanımamaq siyasətinin dəyişməz olaraq qaldığı vurğulanıb.

Qeyd etmək istərdik ki, sözügedən məsələ ilə bağlı ölkəmizin ABŞ-dakı səfirliyi tərəfindən Dövlət Departamentinə etiraz notası ünvanlanacaq. Eyni zamanda Xarici İşlər Nazirliyi ABŞ-ın Bakıdakı səfirliyinə etirazını bildirəcək".

“ABŞ Nümayəndələr Palatasının qondarma erməni soyqırımı haqqında qəbul etdiyi 296 saylı qətnaməni pisləyir, qərəzli və ədalətsiz hesab edirik”.

“Report”un xəbərinə görə, bunu Azərbaycan Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib. Şöbə müdiri vurğulayıb ki, bu qətnamənin heç bir siyasi, hüquqi və tarixi əsası yoxdur, ermənipərəst lobbi qruplarının səyləri nəticəsində qəbul edilib: “Həmin dövrdə baş vermiş hadisələr siyasətçilər deyil, tarixçilər tərəfindən araşdırılmalıdır. Ermənistan və erməni lobbi dairələri qondarma erməni soyqırımını siyasi möhtəkirlik obyektinə çeviriblər. Onlar bu məqsədlə ermənilərin Cənubi Qafqazda və digər regionlarda törətdikləri cinayətləri ört-basdır etməyə çalışırlar. Ona görə də Ermənistan həmin dövrün hadisələrinin birgə tarixi komissiya tərəfindən araşdırılması barədə Türkiyənin təklifini qəbul etmir. Tarixin saxtalaşdırılması, ”tarixin yenidən yazılması" cəhdləri və onun siyasi təzyiq məqsədilə istifadə edilməsi qəbuledilməzdir".

ABŞ-ın Azərbaycandakı səfirliyindən isə hər hansı mövqe ala bilmədik.

Türkiyə prezidenti isə ABŞ-da əsən anti-Türk yellərinə reaksiya verib. “Türkiyə yeni bir istiqlal mübarizəsi aparır, zəfərə doğru addım-addım irəliləyirik”. “Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədri olduğu hakim Ədalət və İnkişaf Partiyasının parlamentdəki fraksiyasının genişləndirilmiş toplantısında bildirib. Türkiyə prezidenti xəbərdarlıq edərək, deyib ki, terror balonu nə zamansa erməni terrorunu, PKK-nı dəstəkləyənlərin əlin partlayacaq. “Qısa müddətdə əldə etdiyimiz uğur bəzilərinin panikaya düşməsinə səbəb olub. 20 şəhidimiz var. Qərbdən olan heç bir dövlət şəhidlərimizlə bağlı bizə başsağlığı vermədi. Antiterror əməliyyatı nəticəsində isə 900-dən çox terrorçunu zərərsizləşdirmişik. Qərbdən olanlar bizdən davamlı olaraq soruşurlar: ”Orada nə qədər qalacaqsız?" Mən də onlardan soruşuram: “Siz nə vaxt çıxacaqsız?” R.T.Ərdoğan ABŞ-ın vitse-prezidenti Maykl Pensin Türkiyə səfəri zamanı əldə edilən razılaşmadan da danışıb. Eyni zamanda ABŞ-ın Nümayəndələr Palatasında Türkiyə əleyhinə qəbul olunan qətnamələrə münasibət bildirib: “Oktyarbın 29-da Konqresdə qəbul edilən iki qətnamənin şahidi olduq. Bundan ölkəmizə qarşı sui-istifadə edə bilərlər. Bu qətnamələrin heç bir gücü yoxdur və biz onu tanımırıq. Açıq desəm, özləri çalıb özləri oynaycaqlar”.

Belə görünür ki, Ankara-Vaşinqton gərginliyinin növbəti mərhələsi hələ qarşıdadır. ABŞ dəstək verdiyi kürd terrorçularının məhvini Türkiyəyə bağışlamaq istəmir. Bu durumda erməni lobbisi də hərəkətə keçib və öz məqsədləri naminə çalışmaqdadır. Odur ki, dünyadakı Türk diasporunun, həmçinin Azərbaycan və Türkiyənin birgə, koordinasiyalı fəaliyyətinə ciddi ehtiyac var.