|
ZƏNGİLANIN İŞĞAL OLUNMASINDAN 26 İL ÖTÜR

Son  zamanlar  çox  darıxıram.Vətən  həsrəti , el - oba niskili ürəyimi  qovurur.Böyüdükcə  dərk  elədim  anamın  göz  yaşlarını,söylədiyi  ağıları ,yuxusuz  gecələrini, atamın  1 ay  içində dümağ olan  saçlarını.İlahi, həsrətlərin ən  ağırıymış  Vətən  həsrəti. Doğulub  boya  başa  çatdığın  torpağı, o  torpaqda  illərlə  əziyyət   çəkib  qurduğun ev-eşiyi,əzizlərinin,doğmalarının  məzarını  qoyub  gəlmək  necə  əzab verirmiş insana.

Hər dəfə o  torpaqlara  dönəcəyik  ümidilə  yaşamaq  qədər  acı  ümid  ola  bilməz.İllər  keçir  üstündən, vətən  həsrətiylə,  Qarabağ həsrətilə dünyasını  dəyişən məcburi köçkün düşən soydaşlarımızın yəqin  ki,ruhu o  torpaqlara  qovuşdu.Yenə  də  ümidimizi  kəsmirik.Ümid edirik ki,ən yaxın zamanda torpaqlarımıza  qayıdacağıq. Tez-  tez  yadıma düşür-balaca idim,  çay  qırağından  keçib  rəhmətlik nənəmgilə  gedəndə  yarpız qoxusu, təbii bitkilərin,güllərin-çiçəklərin gözəl ətri gəlirdi.Oturub yaxınlıqdakı  çinar  ağacının  altında dincimizi  alanda  anam  məni qucaqlayıb gözündən yaş axa –axa dərindən nəfəs alaraq dedi ki, “hara  getsək də,  bu  torpağın, bu havanın  qoxusunu, bu  yarpızın, bu gül-çiçəyin qoxusunu  unutmayacağıq, doyunca  bu  havanı  çək  ciyərlərinə”. O  vaxtdan  bəri, vətənimin  qoxusunun  həsrətindəyəm.

Anam  ayrılığın  olacağını  hiss etmişdi.Çünki  həmin  vaxtlar  ermənilər  bizim  rayonu,kəndi tez-tez  atəşə  tuturdular.Xocalı  faciəsi  baş vermiş,ürəklərə dağ çəkilmişdi,bütün Azərbaycan yasda idi.İndiki işğal

olunmuş  rayonlar artıq  boşaldılıb soydaşlarımız el-obasından didərgin düşmüşdü..Sonuncu Zəngilan rayonu qalmışdı ki,o da hər tərəfdən mühasirəyə alınmışdı . Zəngilan müharibə alovunun qasırğasını 1990-cı ildən daha tez-tez hiss etməyə  başladı. Ermənilər dəmir yolunu bağlayır, qatarları saxlayır, adamları girov götürürdülər. 1992-ci ilin əvvəlindən isə rayonun sərhəd kəndləri döyüş zonasına çevrildi. Yerli əhalinin əlacı ov tüfənglərinə qalmışdı.Onlar yalnız ov tüfəngləri ilə torpaqlarımızı qoruyurdular. Ermənilər isə xarici havadarların köməyilə mükəmməl silahlanmışdılar.Gedişat onu  göstərirdi ki,məcburi  köçkünlük, vətəndən, eldən, obadan  didərgin  düşmək  bizim  də  taleyimizdə  var. Elə də oldu. Anamın sözlərindən  heç  bir  həftə  keçməmişdi ki, ermənilər bizi də rayonumuzdan- doğma vətənimizdən didərgin saldılar.Necə  əzablı  günlər  idi, ilahi, yazsam, yaşadığımız  o  acı günləri  bir -bir qələmə alsam,  kitablara sığmaz.Aprel şəhidlərinə həsr etdiyimiz “VƏTƏN MÜCAHİDLƏRİ” kitabını yazandan bəri vətən həsrəti,vətənə qovuşmaq arzum daha da artıb.Çünki vətən uğrunda necə oğulların şəhid olduğunu öyrəndikcə dərk edirsən ki,o vətənə Qarabağa qovuşmaq haqqımızdı tezliklə biz öz torpaqlarımızı geri qaytarmalı öz yurd yuvamıza sahib çıxmalıyıq.
Bu gün Zəngilan rayonunun işğalından 26 il ötür.Səbrimiz getdikcə daralır.Müvəqqəti məcburi köçkün adını daşıyan zəngilanlılar artıq öz yurd-yuvalarına qayıtmaq istəyir.Ərazidə bir sıra faydalı qazıntılar-tikinti daşı, qızıl yataqları və s. var ki, hal- hazırda ermənilər mənimsəyib istifadə edirlər.
Zəngilan düzənliklərin, yüksəkliklərin, çay axarlarının yaratdığı dərələrin bir-birini əvəzlədiyi mürəkkəb, həm də maraqlı, göz oxşayan yer quruluşuna malikdir. Rayon ərazisindən 4 çay keçir: Araz, Oxçuçay, Həkəri. Rayonun ərazisi coğrafi mövqeyinə, iqlim və təbiətinə görə digər bölgələrdən fərqlənir. Ərazinin özünəməxsus iqlimi və təbiəti vardır.  Zəngilanın Bəsitçay çayı hövzəsində böyük bir ərazidə təbii çinar meşəsi mövcuddur. Təbii Çinar meşəsi sahəsinə görə dünyada ikinci, Avropada birinci olan dünyaşöhrətli füsünkar bir məkandır. Zəngilan rayonu Respublikada ərazisindən dörd daimi axarlı çay keçən yeganə, unikal bir ərazi vahididir. Təbii iqliminə, yeraltı qızıl, mərmər yataqlarına, yerüstü münbit torpaqlarına, əsrarəngiz təbiətinə görə Zəngilan həqiqətən qızıl Zəngilandır.Zəngilan rayonu 29 oktyabr 1993-cü ildə erməni sillahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Rayon işğal olunmazdan qabaq erməni qüvvələri tərəfindən tam olaraq mühasirəyə alınmışdı və on minlərlə insan qırılmaq təhlükəsi ilə üz-üzə idi. Hər tərəfdən mühasirədə qalan sakinlər Araz çayını keçərək xilas olmuşdular.  Zəngilan aramsız düşmən hücumlarına mərdliklə sinə gərərək iki ay mühasirədə qalan, bölgənin sonuncu olaraq, döyüşə-döyüşə tərk edən mətin, dəyanətli oğullar yurdudur.  Bu gün Zəngilanın işğalından 26 il ötür.Dilə asan gələ bilər ancaq 26 il az zaman deyil.Səbrlər tarıma çəkilir yurd yuva həsrəti ürəklərimizi ağrılara düçar edib.

İndi sənin çınqılının,daşının,
Yazda səpələnən yaz yağışının,
Barlı payızının,soyuq qışının,
Həsrətin çəkirik biləsən,vətən.

Ümidvaram ki,həsrət qoxan şeirlərimiz bir gün qələbə qoxusuyla ətirlənən şeirlərlə əvəzlənəcək.
Öz el- obalarından didərgin düşən soydaşlarımız dövlətimiz və xalqımız tərəfindən nə qədər qayğı və diqqət göstərilməsinə baxmayaraq, onlar yurd həsrəti ilə çırpınırlar.Biz əminik ki, tezliklə öz yurd –yuvamıza qayıdacağıq və gələn il bu vaxtları Zəngilanın işğal olunma il dönümündən deyil, məcburi köçkünlərin öz yurd- yualarına yerləşdirilməsindən,vətən həsrətinin bitməsindən yazacağıq.

AYSEL NƏSİRZADƏ

CİA.AZ