|
Həbsdə olan iş adamını azadlığa çıxarmaq istəyən ata və oğul qandallandı

Dələduzluqda ittiham edilən ata və oğula hökm oxunub. Ev dustaqlığında olan oğul məhkəmə zalında həbs edilib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda ittiham edilən İlqar Məmmədov və oğlu Fərid Məmmədlinin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.

Hökmə əsasən İlqar Məmmədov 9 il müddətinə azadlıqdan məhrum edilib. Ev dustaqlığında olan Fərid Məmmədli isə məhkəmə zalında həbs edilib. Onun barəsində 6 il azadlıqdan məhrum etmə cəzası çıxarılıb.

Ata və oğlun həbsinin təfərrüatı...

Xatırladaq ki, iki il qabaq Bakıda "Xaliq Faiqoğlu" şirkətinin rəhbəri Faiq Seyidovla şəriki Azadxan Xanməmmədov arasında böyük qalmaqal olmuşdu.

"Xaliq Faiqoğlu" 65, 18, 61, 79, 18 və xeyli başqa marşrut xətlərinin sahibidir. O zaman Bakıda çoxmərtəbəli binaların tikintisi və başqa işlərlə məşğul olan işadamı A.Xanməmmədov "Riyad" mühafizə xidmətinin əməkdaşları ilə birlikdə F.Seyidovun ofisinə hücuma görə həbs olundu.

Xuliqanlıqda suçlu bilinib 3 il həbs cəzası alan A.Xanməmmədov vaxtından əvvəl azadlığa buraxılsa da, adı başqa bir qalmaqalda hallandı.

Məlumata görə, onun azadlığa buraxılmasından ötrü oğlanları 107 min manat pul veriblər. Ancaq vəd verən adamlar nə A.Xanməmmədovu azadlığa buraxdırıblar, nə də pulu geri qaytarıblar.

107 min manatlıq dələduzluq işinə görə iki nəfər məhkəmə qarşısına çıxarılıb. Onlar - İlqar Məmmədov və Fərid Məmmədli ata-oğuldurlar. İ.Məmmədli bir neçə ildir ki, başqa bir əmələ görə həbsdədir. O, Penitensiar Xidmətin müalicə müəssisəsində saxlandığı vaxt o zaman həbs edilən A.Xanməmmədovla tanış olub.

Dələduzluqla bağlı bu cinayət işində zərərçəkən kimi Tural Xanməmmədov tanınıb. O, işadamının oğludur.

Məhkəmədə atasının həbsdən buraxılması üçün 107 min manat verdiklərini deyən T.Xanməmmədov bu məbləğlə kifayətlənmir. O, 107 mindən əlavə, mənəvi ziyana görə 50 min, verdikləri pulun faizi olaraq 17 min 800, bir də əldən çıxmış fayda kimi 21 min manat pul tələb edir. Məhkəmədə də bununla bağlı mülki iddia qaldırıb.

Tural Xanməmmədov məhkəmədəki ifadəsində bunları deyib: "Fərid qardaşımın dostu olub, 3 il əvvəl çayxanada tanış olublar. Bu işi atası ilə birlikdə ediblər. Demişdilər ki, hörmətli akademiklə qohumdurlar. Onun vasitəsilə atamın çıxmasına kömək eləyə bilərlər. Həm də atamın işində qarşı tərəflə barışıq lazım idi ki, şikayətçi olmasın. Bu işi də öz öhdələrinə götürmüşdülər. Lap birinci dəfə məktub üçün 3 min manat verdik. Həmin məktub akademikə göndərilməliydi. Atamın işi haqqında idi".

Elan olunmuş ittihamla İlqar və Fərid Məmmədlilər özlərini təqsirli bilmirlər. ​İ.Məmmədli təsdiqləyir ki, Penitensiar Xidmətin müalicə müəssisəsində A.Xanməmmədov və oğulları dəfələrlə ona pul verib, evinə, özünə bazarlıq eləyib gətiriblər.

Amma deyir ki, o pullar hansısa vədinə görə yox, xeyirxahlıq məqsədilə, yardım kimi verilib: "Azadxan tək mənə verməyib ki. Pulu var idi, verirdi, çox idi, mənə də kömək edirdi. Türmə şəraiti başqa olur. Azadxanın 50 cür problemi var idi. Problemlərə görə verilib".

İ.Məmmədli etiraf edir ki, Xanməmmədovlar təxminən 3 ay ərzində ona 79 min manatlıq yardım ediblər. Amma aralarında narazılıq yaranandan sonra onun 23 mini qaytarılıb: "Mənə verilən puldan 20 mini Faiqlə barışıq üçün idi. Müalicə müəssisəsində olanda bu məsələdən söz düşdü, bildi ki, tanışlığımız var, xahiş elədi ki, barışıq üçün kömək edim. Mən söz verməmişdim, demişdim ki, maraqlanaram. Mən də Təhməz vasitəsilə maraqlandım, məlum oldu ki, aralarında marşrut xətti ilə bağlı problem var. Faiq deyib ki, o xətti mənə verməsə, bağışlamayacağam. Oğlu Araz yanıma gələndə də ona dedim ki, Faiqgilin əlindən aldığınız marşrut xəttini qaytarmalısınız özünə. Azadxanın tutulmasının kökündəki səbəb də bu idi".

İlqar Məmmədlinin sözlərinə görə, haqqında danışdığı Təhməz adlı şəxs iqtidarda yüksək post tutan şəxslərdən birinin yaxın adamıdır.

Təqsirləndirilən İlqar Məmmədli deyir ki, oğlu Fəridin bu işlərdə heç bir günahı yoxdur. Sadəcə, qarşı tərəf qisas almaq üçün oğlunu da həbs etdirmək istəyir.