|
YAP-çı deputat Elmar Məmmədyarovun tənqid olunmasının səbəblərindən danışdı

Elman Nəsirov: “Bu, onun Azərbaycan dilini zəif bilməsi ilə bağlıdır”

Oktyabrın 15-də Milli Məclisdə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin təşkilatçılığı ilə “Qarabağ Azərbaycandır və nida işarəsi” mövzusunda dinləmələr keçirilib. Dinləmələr deputatların və tədbir iştirakçılarının maraqlı çıxışları ilə yadda qalıb.

Deputat Aqil Abbas Dağlıq Qarabağın Azərbaycanlı İcmasını çıxışlarında bir qədər sərt olmağa çağırıb və xarici işlər naziri Elmar Məmmədyarovu mənasız bəyanatlar verməkdə ittiham edib: “Mənasız bəyanatlar vermək lazım deyil. Onsuz xarici işlər naziri Elmar Məmmədyarov mənasız bəyanatlar verməklə məşğuldur”.

Qeyd edək ki, Elmar Məmmədyarovun tənqid edilməsi ilk dəfə deyil. Xarici işlər nazirinə qarşı vaxtaşırı olaraq ittihamlar, tənqidlər irəli sürülür, hətta bəzən onun vəzifədən götürülməsinə də çağırış edilir.

Yeni Azərbaycan Partiyasının Beynəlxalq əlaqələr komissiyasının sədri, deputat Elman Nəsirov “Yeni Müsavat”a bildirdi ki, ara-sıra deputatlar və digər şəxslər sırasından xarici işlər naziri Elmar Məmmədyarov haqda tənqidi fikirlər səslənir: “Lakin istənilən məsələyə daha geniş spektrdən baxmaq lazımdır. Hər bir hadisəyə daha çox məntiqin gözü ilə baxılmalıdır. Birincisi, onu qeyd edim ki, Elmar Məmmədyarov peşəkar diplomatdır. Onun xarici siyasət sahəsində öz işini bilməməsi, diplomat kimi zəif olması, diplomatik biliyə malik olmaması kimi ittihamlara əslində rast gəlməmişik. Hesab edirəm ki, Elmar Məmmədyarovun keçdiyi həyat yoluna diqqət yetirdikdə bu qənaətə gəlmək olur ki, o, diplomat olaraq peşəkardır. Azərbaycanın BMT-dəki daimi nümayəndəliyində işləyib, Azərbaycanın İtaliyada səfiri olub, uzun müddətdir xarici işlər naziridir, ingilis dilini çox mükəmməl bilir. Məntiqin gözü ilə baxanda heç kəsə sirr deyil ki, Azərbaycanın beynəlxalq aləmdə siyasi nüfuzu günbəgün artır və Azərbaycanın xarici siyasətini də cənab prezident İlham Əliyev müəyyən edir. Bu siyasət müstəqil və milli maraqlara söykənən siyasətdir. Azərbaycan bu səbəbdən beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi qəbul edilir. Ancaq bir həqiqət də var ki, Azərbaycanın xarici siyasətini prezident müəyyən edir, amma icrası məsələsinə əsasən cavabdehlik Azərbaycan Xarici İşlər Nazirliyinin və bu nazirliyin başında dayanan şəxsin üzərinə düşür. Yəni məsələyə bu cür geniş spektrdən baxdıqda hesab edirəm ki, biz Azərbaycanın xarici siyasət uğurlarından bəhs edərkən eyni zamanda Xarici İşlər Nazirliyi və xarici işlər naziri də avtomatik olaraq burada qeyd olunmalıdır. Mən hələ şəxsən indiyə qədər Elmar Məmmədyarovla görüşüb söhbət etməmişəm, yəni şəxsi tanışlığım yoxdur. Amma sadəcə olaraq, mən hadisə və proseslərə məntiqin gözü ilə baxmağı xoşlayan insan kimi məsələyə yanaşıram. Hesab edirəm ki, Azərbaycanın diplomatik uğurlarında həlledici rol cənab prezidentin fəaliyyəti ilə bağlıdır, amma icra orqanı kimi XİN-in və xarici işlər nazirinin də payı var”.

Deputat qeyd etdi ki, Elmar Məmmədyarovun tənqid edilməsi onun Azərbaycan dilini zəif bilməsi ilə bağlıdır: “Məncə, Elmar Məmmədyarovun daha çox tənqid edilməsi onun Azərbaycan dilini zəif bilməsi ilə bağlıdır. Ancaq hesab edirəm ki, Elmar Məmmədyarov başqa nazirliyin rəhbəri olsaydı, onun dilimizi mükəmməl bilməsi son dərəcə vacib olardı. Amma məsələ ondadır ki, Elmar Məmmədyarov elə nazirliyə rəhbərlik edir ki, onun daha çox işi xaricilərlə görüşlərdən ibarətdir. Bu baxımdan xarici işlər nazirinin ingilis dilini daha mükəmməl bilməsi zəruridir. Elmar müəllim isə bu zərurətə yüz faiz cavab verən diplomatdır. Qeyd etdiyim nüans onun ingilis dilini daha yaxşı bilməsini önə çıxarır, Azərbaycan dilini zəif bilməsi məsələsini ikinci plana qoyur. Azərbaycanın xarici işlər naziri ingilis dilini bilməsəydi və ya zəif bilsəydi, bu, daha ciddi ittiham və qüsur kimi ona qarşı irəli sürülərdi”.