|
“Ermənistan mürəkkəb vəziyyətdədir...”

“Ermənistan kifayət qədər mürəkkəb vəziyyətdədir. Mən ABŞ hökumətində işləyəndə və ABŞ-ın Güney Qafqaz ölkələri ilə əlaqələrinə məsul olanda dəfələrlə Ermənistana səfərlər eləmişəm – Minsk Qrupunun həmsədri kimi yox, amerikalı məmur kimi”. 

Bu sözləri erməni nəşri “168 am”a müsahibəsində Amerikanın Azərbaycandakı sabiq səfiri, Minsk Qrupunun keçmiş həmsədri Metya Brayza Ermənistanın mövcud təhlükəsizliyini şərh edərkən deyib.
Brayzanın sözlərinə görə, İrəvana hər səfərində o, “Ermənistan hökumətindəki həmkarlarını Rusiyadan güclü şəkildə asılılıqdan qaçmağın zəruriliyinə inandırmağa” çalışıb: “Söhbət energetik sferadan, həmçinin başqa sferalardan gedir. Ancaq əsasən energetik sfera nəzərdə tutulur”.
 
“Rusiya Ermənistanı özündən yetərincə asılı duruma necə salmaq məsələsində həddən ziyadə təcrübəlidir. Yaxşı olardı ki, Ermənistan artıq elədiyini daha eləməsin və bunca Moskvadan asılı olmasın” – bildirib eks-diplomat.
 
Brayza blokadadan çıxmaqla Ermənistanın təhlükəsizlik problemlərinin və Rusiyadan asılılığının azalacağına əmindir. “Bu məsələdə ABŞ prezidenti Qarabağ konflikti ilə bağlı dəqiq mövqe ortaya qoymaqla fəal rol oynaya bilər” - əlavə edib Brayza. (musavat)