|
Yuxusu qaçan ölkə, siyasəti iflasa uğrayan baş nazir və “Valday”dan ucalan NİDA

Ermənistan hökumətinə bu günlərdə ən çox təsir edən təkcə prezident Putinin İrəvandakı saymazyana davranışları olmadı. Ermənilər həm də Rusiya prezidentinin Ermənistanla müqayisədə Azərbaycana, onun liderinə daha çox önəm verməsindən yanıb-yaxıldılar.

3 oktyabrda erməni media orqanlarından birində “Putin İrəvandan Əliyevlə görüşmək üçün tələsdi” sərlövhəli yazı dərc olunmuşdu. Bax, irəvandakıların yuxusunu qaçıran bu məsələdir. Rusiya prezidenti “Rus NATO”sunda bir yerdə olduğu forpost ölkəyə səfərini tez-tələsik başa vurub Azərbaycan lideri ilə görüşə tələsir! Əslində bu, təəccüblü deyil. Putin şəxsən bir neçə dəfə Azərbaycanın regionda önəmli rol oynadığını və prezident İlham Əliyevə nə qədər böyük önəm verdiyini bəyan edib, təbrik məktublarında yazıb.

Lakin Qərblə Rusiya arasında var-gəl edən Nikol Paşinyan və səfil ölkəsi barədə buna bənzər fikrə rast gəlmək mümkün deyil. Ermənilər pərtdir. Ölkə mediası açıq şəkildə yazır ki, Vladimir Putin İrəvandakı Avrasiya İqtisadi Birliyinin ali şurasının sammitindən dərhal sonra Soçiyə, İlham Əliyevlə görüşmək üçün uçub. Düzdür, erməni ekspertlər Putinin hər zaman Azərbaycan və Ermənistan arasında balans saxladığını və bu mənada prezident Əliyevlə görüşdə təəccüblü heç nəyin olmadığını iddia edirlər. Amma bu, əbəs təskinlikdir...

Təsəvvür edin, Rusiya prezidenti uzun fasilədən və bir neçə dəfə təxirəsalmadan sonra nəhayət, Ermənistana səfər edir, amma İran prezidenti Ruhani kimi, bir gün əvvəldən yox, sammitə dəqiqələr qalmış təyyarənin trapından enir. Hətta Putin İrəvan küçələrində erməni hökumətinin ayırdığı “Ceyms Bond nömrəli” avtomobildən imtina edərək, özünün Rusiyadan gətirdiyi “Aurus” limuzini ilə hərəkət etdi. 

İlgili resim

****

Nikol Paşinyan Putinlə hətta eks-prezident Röbert Köçəryanın arvadı Belladan sonra görüşməyə müvəffəq oldu, özü də “Zvartnots” hava limanında! Üstəlik, İrəvanda sammit davam edərkən Rusiya XİN rəhbəri Sergey Lavrov Paşinyanın “Qarabağ Ermənistandır. Nöqtə” sərsəmləməsinə reaksiya verdi. Paşinyan bu nağılı avqustun əvvəlində Xankəndinə danışmışdı. Nikolla köhnə haqq-hesabı olan Lavrov sanki gözləyirmiş, Putin İrəvana səfər etsin və o da erməni baş nazirin “iynəsini vursun”.

Ermənilər ehtimal edirlər ki, Putin Əliyevi İrəvandakı sammit barədə məlumatlandırıb. Hətta xatırlama edilir ki, bənzər təcrübədən KTMT hərbi bloku ətrafındakı müzakirələrdə də istifadə edilir. Belorus prezidenti Lukaşenkonun bu barədə açıqlamaları da yada salınıb. Ermənilər Türkiyə və Rusiya arasındakı anlaşmalardan da ciddi şəkildə narahatlıq ifadə edirlər.

 

Vəziyyət belədir. Ermənistan illərdən sonra təşkilatçılıq etdi, kritik durumdan çıxmaqdan ötrü yollar aradı. Amma işğalçılıq siyasəti ilə özünü qonşulara düşmən eləmiş və nəticədə nəhəng regional layihələrdən kənarda qalmış bu ölkə növbəti dəfə məyus oldu. Görün hansı duruma düşüblər ki, Putinin azərbaycanlı həmkarı ilə görüşdə Ermənistana satılan qazın qiymətinin qaldırılacağı haqda müzakirə aparacağından xoflanıblar. Bu, təkcə Putinin Ermənistana münasibətindən qaynaqlanan rəy deyil, eyni zamanda Azərbaycanın dövlət başçısının söz sahibi olmasından dolayı narahatlıqdır.

****

Öz fəaliyyəti ilə qeyri-ciddi adam imici qazanmış Nikol Paşinyansa hələ ayılmayıb, özünə təskinlik verir: Putinlə iki dəfə görüşməsini “parlaq söhbət” kimi həm xalqının, həm siyasi rəqiblərinin gözünə soxmağa çalışır. Ancaq ona cavabı elə erməni politoloq Qagik Ambaryan verib, “nə vaxt Rusiya Ermənistan üçün qazın qiymətini endirəcək, onda “parlaq” görüşdən danışmaq olar” deyərək. Nikol gülünc davranışları ilə özünü nəinki ölkə xaricində, hətta daxildə də gözdən salıb. ABŞ-a, prezident Trampla görüşmək ümidi ilə səfər etdi, şelfi ilə qayıtdı. İrəvan sammitinə böyük ümidlər bəsləyirdi, ancaq o günə qaldı ki, Putinin arxasınca hava limanına qədər getdi, sonda Rusiya prezidenti ilə ikilikdə söhbətləşmək “xoşbəxtliyini” əldə etdi. Amma bu, ona müsbət heç nə qazandırmadı, Facebook səhifəsinə qoymaqdan ötrü çəkdirdiyi fotodan başqa... Hə, bir də Putin dilucu ona Moskva dəvətini etdi. Protokol qaydalarına görə, zirvə görüşünü təşkil edən ölkənin rəhbəri ayrı-ayrılıqda hər bir dövlət və hökumət başçısı ilə görüşür, bir çox hallarda bu görüş geniş tərkibdə keçirilir, ikitərəfli münasibətlər müzakirə olunur. Dəfələrlə bu kimi tədbirlərə ev sahibliyi edən Azərbaycanın nümunəsi, Azərbaycan prezidentinin dövlət və hökumət başçıları ilə ayrı-ayrılıqda, geniş tərkibdə görüşləri bunu əyani şəkildə təsdiqləyir. Eləcə də Putin Azərbaycan prezidenti və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə əlahiddə görüş keçirdi, öz komandası ilə.

Paşinyansa Putinin dalınca aeroportadək qaçdı...Paşinyan Putin üçün önəmli fiqur olsaydı, Rusiya lideri onu da Soçiyə dəvət edərdi. Ancaq belə nüfuzlu tədbirlərdə Paşinyanın nə işi?! Dünyanın məşhur “beyin mərkəzləri”ndən biri olan “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar iclasına dəvət olunması, habelə keçirilməsi nəzərdə tutulan çoxsaylı yüksək səviyyəli görüşlər də dövlət başçımıza dünyada olan böyük hörmətin göstəricisidir. İndiyədək Klubun işinə 74 ölkədən dünya elmi birliyini təmsil edən 1000-dən çox nümayəndə, o cümlədən Harvard, Kolumbiya, Corctaun, Stenford, Karlton, Sarbonna, London, Qahirə, Tehran, Tokio, Təl-Əviv və digər universitetlərin tanınmış professorları qatılıb. Finlandiya, Çexiya, Avstriya, Fransa, İtaliya, İran, CAR və digər ölkələrin prezidentləri və baş nazirləri “Valday” klubunun qonağı olublar. Rusiya Prezidenti Vladimir Putin Klub yarandığı vaxtdan hər il diskussiyaların iştirakçıları ilə görüşür və ətraflı fikir mübadiləsi aparır. Onu da bildirək ki, digər ölkələrin rəhbərləri bu tədbirlərə məhdud sayda dəvət olunurlar. Hazırda keçirilən tədbirdə bir neçə ölkənin rəhbəri iştirak edir. Başlıca məqsədlərindən biri dünya sisteminin böhrandan çıxarılmasına dair qərarlar qəbul etmək üçün intellektual elitanın bir araya gətirilməsi olan Klub beynəlxalq münasibətlər, qlobal siyasət, iqtisadiyyat, təhlükəsizlik, energetika, sosiologiya və digər sahələrdə aparıcı ekspertlərlə əməkdaşlıq edir. Klub Asiya, Yaxın Şərq, Avratlantika dialoqları kimi regional konfranslar da təşkil edir.

Ermənistanın baş naziri Bakı-Tiflis-Qars qatarının dalınca baxdığı kimi, “Valday”ı da İrəvandan seyr etməli oldu. Bu gedişlə bütün dünyada təcrid olunacaqlar. ABŞ diplomatı Con Bolton ötən il demişdi ki, tarixi şablonlardan əl çəkin, qonşularla münasibətləri normallaşdırın, inkişaf onda olacaq, məhəl qoymadılar...

****

Hələ belə bir nümunəyə rast gəlinməmişdi: ev sahibi tədbir düzənləyir, amma bu tədbir onun biabırçı məğlubiyyəti ilə sonuclanır. Paşinyan “Dağlıq Qarabağ Ermənistandır. Nöqtə” kimi təxribatçı və düşünülməmiş bəyanatları ilə erməni diasporunun gözünə girməyə cəhd göstərirdi, ancaq bu da keçmədi. Los-Ancelsdən əliboş qayıtdı, artıq diaspora onu ianələrdən də məhrum edib.

İrəvan sammitindən sonra Rusiyada keçirilən mötəbər toplantıda (Soçidəki “Valday” forumunda-E.P.) isə Azərbaycan prezidenti İlham Əliyev Paşinyanın cavabını verdi. Sitat: “Mən Ermənistan baş nazirinin, təəccüb doğuran “Qarabağ-Ermənistanın bir hissəsidir və nöqtə” bəyanatına toxunmaq istərdim. Birincisi, bu, yumşaq desək, yalandır. Qarabağ aranlı-dağlı bütün dünyada Azərbaycanın ayrılmaz hissəsi kimi tanınmışdır. Ermənistanın özü bu qanunsuz qurumu tanımır. Qarabağ əsl Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ-bu Azərbaycandır və nida işarəsi!”

Soçidən yayınlanan videokadrlardan görünürdü ki, Azərbaycan prezidentinin bu bəyanatına Putin daxil, iştirakçılar necə də həssas münasibət bəsləyir. Paşinyanın sərsəmləməsinə isə bundan əvvəl Lavrov səviyyəsində reaksiya verilmişdi, konkret olaraq Nikolun “ağzından vurulmuşdu” ki, başından böyük danışmasın! Ümumilikdə Azərbaycan prezidentinin “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar iclasında iştiraka dəvət olunması və çoxsaylı yüksək səviyyəli görüşlər keçirməsi Prezident İlham Əliyevin və Azərbaycanın dünyada nüfuzunun göstəricisidir. Rəsmi İrəvan Paşinyan - Putin görüşünün baş tutması üçün əldən-ayaqdan getdi. Amma Rusiya prezidenti Soçidə azərbaycanlı həmkarına bildirdi ki, 4 aydır görüşmürlər. Diqqət edin, Rusiya kimi nəhəng ölkənin başçısı Azərbaycan prezidenti ilə görüşdən keçən aylara da nəzər salır. Bu, Azərbaycan dövlətinə, onun liderinə verilən önəmin məntiqi nəticəsidir!