Azərbaycan potensial sərmayəçilərə güzəşt verirmi? - faktlar və rəylər
Adətən inkişaf etmiş ölkələr inkişaf etməkdə olan, yaxud aşağı inkişaf səviyyəsinə malik, kasıb ölkələrin vətəndaşları üçün “arzuların məkanı” hesab olunur. Buna görə də milyonlarla insan öz vətənini tərk edərək müxtəlif yollarla inkişaf etmiş ölkələrdə məskunlaşmağa çalışırlar. Xüsusilə son onillikdə bu proses qarşısıalınmaz xarakter alıb: nəinki müharibə və aclıq, yaxud avtoritar rejimli, hətta bəzən normal inkişaf göstəricilərinə malik ölkələrdən də daha yaxşı həyat arzusu ilə milyonlarla insan inkişaf etmiş dövlətlərə üz tutur. Bu zaman bir qisim həqiqi siyasi repressiyyalardan, müharibədən qaçırsa, böyük bir qisim də ən müxtəlif bəhanələrlə yeni vətən tapmağa çalışır.
Hansı ölkələr sərmayəçiləri cəlb etməyə çalışır?
Əsasən Avropanın, Amerikanın inkişaf etmiş ölkələrinə olan bu axından həmin ölkələrin bir çoxu iqtisadi baxımdan yararlanmaqdadır. Belə ki, həmin ölkələr geridə qalmış, yaxud avtoritar rejimli ölkələrin varlı vətəndaşları üçün öz ərazilərində daimi yaşayış hüququ almağı asanlaşdıran şərtlər tətbiq edirlər. Bir qayda olaraq, “qızıl viza” adlanan bu şərtlər ölkələr üzrə fərqli olsa da, məqsəd eynidir: iqtisadiyyata daha çox yatırım cəlb etmək. Qarşı tərəfin məqsədi isə daimi yaşayış, deməli, həm də bir müddətdən sonra vətəndaşlıq hüququ almaqdır.
Avropa Birliyi ərazisində investisiya proqramı əsasında “qızıl” vizanı Macarıstan, İsveçrə, Böyük Britaniya, Kipr, Malta, Slovakiya, Baltikyanı və digər ölkələr təqdim edir. İnvestisiya daşınmaz əmlaka da ola bilər, hansısa sahədəki biznes fəaliyyətinə də. Bundan əlavə, “qızıl” vizanı bankdakı əmanətə görə verən ölkələr də var. Məsələn, Latviyada bu üsulların hər üçü tətbiq olunur.

Daşınmaz əmlak əldə etməklə daimi yaşayış hüququnu ən asanlıqla Yunanıstan, Portuqaliya və İspaniyada əldə etmək mümkündür. İspaniyada bir nəfər daimi yaşayış hüququ almaq üçün dəyəri minimum 500 min avro olan daşınmaz əmlak almaq lazım gəlirsə, Yunanıstanda bu məbləğ 250 min, Portuqaliyada 350-500 min avrodur.
Yaxşı həyat arzusunda olanlar həmçinin seçdikləri ölkələrdə dövlət səhmlərinə investisiya etməklə də “qızıl” viza əldə edə bilərlər. Bu zaman həmin şəxs minimum 5 il müddətində aldığı səhmləri sata bilməz. Maltada səhmə yatırılmalı minimum məbləğ 250 min avro müəyyənləşdirilib. İspaniyada isə bu məbləğ 2 milyon avro təşkil edir.
İsveçrədə digər ölkələrdən fərqli olaraq, daimi yaşayış hüququ 10 ildən sonra verilir. Buna qədər gələn şəxs ildə dövlətə müəyyən həcmdə vergi ödəyir.
Sahibkarlıq fəaliyyətinə görə güzəştli vizaların verilməsi şərtləri də müxtəlif ölkələrdə fərqlidir. Məsələn, İspaniyada 5 illik biznes-plan təqdim edib, öz biznesinin inkişafına minimum 1 milyon avro investisiya qoymaq öhdəliyi götürənlərə “qızıl” viza verilir. Portuqaliyada isə sahibkar 1 milyon avrodan az olmayan biznes qurmalı, minimum 10 nəfər yerli vətəndaşı işlə təmin etməlidir.

Böyük Britaniyada investisiya müqabilində daimi yaşayış hüququnun verilməsi prosesi uzun illərdir tətbiq olunur. Lakin son onillikdə xüsusilə keçmiş sovet respublikalarından, əsasən də Rusiyadan çirkli yollarla qazanılan pulların bu ölkəyə daşınması hallarının kütləviləşməsi Britaniya hökuməti və hüquq-mühafizə orqanlarının hərəkətə keçməsinə səbəb olub. 2017-ci ildə qəbul olunaraq, 2018-ci ildən tətbiqinə başlanılan “İzahedilməz Sərvət Sərəncamı” (UWO) adlı qanuna əsasən Britaniyada daimi yaşayış hüququnu investisiya müqabilində alan şəxslər yatırım etdikləri vəsaitlərin mənbəyini açıqlamalıdılar. Xərclədiyi pulun mənbəyini açıqlayıb, onun qanuni yollarla qazanıldığını isbatlaya bilməyən şəxslərin varidatı müsadirə, özləri isə həbs olunurlar. Çox maraqlıdır ki, bu qanun ilk dəfə Azərbaycan Beynəlxalq Bankının sabiq rəhbəri Cahangir Hacıyevin xanımı Zamirə Hacıyevaya qarşı tətbiq olunub. Uzun illər boyu Britaniyada on milyonlarla funt sterlinq xərcləyən, bahalı daşınmaz əmlaka, hətta şəxsi təyyarəyə sahib olan xanım Hacıyeva bu sərvətin mənbəyini əsaslandırmağa çalışır. Hazırda onun işi üzrə məhkəmə prosesi davam edir. Britaniyada sözügedən qanun daha bir postsovet ölkəsi vətəndaşına da tətbiq olunub. Bu, Moldovanın keçmiş baş naziri Vlad Filatın oğlu Luka Filatdır. Onun bank hesabları dondurulub, özü isə məhkəməyə cəlb edilib.

Azərbaycan potensial investorlara nə güzəştlər tətbiq edir?
Son illərdə yalnız inkişaf etmiş ölkələr deyil, inkişaf etməkdə olan ölkələr də “qızıl” viza tipli stimullaşdırıcı üsullardan istifadə edirlər. Elə bizim ölkəmizdə də xarici ölkə vətəndaşlarının investisiya yolu ilə daimi yaşayış hüququ qazanmasına imkan verən şərtlər tətbiq olunur. Belə ki, Miqrasiya Məcəlləsinə əsasən Azərbaycan ərazisində 2 il ərzində müvəqqəti əsaslarla yaşamaq icazəsi olan xarici vətəndaşlar daimi yaşamaq üçün müraciət etmək hüququ əldə edirlər. Məcəllənin 45-ci maddəsinə görə, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə bir neçə halda Azərbaycan ərazisində müvəqqəti yaşamaq üçün icazə verilir. Bu hallar arasında aşağıdakılar da var:
- Azərbaycan iqtisadiyyatına azı 500.000 manat məbləğində investisiya qoyduqda;
- Azərbaycan Respublikasının ərazisində azı 100.000 manat dəyərində daşınmaz əmlakı olduqda;
- Azərbaycan Respublikasında fəaliyyət göstərən banklara müddətli əmanət müqaviləsi əsasında azı 100.000 manat məbləğində pul vəsaiti qoyduqda;
- İqtisadiyyat, sənaye, hərbi, elm, mədəniyyət, idman və digər sahələr üzrə yüksək səviyyəli mütəxəssis olduqda;
- Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda; Bu zaman sahibkar azı 5 nəfər ilə tam iş vaxtı şəraitində və ya 10 nəfər ilə natamam iş vaxtı şəraitində əmək müqaviləsi bağlamaqla faktiki fəaliyyət göstərməlidir. Bu hal üzrə işçilərin ən azı 80 faizinin Azərbaycan vətəndaşı olması tələb olunur.

Müvəqqəti yaşayış icazəsi 1 illiyə verilir, sonradan uzadıla bilər. Müvəqqəti yaşayış o zaman həqiqi hesab olunur ki, onu alan şəxs ölkə ərazisini 3 aydan artıq müddətə tərk etməmiş olsun. Bu qeyd olunan şərtlərə əməl edərək müvafiq icazə əsasında son 2 il ərzində fasiləsiz olaraq Azərbaycan ərazisində müvəqqəti yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq icazəsi almaq üçün vəsatət verə bilərlər. Daimi yaşamaq icazəsi 5 illiyə verilir, müddət bitəndə uzadıla bilər.
Azərbaycanda daimi yaşayış icazəsi alan şəxslər bütün şərtlərə əməl etdikləri təqdirdə ölkə vətəndaşlığını almaq üçün vəsatət qaldırmaq hüququ əldə edirlər.
Dövlət Miqrasiya Xidmətindən sorğumuza verilən cavaba görə, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 14-cü maddəsinin birinci hissəsinə əsasən ölkə ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq bu qanuna müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər: “İlk öncə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə əsasən 2 il ərzində fasiləsiz olaraq ölkə ərazisində müvəqqəti yaşama icazəsi almalıdır. Bundan sonra həmin şəxslər daimi yaşamaq icazəsi almaq üçün vəsatət verə bilərlər. 5 il müddətinə verilən daimi yaşamaq üçün icazə əsasında ölkədə daimi yaşayan və Azərbaycan Respublikası vətəndaşlığını əldə etmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər müvafiq sənədlərlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət edə bilər.
Əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti ona qanunvericiliklə müəyyən edilmiş qaydada daimi yaşamaq üçün icazə və ya qaçqın statusu verildiyi gündən hesablanır.

Aşağıdakı hallarda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bu maddənin birinci hissəsində göstərilən müddət nəzərə alınmadan Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilərlər:
1) şəxsin elm, texnika, mədəniyyət və ya idman sahələrində yüksək nailiyyətləri olduqda - onu Azərbaycan Respublikasına dəvət edən dövlət orqanının əsaslandırılmış vəsatəti əsasında;
2) şəxs Azərbaycan Respublikası üçün xüsusi maraq kəsb etdikdə və digər müstəsna hallarda.
Eyni zamanda Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilən şəxslər Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər. Bu qayda könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə aid edilmir".
Xidmətdən bildirildiyinə görə, ölkəyə investisiya qoyma, daşınmaz əmlak alma əsası ilə güzəştli qaydada birbaşa Azərbaycanda vətəndaşlıq alınması qanunvericilikdə nəzərdə tutulmayıb.
