Siyasi və geosiyasi proseslərin, situasiyaların təhlilində və təqdimatında tez-tez müxtəlif terminlərdən istifadə edilir. Son zamanlar şərhçilərin, “beyin mərkəzləri”nin vaxtaşırı yararlandığı belə terminlərdən biri də “yumşaq güc” anlayışıdır.
Arayış üçün bildirək ki, “yumşaq güc” (“soft power”) anlayışını elmi ədəbiyyata ilk dəfə 1990-cı ildə amerikalı tarixçi və publisist Cozef Nay gətirib. Ən geniş anlamda “yumşaq güc” - hər hansı ölkənin mədəni, iqtisadi, siyasi potensialını reallaşdırma səviyyəsi ilə bağlıdır. Burada daxili siyasətlə yanaşı, böyük ölçüdə xarici siyasət də ciddi şəkildə nəzərə alınır.
Yəni əslində söhbət dövlətin öz gücünü təkcə “hərbi əzələləri” ilə deyil, paralel surətdə və ya eyni zamanda digər sahələr (iqtisadiyyat, mədəniyyət, hüquq və s.) üzrə, çoxşaxəli şəkildə təsbit eləmək və bunun nəticəsində öz siyasi, geosiyasi, başqa maraqlarını daha əlverişli şəkildə reallaşdırmaq bacarığından gedir.
O zaman bu terminin siyasi-diplomatik dairələrdə geniş istifadə ediləcəyi bilinmirdi. Lakin artıq dünya liderliyinə can atan dövlətlərin hərəkətlərini, siyasətlərini xarakterizə etmək üçün onda geniş istifadə edilməkdədir. Söhbət ilk növbədə ABŞ, Rusiya və “Şərqin balinası” sayılan Çindən gedir.
BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən üçü kimi bu dövlətlər yüz illərdir dünya hegemonluğu uğrunda gizli-açıq mübarizə aparır. Konkret olaraq Rusiya (SSRİ) və ABŞ son olaraq 2-ci Dünya müharibəsi illərində müvəqqəti, məcburi müttəfiqlərə çevrilsələr də, müharibədən dərhal sonra yenindən əvvəlki biçimlərinə qayıdaraq, dünyaya hökm eləmək yarışına qoşuldular.
Keçmiş SSRİ-nin hərbi-siyasi blok olaraq NATO-ya qarşı yaratdığı sosialist düşərgəsi, təxminən yarım əsr sürən “soyuq savaş”, Qərblə dərin ideoloji-mədəni cəbhələşmə, dünyadakı kommunist (sosialist) və antikommunist rejimlərə hər cür siyasi, maddi, hərbi dəstəyin verilməsi - bu yarışın ən amansız təzahürləri idi.
Ayrı sözlə, iki əsas qütb arasında rəqabət təkcə klassik üsullarla - sürətlə silahlanma, kosmosun daha geniş tədqiqi ilə aparılmırdı. Dünyaya, irili-xırdalı başqa ölkələrə təsirlər eyni zamanda “yumşaq güc” faktoru hesabına - güclü iqtisadiyyat, qabaqcıl mədəniyyət, bənzərsiz elmi-texnoloji uğurlar, hətta böyük idman göstəriciləri hesabına həyata keçirilirdi.
Yəni əslində və ən əvvəl dəyərlər savaşı gedirdi. Bu savaşda qalibin kimliyi bəllidir - Qərb, Amerika. Səbəbi də sirr deyil. Çünki SSRİ, ardınca isə onun hüquqi varisi kimi Rusiya dünyaya, postsosialist düşərgəsinə və postsovet ölkələrinə sonadək özünün “yumşaq güc” effektli təsirini saxlaya bilmədi.
Rusiya indi olsa-olsa, öz hərbi və nüvə potensialına arxalanan, bir az da xammal ölkəsi qismində böyük güc sayılır. “Yaxın qonşular” üçün o, ciddi iqtisadi, texnoloji, elmi-mədəni örnək kəsb eləmir. Bu ölkənin dünyaya real təsiri imkanı Ukraynadakı qanlı olaylardan da göründüyü kimi, sırf hərbi-nüvə gücünün şərtləndirdiyi xofdan qaynaqlanır. Yerdə qalan sahələr üzrə Moskva “yumşaq güc” təsirli siyasət yürütmək qüdrətində deyil.
Doğrudur, son vaxtlar Kreml ideoloqları postsovet məkanında rus dilinin, rus mədəniyyətinin daha yaxşı oturuşmasına diqqət yönəltməyə başlayıblar. Nədən ki, dilin oturuşması həm də bu dilə məxsus mədəniyyətin oturuşması, yerli topluma mədəni təsir forması, Moskva üçünsə üstəlik, “5-ci kolon”, separatizm ocağı deməkdir. Lakin dünya tarixi göstərir ki, təkcə mədəni faktorla “yumşaq güc” təsbiti mümkün deyil. Bundan ötrü siyasi-hərbi, iqtisadi, mədəni gücün vəhdəti gərəkdir.
Rusiyanı ABŞ-dan fərqləndirən, onu birmənalı şəkildə qlobal fövqəl güc olmağa qoymayan, qıcıqlandıran əsas cəhət də belə “təsir buketinin” yoxluğudur - Rusiya bu gerçəkliklə barışmaq istəməsə də. ABŞ isə əksinə, belə “buket”ə sahibdir. Məhz bu üzdən Amerika hərbi gücə əl atmadan, hərbi güclə hədələmədən, xarici siyasət hədəflərinə çətinlik çəkmədən nail ola bilir. Çünki həm də iqtisadi, mədəni, elmi, virtual gücdür. Rusiyanı zəiflətmək üçü neftin qiyməti ilə edilən manipulyasiya buna ən parlaq örnək sayıla bilər.
Son illər “iqtisadi möcuzə”yə imza atmış Çin isə Rusiyadan fərqli olaraq, Amerika ilə rəqabətdə daha sanballı “yumşaq” güc siyasəti yürütmək iqtidarında görünür. Bu yerdə yada salaq ki, ötən il Ümumi Daxili Məhsulun həcminə görə “Şərqin balinası” ilk dəfə olaraq ABŞ-ı da ötüb keçib.
Bəzi təhlilçilər Çinin “yumşaq güc” imkanlarını Qərb dövlətlərindən üstün sayırlar. Səbəbi də məhz Şərq mədəniyyətinin xüsusiyyətləri ilə bağlayırlar. Ancaq dünya siyasətinə və düzəninə həlledici təsir imkanı hələ ki yenə Amerikaya məxsus olaraq qalır. Ona görə ki, qlobal güc - təkcə üstün hərbi potensial deyil, üstün və cəlbedici iqtisadiyyat, üstün və cəlbedici mədəniyyət, idarəçilik sistemi, üstün əxlaqi-mənəvi dəyərlər, o sırada təməl insan haqlarına, vicdan azadlıqlarına verilən önəm deməkdir. //musavat
