|
AXCP daxilində gərginlik

Bir neçə gündür AXCP rəhbərliyi ilə partiyanın gənc fəalları arasında qarşıdurma olduğu barədə informasiyalar yayılır. Mediada yayılan xəbərlərdə bildirilir ki, iki gün öncə partiyanın Gənclər Komitəsinin üzvü Ehtiram Mehdiyev, Kamandar Hüseynov və Cavid Musazadə bu qarşıdurmanın nəticəsi olaraq AXCP-dən xaric olunub.


Gərginliyə səbəb kimi isə Gənclər Komitəsinin üzvü Ehtiram Mehdiyevin AXCP sədrinin müavini Fuad Qəhrəmanlı haqqında yazdığı bir facebook statusu olub. Həmin statusda Ehtiram Mehdiyev martın 15-də Milli Şuranın keçirdiyi mitinq zamanı Fuad Qəhrəmanlının tribunanın yanında dayanan yaşlı insanı və gəncləri təhqir etməsini sərt şəkildə tənqid edib. AXCP Gənclər Komitəsinin bəzi üzvləri də Ehtiram Mehdiyevə dəstək veriblər.

Bundan sonra isə Ehtiram Mehdiyev və Gənclər Komitəsinin digər üzvü Cavid Musazadə partiyadan çıxarılıblar. Bu qərardan əsəbiləşən Gənclər Komitəsinin üzvləri ilə partiya rəhbərliyi arasında ciddi gərginlik yaşanıb. Xəbərlərdə həmçinin deyilir ki, Gənclər Komitəsinin üzvlərinin yaxın günlərdə bəyanat verərək, kütləvi şəkildə partiyadan çıxacaqları gözlənilir.

Gənclərlə AXCP rəhbərliyinin qarşıdurmasına bu yaxınlarda partiya sıralarından istefa vermiş sabiq sədr müavini Razi Nurullayev özünün facebook səhifəsində münasibət bildirib. R.Nurullayev gənclərin müdafiəsinə qalxıb. O qeyd edib ki, gəncliklə savaşanlar məğlub olur: “Əlbir olub bu rejimə qarşı mübarizə aparmaq lazımdır. Daha partiya içində sənin siyasətini tənqid edənlərlə yox. Günümüzün gəncliyi fərqlidir. Onların hamısını zombiləşdirmək və beynini yumaq mümkün deyil. AXCP sədrini və yaxın ətrafının siyasətini tənqid edənlər partiyadan uzaqlaşdırılıb. Bu gənclər Ehtiram Mehdiyev, Cavid Musazadə və Kamandar Hüseynovdur. Səbəb obyektiv tənqiddir. Amma onlar unudublar ki, AXCP-də tənqid qadağan olunub. Səmərəli təklif vermək və onu keçirmək mümkün deyil. Təklif yalnız partiyanın inkişafına yox, həm də sədrin maraqlarına cavab verməlidir. Əli Kərimli də məğlub olacaq. Çünki o, gəncliklə və onu obyektiv tənqid edənlərlə savaş yolunu seçib. Partiya resursları onun özünə və seçdiyi ətrafına xidmət edir. Partiya üzvləri və təəssübkeşlərinin çalışmaq üçün hansı stimulu və motivasiyası var? Sədri tərifləmək və onun dediklərini qeyd-şərtsiz yerinə yetirmək insan üçün stimul ola bilərmi? Axı bu insanlar hakimiyyətin məhrumiyyətləri və təzyiqi altında mübarizə aparırlar. Onlar bir parça çörək üçün, ailəsini dolandırmaq üçün çaba göstərir və bir çoxları ailəsindən çox partiyaya əmək sərf edir. Onların tənqid etmək və fərqli fikir söyləmək hüququ ola bilməzmi? Axı onlar cəsarətlə YAP-ı, dövlət başçısı İlham Əliyevi tənqid edirlər, Əli Kərimlini və onun ətrafında çirkin oyun qurub gözünə girənləri niyə tənqid etmək olmaz?

Həyatını partiyaya sərf edənlərin, canını bu yolda fəda edənlərin üzərinə qışqırmaq, onları istismar etmək partiya rəhbərliyinə yaraşmaz. Müxalifət adını ləkələməyin. Buraxın, xalq başına çarə qılacaq. Çəkilin xalqın önündən. Fərqli fikrə dözümlü yanaşın, ya da gedin durun iqtidarın yanında. Daha gizlində yox, açıqda".

AXCP təşkilat şöbəsinin rəhbəri Rafiq Daşdəmirov isə dünən hafta.az-a deyib ki, həmin gənclərin çıxarılması ilə bağlı hər hansı müzakirə aparılmayıb, partiyada bu barədə müzakirə olacaq: “Məsələyə Rəyasət Heyətində baxacağıq. Yalnız müzakirə aparıldıqdan sonra bu barədə danışmaq olar”.

Məsələ ilə bağlı Cavid Musazadə isə bildirib ki, onun partiyadan çıxarılması ilə bağlı yayılan məlumat həqiqəti əks etdirmir. //Musavat