|
“Yaxın hədəfimiz Milli Məclisdə təmsil olunmaqdır”

“Yeni Müsavat” “125-lər” Siyasi Klubunun təqdimatını davam etdirir. Budəfəki qonağımız klubun sədr müavini Günel Səfərovadır. Günel xanım Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Uzun illərdir vətəndaş cəmiyyəti institutlarında yerli və beynəlxalq donorların xətti ilə sosial layihələr həyata keçirir. 2015-ci il parlament seçkisinə 21 saylı Nəsimi seçki dairəsindən qatılmağa hazırlaşır.


- Günel xanım, necə oldu “125-lər”i seçdiz?

- “125-lər” bir ildir yaradılsa da ideya çoxdan vardı. İlk dəfə biz bu haqda Ümid Partiyasının sədri İqbal Ağazadə ilə 2010-cu ildə müzakirələr aparmışıq. Əslində “125-lər”ə qoşulana qədər siyasi fəaliyyətim olmayıb. Daha çox beynəlxalq qurumlarla, vətəndaş cəmiyyəti institutlarının tərkibində sosial yönümlü layihələrdə çalışmışam. Ancaq düşündüm ki, artıq miqyası bir qədər də genişləndirməyin, topladığım təcrübədən vətəndaşlar üçün daha geniş yararlanmağın zamanıdır. Klubda ortaq dəyərləri paylaşdığım insanlar toplaşdığına görə hesab elədim ki, siyasi karyeramı məhz burada qurmaq daha rahat olar.

- “125-lər”in hədəfi nədir - Milli Məclisdə təmsil olunmaq, yoxsa, demokratik prosesin iştirakçısı olmaq istəyirsiz?

- Biz düşünürük ki, demokratiya hansısa konkret hadisə - seçki, ya da inqilab deyil. Mən uzun illərdir demokratiya məsələləri ilə bağlı təlimlər keçirəm. Həmin təlimlərdə də dəfələrlə vurğulayırıq ki, demokratiya yanaşmadı, baxış bucağıdır, mədəniyyətdir. Bu gün Azərbaycan qanunlarından çıxış edib deyə bilərik ki, biz demokratik ölkədə yaşayırıq. Ancaq hamımız bilirik ki, idarəetmədə çox ciddi problemlər var. Bizim yaxın hədəfimiz Milli Məclisdə təmsil olunmaqdır. Ancaq 2015-c il seçkisi bitdisə bu, “125-lər”-in missiyasını başa vurması demək deyil. Biz uzun müddət Azərbaycandakı demokratikləşdirmə prosesinin içərisində olmaq istəyirik. Bizim təcrübəmiz gələcəkdə seçki prosesinə qoşulacaq insanlar üçün də çox yaxşı bir məktəb ola bilər. Seçki prosesinin öyrədilməsi ilə bağlı yaxşı bir ənənə yarada bilərik. Sıralarımızda 2010-cu il parlament seçkisində iştirak edən insanlar da var. Bu gün onların təcrübəsi bizim üçün olduqca faydalıdır, demək biz də gələcəkdə indiki təcrübəmizlə siyasi proseslərə yeni qoşulan insanlara fayda verə bilərik. Çox təəssüf, Azərbaycanda bu məsələ ilə bağlı çalışan qurumların fəaliyyəti dayandırılıb. Nə ABŞ-ın Milli Demokratiya İnstitutu (NDİ) var, nə Seçki Monitorinq Mərkəzi. Hər iki qurum bağlanıb, SMM-in rəhbəri Anar Məmmədli həbsdədir. Bu gün faktiki olaraq Azərbaycanda Mərkəzi Seçki Komissiyasından başqa seçki ilə məşğul olan qurum qalmayıb. Vətəndaş cəmiyyəti institutlarının ortaya alternativlər qoymasına imkan verilmir. Ümid edək ki, bu proses yaxın zamanlarda müsbət yönə istiqamətlənəcək.

“İnsanların bu gün ən böyük istəyi səlahiyyət sahiblərinin onları dinləməsidir”


- “125-lər” indi neçə nəfərdir?

- Hələlik 67. Sentyabra qədər rəqəm arta da bilər. Əslində bizim hədəfimiz 125 dairənin hamısında təmsil olunmaq deyil. 125 Milli Məclisdəki deputat sayını göstərən simvolik rəqəmdir. Təbii, biz 125 dairənin hamısında təmsil olunmaq arzusundayıq. Ancaq bu, bizim əsas hədəfimiz deyil. Məqsəd başladığımız prosesi aparıb yaxşı nəticə əldə etməkdir.

- Cəmiyyətlə yetərincə işləmək təcrübəniz var. Ölkə reallıqlarına bələdsiniz. Belə bir durumda nəticələrin ədalətli olacağına inanırsızmı? “Qutudan çıxsanız” qələbənizin tanınacağına ümidiniz varmı?

“Biz demokratik düşünən cəmiyyət qurmaq istəyirik”


- Aydındır ki, Azərbaycanda seçki, azad, şəffaf deyil. Hakimiyyətin ciddi səyləri ilə vətəndaşlar siyasi proseslərdən mümkün qədər uzaqlaşdırılıb, insanlarda seçkinin azad keçiriləcəyinə, seçki yolu ilə həyatlarının yaxşılığa doğru dəyişəcəyinə ümid qalmayıb. Bütün bunlar gerçəklikdir. Biz məhz bu durumu dəyişmək üçün siyasi mübarizəyə qoşulmuşuq. Azərbaycanın potensialı köklü dəyişikliklərə imkan verir. Biz bunun üçün bacardığımızı edəcəyik. Məqsədimiz əhalini seçkiyə gətirmək və “qutudan çıxmaq”dır. Sonra nə qərar veriləcək, nəticələr necə olacaq, onu deyə bilmərik.

- Əhalidə seçki prosesinə necə maraq oyatmağı düşünürsüz?

- İşimlə bağlı həm paytaxtda, həm də regionlarda vətəndaşlarla təmaslarım çox olur. İnsanlar həyatlarından çox narazıdır. Biz sorğular keçirəndə başlanğıcda sabitliyə görə, bir sıra infrastruktur layihələrinə görə hökuməti tərifləyənlər təhsil, səhiyyə, bank sistemi, digər sosial məsələlərlə bağlı ciddi narazılıqlarını bildirirlər. Manatın devalvasiyasından sonra insanların etirazları lap çoxalıb. 2 həftə öncə manat sabit qalacaq deyən hökumətin bir gecənin içərisində manatla bağlı belə ciddi qərar verməsi insanları qəzəbləndirib. Vətəndaş heç bir halda məmurları, seçdiyi insanları yanında görmür. Döyməyə qapısı, inanmağa kimsəsi qalmayıb. İnsanların bu gün ən böyük istəyi səlahiyyət sahiblərinin onları dinləməsidir. Milli Məclisin səlahiyyət müddətinin bitməsinə qısa bir müddət qalıb ancaq bir çox yerdə vətəndaşlar öz deputatlarını tanımır. Deputatlar yalnız seçki dönəmində öz ərazisində işləyib, seçildikdən sonra isə seçicisinin günü güzəranı ilə maraqlanmağı unudub. Seçicini də millət vəkili ilə bağlı gözləntiləri, düşüncələri yanlışdır. Hələ də çoxları düşünür ki, deputat yol çəkən, damı qırlayan, məhəlləni abadlaşdırandır. Biz vətəndaşlarla təlimlərdə bu baxışın yanlış olduğunu onlara anlatmağa çalışırıq. Təbii, deputat seçildiyi dairənin problemləri bilməlidir, onların çözümü üçün hökumətlə vətəndaş arasında vasitəçilik etməkdir. Sabah mən Milli Məclisin üzvü olsam, məgər seçicimin övladının oynadığı park sökülsə, susmalıyammı? Təbii yox... Problem çözülənə qədər seçicimin yanında olmalıyam. Millət vəkili millətin səsidir. Qanunlara görə deputatlar biznes fəaliyyəti ilə məşğul ola bilməz. Onların yalnız könüllülük prinsipi ilə ictimai fəaliyyətlə məşğul olmaq səlahiyyətləri var. Biz bəzən insanlardan soruşuruq ki, siz seçici olaraq konkret deputatın seçki dönəmində məhəlləniz üçün gördüyü işlərin hansı qaynaqlar hesabına başa gəldiyi ilə maraqlanmısınızmı? “Yox” cavabı alırıq.

"İnanırıq ki, hakimiyyət prosesə müdaxilə etməsə, seçicini seçkiyə gətirmək, normal seçki keçirmək mümkündür”


Problemlər o qədər çoxalıb, onların çözümü o qədər yubadılıb ki, insanlar bu prosesdə şəffaflıq haqqında ümumiyyətlə düşünmürlər. Bizim istəyimiz odur ki, cəmiyyətdəki bu stereotipləri dağıdaq. Əsl namizəd, əsl millət vəkili necə olmalıdır, seçiciyə onu göstərə bilək. Biz demokratik düşünən cəmiyyət qurmaq istəyirik. Biz istəyərik ki, bu ölkədə hüququ tapdalananda onu qoruya bilən vətəndaş yetişsin. Bunun üçün də bu sistemi yaradacaq mexanizmlərin yerində olmasını istəyirik. Çoxları deyir ki, bu gün ölkədə dəyişiklik mümkün deyil. İcra orqanları öz vəzifələrini yerinə yetirmir, rüşvət var, korrupsiya var, qanunlar işləmir, məhkəmələr sifarişli qərarlar çıxarır. Biz bu naqislikləri görürüksə onları bir şəkildə düzəltmək üçün nələrdənsə başlamalıyıq. Problemləri sadəcə üzə çıxarmaqla, deməklə iş bitmir, onların çözümü üçün çalışmaq gərəkdir. Biz inanırıq ki, hakimiyyət prosesə müdaxilə etməsə, seçicini seçkiyə gətirmək, normal seçki keçirmək mümkündür.

- Günel xanım, siz təlimləriniz zamanı müxtəlif yaş qrupları ilə işləyirsiniz. Orta yaşlı nəsillə gənclik arasında düşüncə fərqi varmı? Yoxsa, bütün təbəqələr siyasi proseslərə eyni dərəcədə biganədir, ümidsizdir?

“Valideynləri, yaxınları bu sistemdə çalışan, xaricdə təhsil alan xeyli sayda gənc də ölkədə demokratik dəyişikliklər etmək, Azərbaycanı daha sivil, daha azad ölkə kimi görmək istəyir”


- Yeni nəsil fərqli düşünür. Bu sistem mexanizm istər-istəməz bu gəncliyə uyğunlaşmaq məcburiyyətindədir. Valideynləri, yaxınları bu sistemdə çalışan, xaricdə təhsil alan xeyli sayda gənc də ölkədə demokratik dəyişikliklər etmək, Azərbaycanı daha sivil, daha azad ölkə kimi görmək istəyir. Ona görə də düşünürəm ki, ləng olsa da bu prosesini qarşısını tamamilə almaq mümkün deyil. Biz bu prosesi mümkün qədər sürətləndirmək istəyirik. Heç bir düşünən insan ölkəsində “müəllim yaşaya bilmirsə, getsin axşam da fəhləlik etsin” deyən deputat görmək istəmir. İnsanlar, xüsusən gənclər dəyişiklik istəyir.

“Heç bir düşünən insan ölkəsində “müəllim yaşaya bilmirsə, getsin axşam da fəhləlik etsin” deyən deputat görmək istəmir”


- Seçkiyə 21-ci dairədən qatılmağı düşünürsüz. Seçiminizin əsas səbəbi nədir?

- Bu dairədə xeyli sayda tanışlarım, qohumlarım, tələbə yoldaşlarım yaşayır. Mən araşdırmışam bu dairədə çox sayda orta və ali məktəb müəllimləri, həkimlər yaşayır. Nəzərə alsaq ki, mən özüm də xeyli müddətdir təlimlər keçməklə məşğulam müəllimliyi mənə yaxın, doğma peşə hesab etmək olar. Düşündüm ki, bu təbəqə ilə mən çox rahat anlaşa, daha ciddi nəticələr əldə edə bilərəm. Biz vətəndaşlarla işləmə mexanizmləri üzərində işləyirik. Birgə səylərimizlə effektiv bir model ortaya çıxaracağımıza şübhə etmirəm. İnsanla işləməyin elə metodunu tapacağıq ki, onlar öz həyatlarına biganə yanaşmağa son qoysunlar, imkanları daxilində siyasi proseslərə qoşulsunlar. Həyatımın heç bir dönəmində mən kabinetdə oturmamışam. Regionlar gəzmişəm, insanlarla təmaslar qurmuşam, onların günlük qayğılarını öyrənməyə çalışmışam. Bir sözlə, Azərbaycan vətəndaşının ən çox narahat edən məsələləri aydınlaşdırmağa çalışmışam. Millət vəkili seçiləndən sonra da kabinetlərə qapanmaq fikrində deyiləm. Mənim, “125-lər” Siyasi Klubundan təmsil olunan digər namizədlərin timsalında seçicilər yeni bir format görəcəklər. Biz ümid edirik ki, biz təyin olunmayacağıq, biz seçiləcəyik.

Aygün Muradxanlı