|
Həmsədrlərin son bəyanatına Bakıdan sərt etirazlar

“Minsk Qrupu Dağlıq Qarabağın Azərbaycanın əlindən alınması missiyasını davam etdirir...”

ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistan rəhbərliyinin təkcə son aylarda işğal altındakı Azərbaycan ərazilərində çıxartdıqları oyunlara seyrçi qalandan sonra nəhayət, “varlıqlarını” göstərmək istədilər. Belə ki, diplomatlar sentyabrın 8-də Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində “yerli seçkilər”in keçirilməsinə münasibət bildirməklə guya ki, tənzimlənmə prosesinə “töhfə” verdiklərini isbat etməyə çalışdılar.

Ancaq Minsk Qrupu həmsədrlərinin yaydığı bəyanat Azərbaycanda etiraza səbəb olub. Bəyanatda bildirilir ki, həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli həlli kontekstində Dağlıq Qarabağ əhalisinin öz gələcəyi barədə qərar qəbul etmək rolunu tanıyır.

Elə daha çox qıcıq yaradan məqam da budur. Bəyanatda daha sonra deyilir: “Dağlıq Qarabağ nə ATƏT-in Minsk Qrupu ölkələri, nə də digər ölkələr tərəfindən müstəqil və suveren ölkə kimi tanınır. Bu ”seçkilərin" nəticələrinə də Dağlıq Qarabağın hüquqi statusuna təsir edən amil kimi baxılmamalı, heç bir halda bu nəticələr Dağlıq Qarabağın yekun statusuna və münaqişənin davamlı və sülh yolu ilə həlli istiqamətinə yönəlmiş hazırkı danışıqların nəticələrinə xələl gətirməməlidir".

Qafar Çaxmaqlı ile ilgili görsel sonucu

Ermənişünas alim, politoloq Qafar Çaxmaqlı “Yeni Müsavat”a bildirdi ki, həmsədrlər Qarabağda keçirilən “seçkilər”ə əslində həmişəki münasibətlərini bildiriblər: “Onlar bu tədbiri gələcəkdə buranın əhalisinin ”özünütəyin haqqı" üçün növbəti addım hesab edirlər. Bu isə bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünə sayğısızlıqdır, ikinci tərəfdən isə Dağlıq Qarabağın on minlərlə azərbaycanlı əhalisini yox hesab etməkdir. Artıq bizə məlumdur ki, yeniləşmiş Madrid prinsiplərində Minsk Qrupu burada yaşayan əhali üçün referendumun keçirilməsində israrlıdır. Onların indiki bəyanatı da həmin günə hesablanıb və tədricən bu fikrin yeridilməsindən başqa bir şey deyil. Gələn il Dağlıq Qarabağda “prezident seçkiləri” olacaq. İstisna etmirəm ki, vasitəçiliyindən hələ imtina etmədiyimiz Minsk Qrupu bugünkü bəyanata bənzər bəyanat verəcəklər. Mən dəfələrlə demişəm, indi də bu fikrimdə qalıram ki, Minsk Qrupu Dağlıq Qarabağın Azərbaycanın əlindən alınması missiyasını davam etdirir".

ABŞ-da, BMT Baş Assambleyası çərçivəsində gözlənilən növbəti Qarabağ danışıqlarına gəldikdə, Q.Çaxmaqlı dedi ki, onsuz da bu görüşlər hansısa ciddi razılaşmalara səbəb olmur: “Ermənistan həmişə imitasiya ilə məşğul olur və danışıqların uzadılmasına çalışır. Onların bu məqsədə çatmasına da Minsk Qrupu yardım edir. Minsk Qrupunun fəaliyyətinə qiymət verilməli və onların anti-Azərbaycan fəaliyyəti ATƏT-in yüksək tribunalarından səsləndirilməlidir. İmtina etməyin müəyyən siyasi və diplomatik zərərləri olmaması üçün əsaslandırılmış qərar olmalıdır. Məncə, XİN bunları hazırlamalıdır”.

Ekspert onu da dedi ki, həmsədrlərin fəaliyyətindən imtina üçün bizim əlimizdə kifayət qədər arqumentlər var: “Onlardan biri də Ermənistanın ”işğalçı" adlandırılmamasıdır".

QAT sədri Akif Nağı ile ilgili görsel sonucu

QAT sədri Akif Nağı “Yeni Müsavat”a bildirdi ki,  həmsədrlərin Dağlıq Qarabağdakı son “seçkilər”lə bağlı bəyanatı bizim necə bir təhlükə qarşısında qaldığımızı bir daha nümayış etdirir: “Bunlar birmənalı şəkildə ermənilərin tezislərini bizə qəbul etdirməyə çalışırlar. Ermənilərin onlara dediklərini əzbərləyir, sonra da öz adlarından bizə çatdırırlar. Hesab edirəm ki, məntiqlə onlar Ermənistana sərt münasibət sərgiləməli, ”seçki" oyunlarını qəti şəkildə pisləməli idilər. Bunun əvəzinə çox yumşaq, əslində ermənilərin əlinə oynayan açıqlama ilə kifayətləndilər".

A.Nağı bir məqamı xüsusi olaraq vurğuladı: “Sənəddə ”Dağlıq Qarabağ əhalisinin öz gələcəyi barədə qərar vermək rolunun tanındığı" qeyd olunur. Əlbəttə, həmsədrlər burada ermənilərin rolundan, hüququndan danışırlar, bununla Ermənistanın işğalçı rolunu arxa plana keçirməyə cəhd edirlər. Biz bunu deməli və qəbul etməməliyik. Məsələnin başqa tərəfini demək istəyirəm. Onlar “Dağlıq Qarabağ əhalisi” ifadəsi işlədirlər. Deməli, orada yaşamış azərbaycanlılar da nəzərdə tutulmalıdır, onların haqqı nəzərə alınmalıdır. Azərbaycan bu mövqeni sərt və davamlı şəkildə ortaya gətirməlidir. Həmsədrlərin buraxdıqları “quşlar”dan da istifadə etməyi bacarmalıyıq".

Hələlik rəsmi Bakı Minsk Qrupu həmsədrlərinin bəyanatına reaksiya verməyib.