|
Dövlət bütün bitkilərə görə subsidiya ödəyəcək - şərtlər

Kənd Təsərrüfatı Nazirliyindən fermerləri sevindirən qərar

Kənd Təsərrüfatı Nazirliyi aqrar məhsul istehsalına görə veriləcək əkin subsidiyasının hesablanması üçün zəruri olan  əmsalları müəyyənləşdirib. Nazirlikdən “Yeni Müsavat”a verilən məlumata görə, bununla bağlı qərar Aqrar Suvsidiya Şurasının avqustun 29-da keçirilən iclasında qəbul edilib. Qərar prezident İlham Əliyevin iyunda imzaladığı “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması qaydası”nda nəzərdə tutulan mexanizmin tətbiqi məqsədi daşıyır. Əmsallar əkin sahəsinə görə müəyyənləşdirilmiş baza məbləği olan 200 manata tətbiq ediləcək. Bu subsidiya bitkiçilik üzrə indiyədək verilən bütün növ subsidiyaları (yanacaq-motor yağları, gübrə və sair) əvəz edəcək.

Bununla bağlı keçirilən mətbuat konfransında kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev yeni qaydaları aqrar sektorda inqilabi addım kimi qiymətləndirdi. Bildirdi ki, hər bir bitki növü üzrə əmsallar elmi-təqiqat institutları tərəfindən aparılmış tədqiqat və analizlərin nəticələri əsasında müəyyənləşdirilib. Prezident tərəfindən təsdiqlənmiş qaydalara əsasən əmsallara hər il yenidən baxılacaq, zərurət yarandığı təqdirdə dəyişikliklər olunacaq.

Gələn ildən etibarən Azərbaycan fermerləri becərdikləri demək olar ki, bütün bitkiçilik məhsullarına görə dövlətdən dəstək alacaqlar. Bu şərtlə ki, əkinlər yaşayış məntəqələrindən kənarda həyata keçirilmiş olsun.

Qərara əsasən, fermerlərə subsidiya verilməsi üçün müxtəlif bitki növləri üzrə əkin əmsalları müəyyən edilib. Həmin əmsallar baza məbləğinə (200 manat) vurulacaq və bu yolla əkin subsidiyalarının məbləği müəyyən ediləcək. Beləliklə, buğda üzrə əmsal 1 müəyyən edilib. Bu o deməkdir ki, buğda əkən fermerlər hər hektar əkin sahəsinə görə dövlətdən 200 manat subsidiya alacaqlar.

Çəltik istehsalçılarına isə hər hektar əkin sahəsinə görə 280 manat subsidiya ödəniləcək. Bu bitki üzrə əkin əmsalı 1,4-dür. Amma bütün çəltik əkənlər subsidiya ala bilməyəcək. Bu imtiyazdan yalnız Ağdaş, Ağsu, Astara, Biləsuvar, Göyçay, Lənkəran, Masallı, Salyan, Samux, Ucar, Yevlax, Şəki və Zərdab rayonlarında çəltik əkənlər faydalanacaq. Yəni məhz bu rayonlarda çəltikçiliyin inkişaf etdirilməsi qarşıya məqsəd kimi qoyulub.

Soya və sorqo istehsalçıları üçün isə hər hektar əkin sahəsinə görə subsidiyanın məbləği müvafiq olaraq 260 manat və 100 manat olacaq. Bu bitkilər üzrə əkin əmsalları 1,3 və 0,5-dir.

Digər dənli və dənli paxlalılar (arpa, çovdar, darı, vələmir, noxud, mərci və s.) üçün isə əkin əmsalı 0,8 müəyyən edilib. Yəni bu bitkiləri becərənlər hər hektar əkin sahəsinə görə 160 manat subsidiya alacaqlar.

Qarabaşaq və yer fındığı istehsalçılarına isə hər hektar əkin sahəsinə görə 180 manat subsidiya veriləcək. Bu bitkilər üzrə əkin əmsalları 1,8-dir.

Zəfəran istehsalçılarını hər hektar əkin sahəsinə görə 400 manat subsidiya gözləyir. Bu bitki üzrə əkin əmsalı 2-dir.

Günəbaxanın hər hektarına görə aqrar istehsalçılar 200 (əmsal 1) manat, tütünə və şəkər çuğunduruna görə 280 (əmsal 1,4), bostan bitkiləri və pambığa görə 220(əmsal 1,1), kartof və tərəvəzə görə 240 (əmsal 1,2), digər bitkilərə görə 100 (əmsal 0,5) manat alacaqlar.

Üzüm sahəsinə görə bağın salındığı ilk 4 ildə hər hektara görə istehsalçı 600 manat(əmsal 3), ondan sonra isə 240 manat(əmsal 1,2) manat alacaq. Bu, 2019-cu ildən etibarən salınan bağlara aiddir. Ona qədər salınan bağlara görə 240 manat subsidiya veriləcək.

Çay plantasiyasının salındığı ilk 7 ildə hər hektara 700 manat  (əmsal 3,5), ondan sonra isə 240 manat (əmsal 1,2), intensiv meyvə bağlarına (qərzəklilər istisna olmaqla) ilk 4 il ərzində 800 manat (əmsal 4), sonra 240 manat (əmsal 1,2), intensiv qərzəkli meyvə bağlarına ilk 4 ildə 400 manat (əmsal 2), sonra 240 manat (əmsal 1,2), digər meyvə bağlarına 240 manat (əmsal 1,2), giləmeyvəlilərə 200 manat(əmsal 1) dövlət dəstəyi ödəniləcək.

Aqrar sektorda intensiv genişlənmə stimullaşdırılır

Qərarda diqqəti cəlb edən əsas məqamlardan biri budur ki, dövlət intensiv texnologiyaların tətbiqini stimullaşdırır. Belə ki, Aqrar Subsidiya Şurasının qərarına əsasən, intensiv meyvə bağlarına damcı suvarma sistemi ilə təmin olunmuş aşağıdakı bağlar aid edilir:

- alma, armud, gilas (albalı), gavalı, şaftalı (nektarin), ərik, alça və badam bitkiləri üzrə 1 hektara minimum 650 ədəd vegetativ calaqaltı tingin əkildiyi bağlar;

- xurma və nar bitkiləri üzrə 1 hektara minumum 450 ədəd tingin əkildiyi bağlar;

- limon, portağal, naringi və feyxoa bitkiləri üzrə 1 hektara minimum 650 ədəd tingin əkildiyi bağlar;

- fındıq bitkisi üzrə 1 hektara minimum 330 ədəd ocağın olduğu bağlar;

- əzgil, zoğal, iydə, əncir, qoz, zeytun və digər  bitkilər üzrə 1 hektara minimum 330 ədəd tingin əkildiyi bağlar.

Üzüm və intensiv meyvə bağları üzrə subsidiyalar 2019-cu ildən başlayaraq salınmış bağlara şamil ediləcək. Digər meyvə bağlarına görə əkin subsidiyası 1,2 əmsalı üzrə veriləcək. Subsidiya veriləcək digər meyvə bağlarında 1 hektara əkilmiş tinglərin minimum sayının 90 ədəd olması şərti müəyyənləşib.

Rayonlar üzrə ixtisaslaşma dəstəklənir

Qərarda daha bir mühüm məqam bir çox bitkilər üzrə dövlət dəstəyinin konkret rayonlara tətbiq olunmasıdır. İ.Quliyevin dediyinə görə, Aqrar Subsidiya Şurasının qərarına əsasən çəltik üzrə əkin əmsalı Ağdaş, Ağsu, Astara, Biləsuvar, Göyçay, Lənkəran, Masallı, Salyan, Samux, Ucar, Yevlax, Şəki və Zərdab rayonlarına şamil edilir, digər rayon və şəhərlər üzrə əmsal 0-a bərabər qəbul olunur.

Pambıq üzrə əkin əmsalı Ağcabədi, Ağdam, Ağdaş, Ağsu, Beyləqan, Bərdə, Biləsuvar, Cəbrayıl, Cəlilabad, Füzuli, Goranboy, Hacıqabul, İmişli, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Samux, Tərtər, Ucar, Yevlax və Zərdab rayonlarına şamil edilir, digər rayon və şəhərlər üzrə 0-a bərabər qəbul olunur.

Tütün üzrə əkin əmsalı Ağstafa, Balakən, Gədəbəy, Goranboy, İsmayıllı, Lerik, Masallı, Oğuz, Qax, Qazax, Qəbələ, Şəki, Tovuz, Yardımlı və Zaqatala rayonlarına şamil edilir, digər rayon və şəhərlər üzrə 0-a bərabər qəbul olunur.

Fındıq üzrə əkin əmsalı Ağstafa, Balakən, Zaqatala, Xaçmaz, Qax, Qəbələ, Quba, Şəki, Oğuz, Qusar, Qazax, Şabran və İsmayıllı rayonlarına şamil edilir, digər rayon və şəhərlər üzrə 0-a bərabər qəbul olunur.

Çay üzrə əkin əmsalı Astara, Lənkəran, Masallı və Zaqatala rayonlarına şamil edilir, digər rayon və şəhərlər üzrə 0-a bərabər qəbul olunur.

Bu, rayonların konkret bitkilər üzrə ixtisaslaşması, iqlim və torpaq ehtiyatlarının imkanlarına uyğun bitkilərin əkilməsinin stimullaşdırılması deməkdir. Eyni zamanda bu mexanizm şərait olmayan rayonlarda məcburən bu və ya digər bitkinin əkilməsinin qarşısını alacaq.

Aqrar Subsidiya Şurası emal müəssisələrinə təhvil verilən pambığın hər tonuna 100 manat, quru tütünün hər tonuna 50 manat, yaş tütünün hər tonuna 5 manat, şəkər çuğundurunun hər tonuna 4 manat subsidiya ödənilməsi barədə qərar qəbul edib.

Aqrar Subsidiya Şurası həmçinin 2020-ci ildə toxum əmsalları və toxum subsidiyasının məbləği, toxum kvotası, tinglər üzrə illik kvota, toxum subsidiyasının hesablanması üçün istifadə ediləcək əkin ehtiyacları (istifadələrində olan torpaq sahələrinin hər hektarına görə fermerlərə satılan 1-ci və 2-ci reproduksiyalı toxum və tinglərin miqdarının yuxarı həddi) barədə də qərar qəbul edib.

İstixanalara subsidiya verilməyəcək

Qeyd edək ki, açıqlanan əmsallar üzrə subsidiyaların verilməsinə 2020-ci ildən başlanacaq. Həmin ildən subsidiyalar yalnız Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi üzərindən veriləcək.

Nazir müavini deyir ki, subsidiya hüquqi formasından asılı olmayaraq, bütün aqrar istehsalçılara veriləcək: “Yəni burada fərq qoyulmayacaq ki, bu böyük şirkətdir, bu kiçik fermerdir. Dövlət bütün istehsalçıları dəstəkləyəcək. Hesablamalarımıza görə, 2020-ci ildə yeni qaydalarla veriləcək subsidiyaların ümumi həcmi bu ilki səviyyədə olacaq. Xatırladım ki, bu il aqrar istehsalçılara 292 milyon manat subsidiyanın verilməsi nəzərdə tutulur. Biz çalışırıq ki, gələn ilki məbləğ bu çərçivədə olsun. Ola bilər ki, müəyyən azalma baş versin, amma yuxarı olması gözlənilmir”.

İ.Quliyevin dediklərindən o da aydın oldu ki, heyvandarlıq üzrə subsidiya məbləğləri dəyişməyib: süni mayalanma ilə əldə olunmuiş hər buzova görə 100 manat, hər arı ailəsinə görə 10 manat subsidiya ödəniləcək. İstixanalara isə dövlət tərəfindən hər hansı dəstəyin verilməsi nəzərdə tutulmur.

Konfransda verilən məlumata görə, subsidiyaları aqrar istehsalçılara “Kapitalbank” çatdıracaq. İ.Quliyev deyir ki, bu bank bütün rayonlarda filialları olduğuna görə seçilib. Subsidiya üçün bank xüsusi kart tətbiq edəcək, kartlar fermerlərə pulsuz veriləcək.

Fermerlər aldıqları subsidiyanın yalnız 25 faizini nağdlaşdırıb xərcləyə biləcəklər. Qalan 75 faiz yalnız köçürmə yolu ilə xərclənməlidir. İstehsalçının istəyi ilə ona çatacaq subsidiya müvəkkil banklardan götürmüş olduğu kreditin ödənişinə yönəldilə bilər.