Son dövrlərdə aparılan abadlıq-quruculuq işləri çərçivəsində paytaxtımız günü-gündən gözəlləşir. Artıq Bakı gözəlliyi ilə dünyanın heç bir paytaxt şəhərindən geri qalmır, əksinə çoxlarından irəlidədir. Xətai rayonunda da vətəndaş məmnunluğunu əldə rəhbər tutaraq, sakinlərin istək və arzularına uyğun olaraq tərtib olunmuş tədbirlər planı əsasında təxirəsalınmaz abadlıq, quruculuq, yaşıllaşdırma tədbirləri həyata keçirilir.
BAKI ŞƏHƏRİ İCRA HAKİMİYYƏTİNİN TƏQDİM ETDİYİ LAYİHƏ ƏSASINDA Məhəmməd Hadi və Sarayevo küçələrində yolboyu yerləşən qeyri-qanuni qoyulmuş və yöndəmsiz köşklər müvafiq texnikalar vasitəsilə götürülərək ərazidən kənarlaşdırılır. Köşklərin yerləşdiyi ərazilər abadlaşdırılaraq sakinlərin rahat gediş-gəlişi təmin edilir. Adları çəkilən küçələrdə səkilər, işıqlandırma sistemləri bərpa olunur, iaşə obyektlərinin qarşısı abadlaşdırılır, küçə və prospekt boyu ərazilərdə ağacların budanması, yaşıllıq zolaqlarının bərpası və yenilərinin salınması, onlara aqrotexniki xidmət göstərilməsi üçün yeni su xətlərinin çəkilməsi işləri də həyata keçirilir. Həmçinin küçəboyu mövcud olan məişət obyektlərinin fasadları da təmir edilərək küçənin daha müasir və estetik görkəm alması üçün müvafiq tədbirlər görülür.
Neapol və General Mehmandarov küçələrində də yol infrastrukturunun yenidən qurulması davam etdirilir. Hazırda qeyd olunan ərazilərdə yaşıllıq zolaqları bərpa olunur, ağaclar budanır, onlara aqrotexniki qulluq edilir, yaşıllıq zolaqlarının və ağacların sulanması üçün su xətləri çəkilir. Yolboyu yerləşən məişət obyektlərinin fasadlarının rənglənməsi və abadlaşdırılması işləri həyata keçirilir. Sakinlər tərəfindən qeyri-qanuni zəbt edilərək hasarlanmış ərazilərdə çəpərlərin və yöndəmsiz tikililərin söküntüsü başa çatdırılmış, insanların istirahətini təmin etmək üçün həmin ərazidə söhbətgahlar quraşdırılmışdır.
Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən rayon İcra Hakimiyyəti başçısının birinci müavinicənab Rafiq Quluyevin gündəlik nəzarəti altında mütəmadi olaraq aparılan abadlıq-quruculuq işləri indiyədək rayonun Ramiz Quliyev - 2, Zığ yolu - 4 və 5 ünvanlarını, Nobel prospektini, Cavanşır, Y.Səfərov, Zığ yolu, Lütfizadə və s. küçələrini də əhatə edib. “Nargilə” dairəsi yaxınlığında Zığ yolu - 3 saylı ünvanda növbəti uşaq əyləncə parkında işlər başa çatmaq üzrədir. Bu məqsədlə sözügedən ünvandakı binanın yaxınlığında mövcud yaşıllıq zonası bərpa edilərək ərazidəki ağaclar budanmış, park müasir tipli işıqlandırma sistemi ilə təchiz edilmişdir. Görülən işlər çərçivəsində ağaclara və yaşıllıqlara aqrotexniki xidmət göstərilməsi üçün yeni su xətti çəkilmiş, sakinlərin istirahətini təmin etmək üçün oturacaqlar və balaca sakinlərin əylənməsi üçün idman və əyləncə qurğuları quraşdırılmışdır.
Rayonun Zığ yolu küçəsi ilə Gəncə prospektinin kəsişməsində və C.Naxçıvanski adına Hərbi Liseyin qarşısında yerləşən yaşıllıq zolağının əsaslı şəkildə yenidən qurulması işləri artıq başa çatmışdır. Xatırladaq ki, bir müddət əvvəl rayonun Naximov, Cavanşir və Neapol küçələrində eyni işlər görülmüşdür. Xüsusən də Cavanşir küçəsində uzun müddət baxımsız qalmış böyük bir ərazi qısa müddət ərzində qanunsuz çəpərləmələrdən və məişət tullantılarında təmizlənmiş, əraziyə minlərlə ağac, dekorativ güllər və kollar əkilmişdir.
İNSANLARIN DİQQƏTİNİ YAŞILLIQLARIN QORUNMASINA YÖNƏLTMƏK RAYON İCRA HAKİMİYYƏTİNİN DAİM DİQQƏT MƏRKƏZİNDƏDİR
Xətai rayonunda ağac əkməklə ekoloji balansın bərpasına, təbii mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, insanların diqqətini yaşıllıqların qorunmasına yönəltmək rayon İcra Hakimiyyətinin daim diqqət mərkəzindədir. Bu məqsədlə son dövrlər keçirilən silsilə tədbirlər nəticəsində rayon ərazisində minlərlə ağac əkilmiş, park və abad həyətlər salınmışdır.Vaxtaşırı ümumrayon iməciliklərləri keçirilir. Ətraf mühitin təhlükəsizliyi və insanların sağlamlığının qorunmasına xidmət edən beləaksiyalar zamanı küçələr məişət tullantılarından təmizlənir, yay mövsümünə xas olan yanğın təhlükəsi yaradan quru otlar yığılaraq ərazidən daşınıb, ağaclara qulluq göstərilib. Bu aksiyalarda rayonun idarə və təşkilatları, könüllülər, fəal gənclər, yüzlərlə insan iştirak edir.
"BIZİM HƏYƏT" LAYİHƏSİ UĞURLA HƏYATA KEÇİRİLİR
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən, təmirsiz həyətlərin abadlaşdırılmasına yönəlmiş "Bizim həyət" layihəsi uğurla davam edir. “Bizim həyət” layihəsinin əsas məqsədi Bakı həyətlərinin ekoloji cəhətdən təmiz və abad edilməsi, şəhər ekologiyasının sütununu təşkil edən yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.
Abadlaşdırılan həyətlərdə əlil və sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması və gənclərin asudə vaxtlarını səmərəli keçirmələri məqsədilə mini futbol və şahmat meydançaları, idman qurğuları, söhbətgahlar və oturacaqlar quraşdırılır. Bu cür meydançaların salınmasında əsas məqsəd gənclərin sağlam həyat tərzi sürmələrinə, sağlamlıqlarını möhkəmləndirmələrinə, asudə vaxtlarını səmərəli keçirmələrinə, o cümlədən onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılmasına nail olmaqdır.
İndiyədək rayonun İlqar Zülfüqarov, Məhəmməd Hadi küçələri 107, 109, 111, 113 ünvanlarında 2 min nəfərə yaxın sakinin yaşadığı doqquzmərtəbəli dörd binanın əhatəsində, Lütfizadə küçəsi 10, Sarayevo küçəsi 19 və M.Rüstəmov küçəsi 19-21 saylı binaların qarşısında, Gəncə prospekti 73, 75, 77 və 79 saylı binaların arasında, Naximov küç. 30 ünvanında 1500 nəfər sakinin yaşadığı binaların əhatəsində, Məzahir Rüstəmov küçəsi, 12 ünvanında 1200 nəfərə yaxın sakinin yaşadığı binaların əhatəsində, Zığ yolu, 9 ünvanında 1200 nəfər sakinin yaşadığı binaları əhatəsində, ümumilikdə isə rayon ərazisində 30-a yaxın nümunəvi həyət salınıb. Qeyd olunan ərazilərdə insanların ümumi istifadəsi üçün nəzərdə tutulmuş, lakin bəzi vətəndaşlar tərəfindən qanunsuz olaraq zəbt edilərək hasarlanmış yaşıllıq zolaqları, uzun müddət baxımsız qalmış, məişət və tikinti tullantıları ilə çirkləndirilmiş ərazilər quru otlardan, hasarlardan təmizlənir, qanunsuz tikililər sökülür, ağaclar budanır. Həmçinin pilləkənlər bərpa edilir, ərazinin relyefi nəzərə alanaraq təhlükəsizliyi təmin etmək məqsədilə dəmir məhəccərlər quraşdırılır.
Onu da qeyd edək ki, layihə çərçivəsində abadlaşdırılan həyətlərin istifadəyə verilməsində bəzən Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın özünün şəxsən iştirak etməsi rayon sakinləri tərəfindən böyük coşqu ilə qarşılanır.
MÜASİRLƏŞDİRMƏYƏ XİDMƏT EDƏN LAYİHƏLƏR SAHİBKARLARLA MÜZAKİRƏ OLUNUR
Xətai rayon İcra Hakimiyyətində rayon rəhbərliyinin, rayon və qəsəbə bələdiyyələrinin məsul şəxslərinin, xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə abadlaşdırma işlərinin aparıldığı küçələrdə fəaliyyət göstərən sahibkarlarla görüş keçirilir. Belə görüşlərdə Bakı Şəhər İcra Hakimiyyətinin də nümayəndələri olur. Ticarət və xidmət obyektlərinin sahibləri ilə küçənin ümumi estetik görünüşünü təmin etmək və müasir standartlara uyğunlaşdırmaq məqsədi ilə təklif olunan layihələrin müzakirələri aparılır.
Məlum olduğu kimi, Nizami rayonunda yerləşən “Diqlas” Ticarət Mərkəzində baş vermiş yanğın hadisəsi ilə əlaqədar keçirilmiş müşavirədə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin çıxışında qarşıya qoyulan vəzifələrin icrası ilə əlaqədar icra başçısının 01 aprel 2019-cu il tarixli, 66 saylı Sərəncamı ilə yaradılmış komissiya tərəfindən 01-08 aprel 2019-cu il tarixlərdə rayon ərazisində fəaliyyət göstərən ticarət, xidmət mərkəzlərinə baxış keçirilmiş, mütəxəssislərin iştirakı ilə ticarət mərkəzlərində yanğın xəbərverici siqnalizasiya sistemlərinin, illik yanğınsöndürmə avadanlıqlarının mövcudluğu və yanğınsöndürmə nəqliyyat vasitələrinin mövcudluğu və yanğınsöndürmə nəqliyyat vasitələrinin obyektlərə yaxınlaşması imkanlarının monitorinqi aparılmışdır. Rayon ərazisində müxtəlif ünvanlarda istismar müddətini başa vurmuş yaşayış binalarında, müxtəlif təyinatlı ticarət və sosial obyektlərində yanğın təhlükəsizliyinin təmin olunması, baş verə biləcək yanğın hadisələrinə şərait yaradan amillərin qabaqçadan müəyyən edilərək aradan qaldırılması məqsədilə bəzi obyektlərə baxış keçirilmiş, aşkar olunan faktlar barəsində obyekt sahiblərinə və yaşayış binalarının balanssaxlayıcı təşkilatlarına müraciətlər olunmuşdur. Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı Qərarına uyğun olaraq sakinlərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə tikinti şirkətləri ilə qəzalı binaların sakinləri arasında müqavilələr bağlanılmış, əhali müvəqqəti olaraq şirkət tərəfindən haqqı öqənilməklə kirayə mənzillərə köçürülmüş və qəzalı binalar sökülmüşdür. Hazırda rayon ərazisində 5 ünvanda “pilot layihə” üzrə çoxmənzilli binaların tikinti işləri davam etdirilir. Tikinti şirkətləri ilə bağlanmış müqavilələrə əsasən sakinlər sökülmüş mənzillərin müqabilində yeni binalarda orta hesabla 20%-30 % əlavə sahə əldə etməklə tam təmirli mənzillərlə təmin olunacaqdır. Rayon rəhbərliyi tikinti şirkətlərinin sahibkarları ilə bu müstəvidə mütəmadi iş aparır.
MƏİŞƏT TULLANTILARININ YIĞILMASI VƏ DAŞINMASI İŞİ TƏKMİLLƏŞDİRİLİR
Rayonda məişət tullantılarının yığılması və daşınmasının təkmilləşdirilməsi məsələsi İcra Hakimiyyətinin diqqət mərkəzindədir. Bu məqsədlə vaxtaşırı olaraq rayon icra hakimiyyəti başçısının müavinləri, şöbə müdirləri, qəsəbə və ərazi inzibati dairələri üzrə başçının nümayəndələri, rayon və qəsəbə bələdiyyə sədrləri, Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi aparatının, Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin Mənzil İstismar Sahələrinin, eləcə də Xüsusi təyinatlı MİS rəhbərlərinin iştirakı ilə operativ müşavirələr keçirilir.
Müşavirələrdə rayon ərazisində məişət tullantılarının yığılması və daşınmasının vəziyyəti müzakirə edilir. Bu sahədə nöqsanlara yol vermiş vəzifəli şəxslər töhmətlənir, mövcud olan neqativ halların aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verilir.
Cənab Rafiq Quluyev özünün sədrliyi ilə keçirilən bu müşavirələrdə “Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018–2022-ci illər üçün Milli Strategiya” ilə bağlı rayonun texniki imkanlarından səmərəli istifadə olunaraq, ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın qorunması, sanitar normalara riayət edilməsi və digər zəruri tədbirlərin daha ciddi şəkildə davam etdirlməsi istiqamətində işlərin gücləndirilməsi, sakinlər arasında maarifləndirmə işinin artırılması ilə bağlıgöstərişlər verir.
RAYON RƏHBƏRLİYİ SAKİNLƏRİ "AÇIQ MİKROFON"DA DİNLƏYİR
Xətai rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, başçının birinci müavini Rafiq Quluyev Prezident İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq "Açıq mikrofon" layihəsi çərçivəsində vətəndaşlarla görüşür. Bu görüşlərdə sakinlərin şikayət və təklifləri dinlənilir. Müraciətlərin əsasını çoxmərtəbəli binaların dam ortüklərinin yenilənməsi və fasadlarının təmiri, uşaqların asudə vaxtının səmərəli təşkili üçün binaların həyətlərində oyun meydançalarının yaradılması, məhəllədaxili küçələrin asfaltlanması, işlə təminat kimi məsələlər təşkil edir. Səsləndirilən bir çox problemlər yerindəcə öz həllini tapıb. Bir sıra müraciətlər isə araşdırılması üçün qeydiyyata alınır.
AZƏRBAYCAN AVTOMOBİL YOLLARI DÖVLƏT AGENTLİYİ TƏRƏFİNDƏN XƏTAİ RAYONU ƏRAZİSİNDƏ KOMPLEKS TƏDBİRLƏR HƏYATA KEÇİRİLİR
İşlər əsasən uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan, hazırda yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, torpaq əsaslı, çınqıl örtüklü və ümumi istifadədə olan, sərnişin avtobusların hərəkət etdiyi, sosial obyektlərin yerləşdiyi küçə və yollarda aparılır. Cari ilin əvvəlindən rayon üzrə start verilən təmir-tikinti işləri çərçivəsində artıq 2 km uzunluğa malik 2 küçənin 40 min kv.m-dən çox sahəsində təmir-tikinti işləri aparılaraq yekunlaşdırılıb. Bu uzunluğu 0.8 km, köməkçi yolları ilə barabər ümumi eni 44 metr olan Neapol küçəsi və 1.2 km uzunluğunda, 6 metr enində olan “NZS” qəsəbəsinin Levanovski küçəsidir.
Sadalanan küçələr boyu zəruri yerlərdə deformasiyaya uğramış yararsız qrunt qazılıb çıxarılıb, əks dolğu işləri aparılmaqla kipləşdirmə işləri görülüb, küçələr profilə salınıb, zəruri yerlərdə optimal qum-çınqıl qarışığından yol əsası işlənilib və bunun ardınca asfaltlanma işləri aparılıb, yeraltı kommunikasiya xətlərinin baxış qapaqları layihə hündürlüyünə qaldırılıb, yağış barmaqlıqları yenilənib, mövcud piyada səkiləri bərpa olunub, yol ayrıcı inşa olunub.
Hazırda isə təmir-tikinti işləri Xətai rayonu üzrə ümumi uzunluğu 5.2 km olan 3 küçələrdə təmir-tikinti işləri davam etdirilir. Təmir olunan ərazinin sahəsə 80 min kv.m-ə yaxındır. Bu 3.2 km uzunluğa, 19 metr enə malik Mehmandarov küçəsi, həmçinin “NZS” qəsəbəsinin 900 metr uzunluğunda olan Aşıq Qurban və 1.1 km uzunluğunda olan Mingəçevir küçələridir.
Sözügedən küçələr ümumi istifadədə olan, hazırda yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, həmçinin torpaq əsaslı və çınqıl örtüklü küçələrdir ki, xüsusən payız-qış mövsümündə küçələrlə vətəndaşların hərəkətində problemlər yaşanırdı. İşlərin aparılması ilə bu problemlər aradan qalxır.
Belə ki, sadalanan küçələr boyu zəruri yerlərdə deformasiyaya uğramış yararsız qrunt qazılıb çıxarılır, əks dolğu işləri aparılmaqla kipləşdirmə işləri görülür, küçələr profilə salınır, zəruri yerlərdə optimal qum-çınqıl qarışığından yol əsası işlənilir və bunun ardınca asfaltlanma işləri aparılır.
İşlərin yekunlaşması ardıcıllığına uyğun olaraq Xətai rayonu üzrə digər küçə və yollarda işlərin davam etdirilməsi nəzərdə tutulur. Belə ki, yaxın müddət ərzində 8 km-ə yaxın uzunluğa malik 6 küçənin təqribən 90 min kv.m sahəsində təmir-tikinti işlərinə start veriləcək. Bu “NZS” qəsəbəsində 2 km uzunluğa malik Süleyman Əhmədov və Oqtay Vəliyev küçələri, Əhmədli qəsəbəsində 3 km uzunluğa malik Şahin Səmədov, “7-ci qəsəbə küçəsi” və Aşıq Ələsgər küçələri, həmçinin 2.8 km uzunluğunda olan Naximov küçəsidir.
Təmiri aparılan və nəzərdə tutulan küçələr Xətai rayonunda vətəndaşların əsas istifadə etdiyi yollar olduğu üçün təmir-bərpa işlərinin aparılması gediş-gəlişin rahatlaşmasına, sərnişindaşımanın daha da asanlaşmasına gətirib çıxarır.
Bütün işlər AAYDA-nin rəhbərliyinin nəzarəti altında tərtib olunmuş qrafikə uyğun şəkildə aparılır. İşlərin vaxtında yekunlaşdılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilir.
***
Aydın məsələdir ki, Xətai rayonunda həndəsi silsilə ilə həyata keçirilən bütün bu sadaladığımız mütərəqqi tədbirlər müasirləşməyə, modernləşməyə, insanların rahatlığının təmin olunmasına xidmət edir. Lakin, yaşıllıq zolaqlarını qanunsuz olaraq zəbt edərək hasarlamış olan bəzi vətəndaşlar, inşa etdikləri yöndəmsiz tikililəri indi sökülən sakinlər aparılan abadlaşdırma işlərinə qarşı çıxır, rayon icra hakimiyyətinin ünvanına əsassız ittihamlar səsləndirirlər. Təəssüflər olsun ki, bəzi kütləvi informasiya vasitələri onlara tribuna verir, heç bir araşdırma aparmadan Xətai rayon rəhbərliyinə və RİH-nin tərəf müqabillərinə qarşı aparılan qarayaxma kampaniyalarına informasiya dəstəyi göstərirlər. Belələrinə üzümüzü tutub deyirik: "Qara Şəhər"in "Ağ Şəhər"ə çevrilməsi zamanın tələbidir və bu prosesi heç bir destruktiv qüvvə dayandıra bilməz!
Məhsud Səfəroğlu

















