İqbal Ağazadə və Elçin Mirzəbəyli Azərbaycanla Avropa İttifaqı arasında bağlanacaq sazişdən sonra keçirilə biləcək seçkilər haqda nələr dedilər...
Cari ildə parlament seçkilərinin keçiriləcəyi barədə aylardır davam edən müzakirələr yay fəsli girər-girməz səngidi. Ortada, sadəcə, bəzi ehtimallar qalır. Ehtimallardan biri ondan ibarətdir ki, Azərbaycanla Avropa İttifaqı arasında bağlanacaq sazişdən sonra yeni seçkilər təyin olunacaq. Sazişin isə bu ilin sonlarına qədər bağlanacağı gözlənilir.
Ehtimallardan biri də odur ki, bu dəfə qanunverici orqanda ciddi dəyişikliklər olacaq. Əsas müxalif fiqurlarından sayılan bəzi şəxslər mandat alacaq..
Ümid Partiyasının sədri İqbal Ağazadə ehtimallara bu cür şərh verdi: “Parlament seçkilərini gələn ilin noyabrında gözləyirəm. İndidən nəyinsə olacağını demək çox tezdir. Kimin parlamentə buraxılıb-buraxılmayacağını kimsə deyə bilməz. Biz demokratik seçkilərin keçirilməsini istəyirik.

Hamının haqqı tanınmalı, qalib gələnlər parlamentdə təmsil olunmalıdır. Kiminsə hansısa camiədən olmasının bizim üçün fərqi yoxdur. İnsanların verdiyi səslərlə kim qalib gəlirsə, qələbəsi tanınmalıdır. Açığı, seçkilərin başqa tərəfləri məni maraqlandırmır. Kimin buraxılıb-buraxılmayacağı barədə heç düşünmək belə istəmirəm”.

BAXCP sədrinin müavini, politoloq Elçin Mirzəbəyli seçkilərin bu il baş tutmayacağına əmindir: “Bu il Azərbaycanda parlament seçkilərinin keçiriləcəyi ilə bağlı yayılan məlumatların əsasında hansı amillərin dayandığını söyləmək çox çətindir. Bununla bağlı müxtəlif fərziyyələr irəli sürmək olar. Ola bilsin ki, kimlərsə uzaq hədəflərini yaxınlaşdırmaq, fəaliyyətlərini stimullaşdırmaq istəyib. Amma məlum olduğu kimi, bu məlumatlar öz təsdiqini tapmadı və bunun üçün əsas olmadığı bildirildi. Qeyd edim ki, Azərbaycan Konstitusiyasının 98-ci maddəsinin I hissəsinə uyğun olaraq, Milli Məclisin eyni çağırışı bir il ərzində iki dəfə Nazirlər Kabinetinə etimadsızlıq göstərdikdə və ya Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin və Mərkəzi Bank İdarə Heyətinin kollegial fəaliyyəti üçün zəruri olan sayda üzvlüyə namizədləri Prezident tərəfindən iki dəfə təqdim edildikdən sonra, bu Daxili Nizamnamənin 26-cı maddəsinin birinci hissəsində müəyyən edilmiş müddətdə təyin etmədikdə, habelə Konstitusiyasının 96-cı maddəsinin II, III, IV və V hissələrində, 97-ci maddədə göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra etmədikdə ölkə prezidenti Milli Məclisi buraxır. 5-ci çağırış ərzində Milli Məclisin buraxılmasına əsas verən sadaladığım halların heç biri baş verməyib. Məsələnin vaxtla bağlı tərəfinə gəldikdə isə, bu il dekabrın 27-də bələdiyyələrə seçkilər keçiriləcək. Namizədlərin irəli sürülməsi, qeydə alınması, eləcə də təbliğat-təşviqat prosesinə isə, çox güman ki, oktyabrın 20-dən sonra start veriləcək. Məsələnin digər hüquqi və hazırlıqla bağlı olan tərəflərini nəzərə alsaq, dairə və məntəqə seçki komissiyalarının fəaliyyətinin təmin olunması üçün də kifayət qədər vaxt lazımdır. Yəni 2019-cu ildə Azərbaycanda parlament seçkilərinin keçirilməsi üçün vaxt qalmır.
2020-ci ildə isə onsuz da Milli Məclisə seçkilər keçiriləcək. Avropa İttifaqı ilə sazişin isə parlament seçkiləri ilə hər hansı bir əlaqəsinin olduğunu düşünmürəm. Bunu düşünmək üçün hər hansı tutarlı, inandırıcı arqument də yoxdur. Bütün bunları ümumiləşdirdikdən sonra birmənalı şəkildə deyə bilərik ki, 2019-cu ildə Milli Məclisə seçkilər ona görə keçirilməyəcək ki, seçkinin keçirilmə vaxtı qanunvericiliklə 2020-ci ilə təsadüf edir. Parlament seçkilərinin nəticələrini səsvermə müəyyənləşdirir. Bundan kənarda olan bütün yanaşmaların hüquqi əsası olmadı üçün münasibət bildirməyi vaxt itkisi hesab edirəm. Yəni Milli Məclisdə kimin təmsil olunacağına və olunmayacağına Azərbaycan vətəndaşları qərar verəcəklər. 6-cı çağırışda Milli Məclisdə yeni insanların təmsil olunacağını təxmin etmək üçün siyasətçi olmağa da lüzum yoxdur. Dəyişiklik olacaq, şübhəsiz və olmalıdır da. Çünki ölkədə həyata keçirilən dərinləşdirilmiş islahatların yaratdığı müsbət, dinamik atmosfer belə deməyə əsas verir. Eyni zamanda hesab edirəm ki, bu gün Azərbaycana sonda deyiləcək sözü öndə deyən, pafoslu, gurultulu ifadələrlə kütlənin diqqətini cəlb etməyə çalışan, iddiası beynindəki qatların uzunluğunu bir neçə dəfə üstələyənlərdən daha çox məsuliyyətli, dövlətimizin və xalqımızın təhlükəsizliyini, ölkədə həyata keçirilən islahatların fəlsəfəsini başa düşən siyasətçilər lazımdır”.
