|
“Məktəblilər 3 ayı televizorun, kompüterin qarşısında keçirməməlidir”

Yay başladısa, məktəblilərin 3 aylıq uzun tətilinə start verilir. Onlar tədris ilinin yorğunluğundan xilas olmaq, yeni tədris ilinə tam enerji ilə başlamaq üçün istirahət etməlidir. Təhsil Nazirliyi və  Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə tərəfdaşlığı ilə keçirilən “Məktəblinin dostu” adlı pilot layihəsini  və özəl şirkətlərin təşkil etdiyi bahalı düşərgələri nəzərə almasaq, Azərbaycanda məktəblilər üçün tətil düşərgələri yoxdur.

Onlar valideynlərinin tətil planına uyğun hərəkət edirlər. Kimisi rayonlara nənə-baba ocağına gedir, kimisi də yay boyu evdə oturur. Valideynlər də övladlarının 3 ayı səmərəsiz keçirməsindən narazıdır. Çünki özəl şirkətlərin təşkil etdiyi düşərgələr onların cibinə uyğun deyil. Bu düşərgələrin qiyməti 400-1500 manat arasında dəyişir.

Məktəblilərin yay tətili günlərinin səmərəli, maraqlı və əyləncəli olması məqsədilə həyata keçirilən “Məktəblinin dostu” pilot layihəsi isə ödənişsiz halda 35 məktəbə aiddir.  “Yay məktəbi” V və VI siniflər üçün iyul ayında, VII və VIII siniflər üçün isə avqust ayında keçiriləcək. “Yay məktəbi” zamanı 2000-dən çox şagird üçün təlim, seminar və informativ sessiyaların keçirilməsi, müxtəlif idman yarışlarının, əyləncəli saatların təşkil edilməsi planlaşdırılır.

Təhsil Nazirliyi məktəblilər üçün kütləvi yay düşərgələri təşkil edəcək. Amma nə zaman?

Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin sektor müdiri Hilal Salmanov mediaya açıqlamasında bildirib ki, kütləvi düşərgələrin təşkili gələcəkdə maddi-texniki baza yaxşılaşdırıldıqdan sonra mümkün olacaq: “O zaman məktəblilər düşərgəyə seçmə şəkildə aparılmayacaq, istənilən sayda şagird qatıla biləcək. Bu gün üçün Təhsil Nazirliyi tərəfindən məktəblilər üçün qısamüddətli yay düşərgələri təşkil olunur. Bura əsasən yerli icra hakimiyyəti orqanları tərəfindən təhsil sahəsində, idmanda seçilən, fənn olimpiadalarında qalib gələn şagirdlər yönləndirilir. Son 3 ildə bu düşərgələrə minlərlə şagird cəlb edilib”.

Bəs məktəblilərin psixoloji durumu üçün tətilləri necə keçirilməlidir? Valideynlər nələrə diqqət etməlidir? 3 ay boyunca məktəblinin dərsdən tamamilə uzaqlaşdırılması doğrudurmu?

Fərqanə Mehmanqızı ile ilgili görsel sonucu

“Yeni Müsavat” mövzu ilə bağlı psixoloq Fərqanə Mehmanqızının fikirlərini öyrənib: “Məktəblilərin yay tətili boyunca kitabdan, dərsdən tamamilə uzaqlaşdırılması düzgün deyil. Çünki 3 ay boyunca dərslərdən uzaqlaşan məktəblinin, xüsusilə də ibtidai sinif şagirdlərinin daha sonra dərslərə adaptasiya olması çətin olur. Yaxşı olardı ki, münasib qiymətə məktəblilər üçün yay düşərgələri olardı. Məktəblilərin özünüinkişafı davam edərdi. Onların özfəaliyyətlərinin dayandırılması doğru addım deyil. Çünki məktəblilərin şəxsiyyətinin formalaşması hər an davam edir, onlar özünü inkişaf üçün dayanmadan çalışmalıdır. Valideynlər də onlara yardımçı olmalıdır. Uzunmüddətli tətil onların inkişaf rutinini pozmamalıdır. Məktəblilər 3 ayı televizorun, kompüterin qarşısında keçirməməlidir. Onlar həm tətil boyu dincəlməli, əylənməli, həm də öyrənməlidir. Əgər valideynlərin övladlarını düşərgələrə göndərməyə maddi imkanı çatmırsa, evdə övladlarının səmərəli vaxt keçirməsinə çalışmalıdırlar. Məktəblilər günün müəyyən saatını kitab oxumalıdır. Çünki kitab oxumaq uşaqlarda məntiq, çalışqanlıq və iradə kimi keyfiyyətləri inkişaf etdirir. Ona görə uşaqlara kitab oxumaq vərdişlərini aşılamaq lazımdır. Valideynlər kitaba marağı olmayan övladları ilə bərabər qiraət etsinlər. Onlar üçün riyazi məntiq testləri alsınlar, üzdən oxumanı aşılasınlar. İmkan verməsinlər ki, 3 ay boyunca məktəblilər kitabdan, özünüinkişafdan tamamilə uzaqlaşsınlar”.