|
Avtoservis və avtoyuma məntəqələrində təhlükəsizlik və məsuliyyət problemi - araşdırma

Azərbaycanda avtomobillərin sayı artdıqca, onlara xidmət göstərən təmir və digər xidmət müəssisələrinin də sayı çoxalır. Dövlət Statistika Komitəsinin məlumatına görə, hazırda Azərbaycanda 1,4 milyona yaxın avtomobil var. Bunun 1 milyon 150 mindən yuxarısı minik avtomobilləridir.

Bu avtomobillərə texniki xidmət göstərən avtomobil təmiri sexi-müəssisəsi, avtoyuma məntəqələrinin sayı isə minlərlədir. Əminliklə demək olar ki, tanınmış markaların yerli servis xidmətləri istisna olmaqla, avtoservislər Azərbaycanın xidmət sektorunda ən aşağı keyfiyyətə malik müəssisələrdir. Bu müəssisələrin böyük əksəriyyətində göstərilən xidmətlərə heç bir zəmanət verilmir, keyfiyyətsiz ehtiyat hissələri və materiallardan istifadə edilir. Avtoservislərin xidmət personalının bacarığı, müştəri ilə davranışları isə daha betər vəziyyətdədir.

Avtomobil sahiblərinin çoxsaylı şikayətlərində avtoservislərə verilən avtomobillərin təhlükəsizliyinə heç bir zəmanətin olmadığı, bir çox hallarda avtomobillərin avtoservislərdə, yuma məntəqələrində fiziki zədələndiyi qeyd olunur. Avtomobil sahibləri bu kimi hallarda hüquqlarını müdafiə etmək üçün hansı orqana müraciət edəcəklərini bilmədiklərini deyirlər.

Düzdür, keyfiyyətsiz, saxta ehtiyat hissələrinə görə istehlakçı hüquqlarının qorunması ilə bağlı qanunvericilikdə müvafiq maddələr var. Lakin avtomobil sahibləri avtoservis və yuma məntəqələrində əmlaklarına dəyən zərərin qarşılanması üçün hansı qurumdan yardım istəyəcəklərini bilmirlər.

Avtoyuma məntəqələrində isə vəziyyət daha bərbaddır. Hətta bir çox yuma məntəqələrində maşını yeniyetmələr götürüb sürür və harasa vurub, gətirib “moyka”nın qarşısına atıb qaçırlar.

Avtoservislərin fəaliyyəti necə tənzimlənir?

Qeyd edək ki, 2015-ci ildə “Avtomobil nəqliyyatı haqqında” Qanuna edilən əlavə və dəyişikliklərin ölkədə avtoservislərin fəaliyyətində ciddi dönüş yaradacağı gözlənilirdi. Qanuna avtoservislərin fəaliyyətini tənzimləyən 7-ci maddə əlavə olunub. Həmin maddəyə əsasən, avtoservis müəssisələri iki yerə ayrılır - texniki-təmir stansiyaları və texniki təmir sahələri. Texniki-təmir stansiyalarında avtomobillərə bütün növ təmir-texniki xidmətlər göstərilir. Texniki-təmir sahələrində isə avtomobillərə yalnız bir sahə üzrə xidmət göstərilir.

Bu dəyişikliklər avtoservislərin fəaliyyətinə nəzarətin güclənməsini, eləcə də onlara qarşı standartların tətbiqini nəzərdə tuturdu. Eyni zamanda qanuna edilən dəyişiklliyə əsasən avtoservislər göstərdikləri xidmətin və təmir işlərinin keyfiyyətinə məsuliyyət daşıyırlar və əgər hansısa problem yaransa həmin nasazlığı pulsuz aradan qaldırmalıdırlar. Qanun texniki xidmətin təminatlı şərtləri yerinə yetirilmiş işlərin nəticələrinin təhlükəsizliyinə və xidmətdən sonra yenidən yaranmış həmin nasazlığın müəyyən edilmiş müddət ərzində ödənişsiz aradan qaldırılmasına görə xidmət göstərənin maddi və hüquqi məsuliyyətini nəzərdə tutur.

Dəyişikliklərin tətbiq olunmasına dair prezident fərmanında avtoservislərin fəaliyyətinə dair yeni tələb və standartların hazırlanması tapşırılmışdı. Yeni standartları keçmiş Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Dİn və Nəqliyyat Nazirliyinin təkliflərini nəzərə almaqla 3 ay ərzində hazırlayıb təsdiqləməli, daha sonra Nəqliyyat Nazirliyi 3 ay müddətində təmir müəssisələrini - avtoservisləri bu standartlarla və onun tələbləri ilə tanış etməli idi. Lakin nəzərdə tutulan yeni standartlar hazırlanıb başa çatdırılmadı. 2018-ci ilin aprelində isə Komitə ləğv olundu. Buna görə də ona həvalə edilmiş işlərin icrası sahəsində hansı addımların atıldığını öyrənmək mümkün olmadı.

avtoservislər və avtoyuma ile ilgili görsel sonucu

Hazırda avtoservislərin fəaliyyəti komitənin 2013-cü ildə qəbul etdiyi iki standartla tənzimlənir. Bunlar AZS STB 960-2013 (Nəqliyyat vasitələrinə texniki xidmət və təmir. Ümumi təhlükəsizlik tələbləri), AZS STB 1175-2013 (“Avtoservis müəssisələrində nəqliyyat vasitələrinə xidmətlər. Xidmət qaydaları”) və “Avtomobil nəqliyyatı vasitələrinə təminatlı texniki xidmət göstərən texniki-təmir stansiyaları və sahələri” standartlarıdır.

“Yol hərəkəti haqqında” Qanunun tələbləri

Bundan əlavə, avtoservislərin fəaliyyətinin tənzimlənməsi ilə bağlı “Yol hərəkəti haqqında” Qanunda da müəyyən müddəalar əksini tapıb. Qanuna əsasən nəqliyyat vasitəsinə texniki xidmət göstərilməsi qaydası Nazirlər Kabineti tərəfindən 2005-ci ildə qəbul edilən “Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında”, “Nəqliyyat vasitələrinə texniki xidmət göstərilməsi haqqında”, “Nəqliyyat vasitələrinə texniki xidmət göstərən texniki-təmir sahələri haqqında” və “Nəqliyyat vasitələrinə texniki xidmət göstərən texniki-təmir stansiyaları haqqında” nümunəvi əsasnamələrlə müəyyən edilir.

Bu sənədlərdə avtomobillərə texniki xidmət göstərilməsi ilə bağlı bütün tələblər, şərtlər, öhdəlik və məsuliyyətlər təsbit olunub. Bu sənədlərdə icraçı dedikdə, mülkiyyət və təşkilati hüquqi formasından asılı olmayaraq nəqliyyat vasitələrinin texniki xidməti üzrə fəaliyyət göstərən hüquqi şəxs, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər nəzərdə tutulur. “Nəqliyyat vasitələrinə təminatlı texniki xidmət göstərilməsi haqqında nümunəvi Əsasnamə”də nəzərdə tutulur ki, avtoservislərin önündə hüquqi ünvanı və iş rejimi yazılmış lövhə asılmalıdır.

Bundan başqa, sifarişlərin qəbul olunduğu otaqda və ya görünən bir yerdə aşağıdakılar olmalıdır:

- göstərilən texniki xidmətlərin siyahısı;

- göstərilən texniki xidmətlərin tələblərinə uyğun olan standartların adları;

- mütləq sertifikatlaşdırma tələb edən xidmətlərin sertifikatlaşdırılması haqqında məlumat (sertifikatın nömrəsi, qüvvədə olma müddəti, sertifikatı verən orqanın adı);

- göstərilən texniki xidmətlərin, həmçinin istifadə edilən materialların və ehtiyat hissələrinin qiyməti, ödəniş qaydaları və üsulları;

- respublika qanunları və başqa normativ-hüquqi aktları, yaxud müqavilə ilə təyin edilmiş təminat müddətləri.

Əsasnamənin tələblərinə görə, avtoservislər avtomobilini təmir etdirən şəxsə onun tələbi ilə tanış olmaq üçün bu Əsasnaməni, müqavilənin, sifariş-tapşırıqların, təhvil-təslim aktlarının, qəbzlərin, talonların və icraçı tərəfindən sifarişin qəbul edilməsini təsdiq edən başqa sənədlərin nümunəsini və sair təqdim etməlidir: Avtoservislər müqaviləyə və müvafiq xidmətə aid olan başqa məlumatları istehlakçının xahişi ilə ona bildirməyə borcludur.

avtoservislər ile ilgili görsel sonucu

Avtoservis sifarişlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsinə, xidmətə qəbul olunmuş nəqliyyat vasitəsinin qanunvericiliyə uyğun olaraq saxlanılmasına görə məsuliyyət daşıyır.

Nəzarət orqanının səlahiyyəti yoxdur ki...

Lakin reallıq budur ki, ölkəboyu səpələnmiş avtoservis və avtoyuma məntəqələrində heç bir qanunun, standartın tələbinə əməl olunmur. Və buna görə onlara hər hansı cəzanın verilməsi də mümkün olmur.

“Avtomobil nəqliyyatı haqqında” Qanunun 7-1.6-cı bəndinə əsasən texniki-təmir stansiyalarının (sahələrinin) istehsalat-texniki bazası, texnoloji təchizatı və istehsalat sahələrində texnoloji prosesin təşkili müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi sahə standartlarının tələblərinə uyğun olmalıdır. Texniki-təmir stansiyalarının (sahələrinin) müəyyən olunmuş sahə standartlarının tələblərinə uyğunluğuna nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

Qanunun 7-1.7-ci bəndinə görə, texniki-təmir stansiyaları (sahələri) tərəfindən bu Qanunun, habelə bu sahədə müəyyən olunmuş sahə standartlarının tələblərinin pozulmasına görə şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar. Lakin onları bu məsuliyyətə cəlb edəcək orqan faktiki olaraq müəyyənləşməmiş qalır. Belə ki, qanunda avtoservislərin fəaliyyətinin standartlara uyğunluğuna müvaviq nəzarət orqanının nəzarət edəcəyi qeyd olunur.  Dövlət başçısının fərmanında nəzarətin hansı orqan tərəfindən həyata keçiriləcəyi dəqiqləşdirilməyib. Əvəzində  fərmanda Nazirlər Kabinetinə tapşırılıb ki, nəzarət səlahiyyətlərinin hansı təşkilata verilməsi barədə təkliflərini 3 ay müddətində hazırlayıb prezidentə təqdim etsin. Üstündən 4 ildən çox vaxt keçsə də, nəzarət orqanı hələ də müəyyənləşdirilməyib.

Avtoservislərin işinə nəzarət qismən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin səlahiyyətindədir. Xidmətin əsasnaməsinə görə, qurum avtonəqliyyat vasitələrinə texniki xidmət göstərən texniki təmir sahələrinin, stansiyalarının fəaliyyətinin avtomobil nəqliyyatı və yol hərəkəti haqqında qanunvericilikdə müəyyən olunmuş tələblərə uyğunluğunu səlahiyyəti daxilində yoxlamaq səlahiyyətinə malikdir. Sənəddə xidmətə qanun pozuntularına yol vermiş şəxslərin əməllərində cinayət məsuliyyəti yaradan hallar olduqda, materialları hüquq-mühafizə orqanlarına göndərmək, qanunvericilikdə nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxmaq, təqsirkar şəxslərə qanunvericilikdə müəyyən edilmiş qaydada inzibati tənbeh tədbirləri tətbiq etmək kimi səlahiyyətlər verilsə də, avtoservis və avtoyuma məntəqələrinə münasibətdə bu səlahiyyətlərdən istifadə edə bilmir.

Xidmətdən “Yeni Müsavat”a verilən məlumata görə, onlar, sadəcə, avtoservis və avtoyuma məntəqələrinə şifahi təlimat verə bilirlər. 2016-cı ildən Azərbaycanda sahibkarlıq subyektlərinin əksər növ yoxlamalardan azad edilməsindən sonra DANX avtoservis və avtoyuma məntəqələrinin fəaliyyətinə nəzarət məqsədilə reydlər keçirməyi dayandırıb. Hazırda xidmət yalnız xırda monitorinqlər həyata keçirir ki, bu zaman aşkarlanan pozuntulara görə hər hansı inzibati addım atmaq səlahiyyətində deyil: “Biz yalnız aşkar olunmuş nöqsanların aradan qaldırılmasına dair metodiki tövsiyələr verə bilərik. Digər hər hansı cəzanı tətbiq etmək səlahiyyətimiz yoxdur”.

Göründüyü kimi, avtoservislərin fəaliyyətini tənzimləyən qanunverici baza mövcud olsa da, ona nəzarət edən konkret qurum faktiki olaraq müəyyənləşməyib. Buna görə də bu xidmət müəssisələrində qanunsuzluqla üzləşən - avtomobili zədələnən, qaçırılan, keyfiyyətsiz servis edilən sürücülər hüquqlarının müdafiəsi üçün müraciət etməyə qurum tapmırlar. Belə vəziyyət avtoservis və avtoyuma məntəqələrində xidmətin keyfiyyətinin yüksəlməsinə imkan vermir: operativ nəzarət olmayan yerdə keyfiyyətli xidmət, əlbəttə, mümkün deyil...