|
Arif Hacılı İsa Qəmbərin müraciətini öz adından yaydı

Müsavat Partiyasının başqanı Arif Hacılının adından 31 mart - Azərbaycanlıların Soyqırımı günü ilə bağlı müraciət yayılıb.

Müraciətin diqqətçəkən tərəfi onun mətninin keçmiş başqan İsa Qəmbərin 2 il əvvəl yaydığı müraciətin mətni ilə eyni olmasıdır.

Virtualaz.org saytı xəbər verir ki, həmin müraciətlərin mətnində sadəcə olaraq başqanın adı və sonuncu cümlə fərqlidir.

2 illik fasilə ilə yayılan müraciətlərin sonundakı fərq budur: “Tanrı Azərbaycanımızı qorusun!” cümləsi İsa Qəmbərin adından yayılmış mətndən çıxarılıb. Məlum olduğu kimi, “Tanrı Azərbaycanımızı qorusun!” ifadəsi İsa Qəmbərin bütün tədbirlərdə işlətdiyi ifadədir. İsa Qəmbər mitinqlərdəki çıxışlarında da bu cümləni tez-tez işlədir. Yəni onun sevimli ifadəsidir.

Arif Hacılının bu müraciətində 2 il əvvəlki orfoqrafik səhv də təkrarlanıb. Yəni 2 il əvvəlki mətndə “öldürülüb” sözü “ölrürülüb” kimi yazılıbmış. Bunu da düzəltməyiblər.

Müraciətlərdəki başqa bir fərq isə sadəcə abzaslardadır.

Qeyd edək ki, bu başsağlığı “oğurluğu” Müsavat Partiyasında ötən il keçirilən başqan seçkilərindən sonra yaranan qalmaqal nəticəsində partiyadan ayrılanları qəzəbləndirib.

Müsavatdakı seçki saxtakarlığına etiraz edənlər Arif Hacılının bu addımını “oğurluq” kimi qiymətləndirib.