“Mənə 50 illik qadağa qoyuldu, Rusiya sanki hüquq dövləti deyil, orada elə bil, heç bir qanun işləmir...”
Rusiya Federasiyasında saxlanılaraq Azərbaycana deportasiya edilən jurnalist Fuad Abbasov iyulun 2-də Beynəlxalq Mətbuat Mərkəzində mətbuat konfransı keçirib. O, başına gələnləri danışaraq, hər birinin sifarişli olduğunu vurğulayıb.
“Yeni Müsavat”ın müxbiri xəbər verir ki, Fuad Abbasov mətbuat konfransında alqışlarla qarşılanıb. O, hadisənin baş verdiyi ilk gündən başına gələnləri danışıb: “Mayın 16-sı saat 11-də gözlənilmədən yaşadığım binada üç mülki şəxsin hücumuna məruz qaldım. Mən də onların kim olduğunu bilmədim və özümü müdafiə üçün müqavimət göstərdim. Sonradan onların polis olduğu məlum oldu və müqavimət göstərdiyim üçün mənə təzyiqlər etməyə başladılar. Qollarımı qandalladılar. Bu zaman mən dəqiqləşdirdim ki, bu, ciddi məsələdir. Məni əllərim qandallı boynumu aşağı əyib mikroavtobusun içərisinə salıb tavanında yerləşdirdilər. Ximski şəhərində yerləşən polis bölməsinə apardılar. Rusiya ərazisində yaşamaq hüququmun bitdiyini bildirdilər. Daha sonra adımdan yazılan ərizələrə imza atmağa məni məcbur etdilər. Məhkəmədə bütün hüquqlarım pozuldu və mənim Rusiyada yaşamaq iznimin olmadığını bir daha bildirdilər, deportasiya olunmağım üçün qərar verildi”.
F.Abbasov vurğulayıb ki, Rusiya hüquq-mühafizə orqanları onun həbs müddətinin uzadılması üçün təxribata əl atıb:“İyunun 6-da məhkəmə qərarına əsasən, mən Rusiyanı tərk etməyi könüllü olaraq özüm istədim. Daha sonra iyunun 7-də Azərbaycana gəlməyim üçün hava limanına getdim. Hava limanında naməlum şəxs tərəfindən Azərbaycana deportasiya olunmağımın da qarşısı alındı və məni təkrar təcridxanaya göndərdilər. Həmin gündən aclıq aksiyasına başladım. Daha sonra öz hesabıma iki dəfə bilet almağıma baxmayaraq, bizim Azərbaycana gəlmək cəhdimizin qarşısını aldılar. Mənə elə gəlir ki, Rusiya hüquq-mühafizə orqanları mənim həbs müddətimin uzadılması üçün və həbsimin cinayətini artırmaq üçün hətta evimə axtarışlara cəlb olundular”.
Qeyd edək ki, Rusiyanın bir neçə azərbaycanlı icması paytaxt Moskvada yaşayan və fəaliyyət göstərən F.Abbasovun ölkədən deportasiya olunması tələbi ilə Moskva vilayətinin Ximski Şəhər Məhkəməsinə müraciət edib. Moskva məhkəməsi mayın 7-də “Xarici vətəndaşın və vətəndaşlığı olmayan şəxsin Rusiya Federasiyası ərazisinə girişinə qadağa qoyulması” adlı 2737/2019 nömrəli işə baxıb və F.Abbasovun 50 il müddətində Rusiya ərazisinə girişinin qadağan edilməsi ilə bağlı qərar çıxarıb. Mayın 16-da Rusiyanın hüquq-mühafizə orqanları F.Abbasovu saxlayıb. Bundan sonra qərardan Moskva Vilayət Məhkəməsinə apelyasiya şikayəti verilib. Lakin məhkəmə şikayəti təmin etməyib. Moskva vilayətinin Korolyov şəhərindəki miqrantlar məntəqəsində saxlanılan F.Abbasov iyunun 25-də Azərbaycana deportasiya edilib.
F.Abbasov onu da bildirib ki, onun 50 il müddətinə Rusiyaya daxil olmasına yasaq qoyulub: “Rusiya bir jurnalistdən qorxaraq ona 50 illik qadağa qoyub. Rusiya qanunvericiliyinə görə, cinayətkarlara maksimum 15 il Rusiya ərazisinə daxil olmaq qadağan olunub. Mənə isə 50 illik qadağa qoyuldu. Bu mənim üçün şərəfdir ki, Rusiya bir jurnalistin fəaliyyətindən qorxdu. Mən dəstək üçün hər kəs, o cümlədən Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşlarına, şəxsən səfir Polad Bülbüloğluna təşəkkür edirəm. Azərbaycanın Rusiyadakı səfirliyi bir vətəndaş olaraq mənə sahib çıxdı”. Fuad Abbasov Azərbaycanın ombudsmanı Elmira Süleymanovaya da təşəkkür edib.
Jurnalist həmçinin qeyd edib ki, onun müsadirə olunmuş əşyaları geri qaytarılmayıb: “Müsadirə olunmuş əşyalarım geri qaytarılmayıb. Hətta telefonum oğurlanıb deyə bilərəm. Çünki onun müsadirə olunması heç yerdə qeyd olunmayıb. Bu telefonda mənim bütün sosial şəbəkə hesablarım olub. Doğrudur, mən onları şifrələmişdim və bu şifrəni açacaqlarına inanmıram. Bütün əşyalarımı saxlayıblar və geri vermirlər”.
Jurnalist həmçinin Rusiya Yüksək məhkəməsindən müsbət cavab çıxmazsa, Avropa İnsan Haqları Məhkəməsinə şikayət edəcəyini qeyd edib: “Rusiya sanki hüquq dövləti deyil, orada sanki heç bir qanun işləmir. Bu gün vəkil Teyyub Şərifov Moskva Əyalət Məhkəməsindən sənədləri alıb yüksək məhkəməyə şikayət edib. İnanıram ki, Qüksək məhkəmə Rusiya məhkəmələrinin adını batırmamaq üçün bu günə qədər haqqımda çıxarılan bütün qərarları ləğv edəcək. Əks halda, mən Avropa İnsan Haqları Məhkəməsinə şikayət edəcəyəm. Mən bir Azərbaycan jurnalistinin qanunsuz olaraq həbs edilməsinə susmaq niyyətində deyiləm”.
Fuad Abbasovun atası Malik Abbasov da “Yeni Müsavat”a danışıb. O qeyd edib ki, əgər müvafiq dəstək olsa, övladı fəaliyyətini Azərbaycanda davam etdirə bilər: “Oğlumun sağ-salamat Bakıya gəlməsindən məmnunam və xalqın ona qarşı diqqətindən fəxr hissi keçirdim”.
Malik Abbasov həmçinin Fuad Abbasovun bundan sonra Azərbaycanda yaşayıb xalqına xidmət göstərməsini arzu etdiyini vurğulayıb. Qeyd edib ki, əgər bu istiqamətdə ona şərait yaradılsa, sahib olduğu bacarıqlara uyğun iş qurmasına dəstək olunsa, oğlu məmnuniyyətlə vətənində yaşayıb fəaliyyətinə davam edə bilər.
