|
Bakı daha bir beynəlxalq tədbirə ev sahibliyi edir: 180 ölkənin nümayəndəsi paytaxtda

Bakı Konqres Mərkəzində UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası öz işini davam etdirir. Musavat.com xəbər verir ki, iyulun 30-da ilk iclasda Dünya İrs Komitəsinin Bakı sessiyası ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin sədri, mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək qonaqları salamlayıb, tədbirin açılış mərasimi və digər iclasların keçiriləcəyi məkanlarla bağlı məlumat verib.

Həmin günü Heydər Əliyev Mərkəzində UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının rəsmi açılış mərasimi reallaşıb. Mərkəzdə Azərbaycanın mədəni zənginliyini nümayiş etdirən sərgi, həmçinin müxtəlif mövzularda təqdimatlar və mədəni proqram nümayiş etdirilib.

UNESKO-nun Ümumdünya İrs Mərkəzinin direktoru xanım Mextild Rossler çıxışında bildirib ki, 43-cü sessiya çərçivəsində Abidə Menecerlərinin Forumu və Gənc Peşəkarlar Forumun yüksək səviyyədə təşkil edilib.

Bu gün isə plenar sessiyalarla yanaşı, paralel olaraq panel və büro sessiyaları da keçiriləcək. Sessiyalara katiblik, məşvərət şurası və hüquq müşavirləri nəzarət edir. Sessiyaya hazırlıqla bağlı bütün məlumatlar komitənin veb-saytında əks olunub və onlayn rejimdə hər bir sessiyaya aid sənədi buradan əldə etmək mümkündür.

Qeyd olunub ki, bu gün Bakı sessiyasında UNESKO-nun Ümumdünya irsi siyahısına daxil edilmək üçün üzv dövlətlər tərəfindən təqdim olunmuş 36 namizəd fayl nəzərdən keçiriləcək. Namizədliyi irəli sürülmüş faylların 28-i mədəni, 6-sı təbiət, 2-si qarışıq (təbiət və mədəni) abidələr sırasına daxildir. Sessiyalarda ilk olaraq siyahı üzrə təbiət obyektləri, daha sonra mədəni obyektlərlə bağlı nominasiyalar müzakirə ediləcək. Tədbir çərçivəsində 50-yə yaxın paralel tədbir və sərgi keçiriləcək.

Qeyd edək ki, 30 iyun – 10 iyul tarixlərində keçiriləcək UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında xarici ölkələrin və beynəlxalq təşkilatların yüksək səviyyəli rəsmiləri, ümumilikdə 180-dək ölkədən 2500-dən çox nümayəndə iştirak edir.

Sessiyanın gündəliyinə 2018-2019-cu illər üçün nəzərdə tutulmuş büdcənin icrası barədə hesabatın dinlənilməsi, 2020-2021-ci illər üçün Dünya İrsi Fondunun büdcə təklifi ilə bağlı müzakirələr, Məşvərət orqanlarının hesabatlarının dinlənilməsi, Dünya İrsi Siyahısına daxil edilmək üçün namizədliyi irəli sürülmüş faylların nominasiya prosesi və siyahıya daxil edilmiş abidələrin qorunması ilə bağlı müzakirələrin aparılması daxildir.

Qeyd edək ki, hazırda Qız Qalası və Şirvanşahlar Saray Kompleksi ilə birgə İçərişəhər Tarixi-Memarlıq Qoruğu və Qobustan Dövlət Tarixi-Bədii Qoruğu Dünya İrsi Siyahısında yer alır.