|
Eldar Sabiroğlunun son məktubu

Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri Eldar Sabiroğlunun oğlu Rüfət Səfərovdan imtina etməsi cəmiyyətdə bir çaşqınlıq yaradıb.

R.Səfərov həbsdə olduğu dövrdə E.Sabiroğlu övladının hüquqlarını müdafiə edirdi, günahsız yerə tutulduğu bildirirdi, iqtidar əleyhinə kəskin ifadələr işlədirdi.

Bununla da kifayətlənmirdi, E.Sabiroğlu yetərincə açıq və sərt məzmunlu məqalələr yazırdı, hakimiyyətə qarşı barışmaz mövqedən çıxış edirdi.

Amma bu günlərdə E.Sabiroğlu oğluna məktubunda yazıb ki, artıq onun atası deyil, hətta cənazəsinə gəlməməyi vəsiyyət edib.

R.Səfərov atasının məktubunu öz facebook səhifəsində paylaşıb. Vaxtilə Zərdab rayon prokurorluğunun müstəntiqi olmuş R.Səfərov rüşvət almaqda təqsirləndirilərək 9 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Bu ilin martında prezident İlham Əliyevin sərəncamı ilə əfv olunaraq, azadlığa buraxılıb.

Картинки по запросу ldar Sabiroğlunun son məktubu

Sosial şəbəkədə Eldar Sabiroğlunun sözügedən məktubu birmənalı qarşılanmayıb. Bunun bir oyun olduğunu deyənlər də var, səmimi şəkildə yazıldığını düşünənlər də.

Bəzi iddialara görə, Rüfət Səfərovun əfv siyahısına düşməsində atasının rolu olub. E.Sabiroğlu oğlunun həbsdən çıxması üçün hakimiyyətin yüksək məqamları ilə danışıqlara getdiyi haqda iddialar var. Deyilənə görə, danışıqlardan sonra Eldar Sabiroğlunun digər övladının işlə təmin olunması faktı da mövcuddur. Lakin oğlunun həbsdən sonrakı davranışları Eldar Sabiroğlunu çıxılmaz vəziyyətə salıb. İddilara görə, o, Rüfəti iqtidarın ən qatı əleyhdarlarının çevrəsindən azad edə bilməyib. Ona görə də məlum məktubu yazaraq, bir növ özünü sığortalayıb.

O, oğlunun sabah atacağı hər hansı addıma görə məsuliyyət daşımamaq üçün iqtidara indidən mesaj verir: “Rüfətdən imtina eləmişəm, yollarımız ayrılıb, bizi yalnız bioloji amillər birləşdirir, sonrasına cavabdeh deyiləm”.

Məlumatlı mənbənin sözlərinə görə, R.Səfərovun daha aktiv fəaliyyətə başlayacağı və yaxud ölkəni tərk edib mühacirətdə çıxışlar edəcəyi istisna deyil.

E.Sabiroğlu bütün hesablamaları aparıb, iqtidarla tükdən asılı münasibətləri korlamamağı nəzərə alıb və ən optimal variant olaraq oğlundan imtinanı seçib. Hətta varisdən imtinanın ata-oğul arasında razılaşdırılması da mümkündür.

Yəni, R.Səfərov atacağı addımlara görə atasının hansısa çətinliklə üzləşməməsi üçün ondan imtina etməsinə etiraz eləməyib.

Похожее изображение

E.Sabiroğlunun oğlu facebookda atasının məktubuna belə şərh verib: “Bu məktub bu gün də olmasa, məsələn, 50 il sonrakı azərbaycanlı üçün əhəmiyyət daşıyacaq. Dostlar, siz də oxuyun, nəticə çıxarın. Doğru bildiklərimi söyləməkdə davam etdiyimə görə görün nə gündəyəm...oxuyun, yaxşı-yaxşı oxuyun...”

Eldar Sabiroğlunun məktubunda deyilir: “Rüfət, heç istəməzdim belə olsun. Ancaq bu da mənim taleyimdir, barışmaqdan özgə çarəm yoxdur. Allahın verdiyi ömür və zamana dayanaraq, bir söz deyə bilmərəm, hər şey Yaradanın əlindədir.

Artıq ata-oğul arasında elə bir divar hördün ki, mənim bu divarı aşıb səninlə duyğularımı, sevincimi sökdürdün.

İndi özümü arxasız, güvənsiz insan kimi hiss edirəm. Yenə də sənə xoşbəxt həyat arzulayıram. Öldüyümdə cənazəmə girməyini ruhum qəbul etməyəcək.

Bu saatdan etibarən sənin atan deyiləm. Məzarım üstünə gəlməyini də istəmirəm. O dünyamı rahat buraxarsan. Allah səni xəta-bəladan hifz etsin”.

Qeyd edək ki, Azərbaycanın yaxın keçmişində ictimai-siyasi fəaliyyətlə məşğul olan bəzi şəxslərdən ailələri imtina edib. Lakin E.Sabiroğlunun bu addımı son illərdə ən səs-küylü hadisədir.