Azərbaycanda taxıl biçini başlanıb. Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, bu il ölkədə 1 009 139,8 hektar sahədə taxıl əkini aparılıb. Bundan 6 777 793 hektarı buğda, 331 346,8 hektarı arpa sahədir.
İyunun 7-nə olan operativ məlumata görə, ölkə ərazisində 120 963,5 hektar ərazidə taxıl biçini aparılıb, 119 001,5 hektar ərazidə arpa, 1 962 hektar ərazidə buğda biçini başa çatıb. Ümumilikdə bu günə qədər ölkə üzrə 351 958,7 ton taxıl istehsal olunub, orta məhsuldarlıq hər hektara 29,1 sentner təşkil edir.
Ən aktiv biçin prosesi Aran rayonlarında və əsasən dəmyə əkilmiş ərazilərdə aparılır. Kürdəmir rayonunda 29 926 hektar arpa sahəsinin 26 937 hektarı artıq biçilib. Neftçalada 21 590 hektar, Biləsuvarda 10 360 hektar, Sabirabadda 6 136 hektar, Cəlilabadda 3 620 hektar sahədə arpa biçini yekunlaşıb. Digər rayonlarda da arpa biçini qrafikə uyğun davam etdirilir.
Qeyd edək ki, KTN biçindən öncə “Aqrolizinq” ASC-yə məxsus kombaynların ilk növbədə sahəsi 50 hektara qədər olan sahələrdə biçin aparacağını bəyan edib. Lakin bu günlərdə sosial şəbəkələrdə və bəzi internet resurslarında yayılan məlumatlarda Biləsuvar, İmişli və Bərdə rayonlarında kombayn çatışmazlığı üzündən arpa sahələrində məhsulun məhv olmaq üzrə olduğu qeyd edilir. Sosial şəbəkədə yazılan iddialara görə, kombaynlar vəzifəli şəxslərin və iri aqroparkların sahələrini biçir. Bu səbəbdən kiçik sahələr biçilməmiş qalır.
Qeyd olunur ki, Biləsuvarın İsmətli kəndində 500 hektara yaxın taxıl əkilib. Bu il məhsuldarlıq da yüksək olub. Lakin kombayn çatımazlığı səbəbindən fermerlər biçin apara bilmirlər. Təsərrüfat sahiblərinin sözlərinə görə, məhsul gün-gündən məhv olur: “Orta hesabla 30 sentner götürməli idim. Artıq vaxtında biçilmədiyinə görə 7-8 sentneri məhv olub. 2-3 gündən sonra məhsulun 50 faizi məhv olacaq. Bir həftə sonra isə sahəyə kombayn girsə sünbüllər qırılıb töküləcək”.
Başqa bir fermer isə bildirb ki, 3 hektar səhədə arpa əkib: “Orta hesabla 10 ton məhsul götürməli idim. Əgər 2-3 günə arpa biçilməsə, mən 3-4 ton məhsul götürəcəm”. Fermerlərə görə, aidiyyəti qurumlara müraciət edilib, amma heç bir nəticəsi olmayıb:"Hər dəfə deyirlər “gedin sabah gələcək”. Bir həftədir yollardayıq, kombayn göndərilmir. Arpa isə gözləmir, məhsul yetişdikcə yerə tökülür".

Məsələ iıə bağlı “Yeni Müsavat”a danışan Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov bildirir ki, Biləsuvar, Bərdə və İmişli rayonlarında taxıl biçini zamanı kombayn çatışmazlığı ilə bağlı iddiaların əsası yoxdur: “Konkret olaraq bu il Biləsuvar rayonunda 14900 hektar sahədə arpa əkini aparılıb. İyunun 7-dək arpa sahələrinin 10360 hektarı, yəni təxminən 70 faizi biçilib. Kombayn çatışmazlığı vardırsa, sahələrin 70 faizi neçə biçilib? Hazırda Biləsuvar rayonunda biçin prosesinə 65 kombayn cəlb olunub. Konkret olaraq İsmətli kəndində 3 kombayn işləyir, bu kənd ərazisində arpa biçini sabah axşam saatlarına kimi başa çatacaq. Bərdə rayonunda da 2568 hektar arpa sahəsinin 2058 hektarı biçilib. İmişlidə isə 6322 hektar arpa sahəsinin 2573 hektarında biçin başa çatıb”.
Nazirlik rəsmisi deyir ki, ölkədə olan kombaynların hamısı “Aqrolizinq”in balansında olan kombaynlar deyil:“Sahələrdə gördüyünüz kombaynların bir hissəsi fiziki şəxslərə, digər hissəsi isə böyük təsərrüfatlara məxsus şəxsi kombaynlardır. Ölkədə kifayət qədər kombayn var, mövcud kombaynların sayı taxıl biçinini itkisiz başa çatdırmağa imkan verir. Bu baxımdan kombayn çatışmazlığı ilə bağlı iddialar əsassızdır. Biçin növbəli şəkildə aparılır, aqroservislərdən lizinqə verilmiş kombaynlar 50 hektardan aşağı ərazilərdə biçin aparırlar. Əgər kombayn çatışmazlığı olsaydı, qısa müddət ərzində 120 mindən artıq arpa sahəsi necə biçilə bilərdi”?
Xatırladaq ki, KTN-in biçin ərəfəsində yaydığı məlumatda “Aqrolizinq” ASC-nin rayon bölmələrinin istifadəsində olan, GPS quraşdırılmış 590 taxılyığan kombayn olduğu bildirilirdi: “Kombaynlardan 370-i Aran rayonları, 186-sı dağətəyi rayonlar, 34-ü isə dağlıq rayonlar üzrə dislokasiya olunub. Bildiyiniz kimi, taxıl biçini ilkin olaraq Aran rayonlarında başlayır, bu səbəbdən kombaynların əksər hissəsi bu bölgələrdə dislokasiya olunub. Hazırda ölkədə 1797 taxılyığan kombayn var, bunlardan yalnız 590 kombayn ”Aqrolizinq"in sərəncamındadır. Ölkədə olan qalan kombaynlardan 789-u fiziki şəxslərə, 98-i isə iri təsərrüfatlara məxsusdur".
