Azərbaycan zaman-zaman müxtəlif beynəlxalq təşkilatların, dövlətlərin qərəzli münasibəti ilə üzləşib. Bakıda idman yarışı, forum və yaxud hansısa tədbir təşkil ediləndə Qərb mediası ölkəmizə qarşı ikili standartlarla yanaşdığını bir daha təsdiqləyir.
Avroliqanın Bakı finalı ərəfəsində isə kampaniya böhtan xarakteri aldı. “Arsenal”ın oyunçusu Henrik Mxitariyan üzərindən qurulan ajiotajdan əlavə, “The İndependent” qəzeti Bakıda heç 100 erməni yaşamadığını, Sumqayıtda onların vəhşicəsinə öldürüldüyü barədə iftiralar yazdı, təhlükəsizliyə zəmanət olmadığını iddia elədi. Lakin Azərbaycan oyunu yüksək səviyyədə təşkil etdi və heç bir insident qeydə alınmadı.
Madriddə keçirilən oyunda isə ən müxtəlif anormallıqlar baş verdi, lakin İspaniyaya qarşı bir kampaniya aparılmadı. Əgər belə bir hallar Azərbaycanda olsaydı, indi ölkəmizə qarşı hədyanların şahidi olurduq... Bununla bir daha Azərbaycana qərəzli yanaşıldığı ortaya çıxmış oldu.
ASDP sədri, deputat Araz Əlizadə bu və digər mövzuda “Yeni Müsavat”ın suallarını cavablandırıb.
- Araz müəllim, son vaxtlarda Bakıya qarşı xarici kampaniyalar intensivləşib. Hədəf nədir, nəyi qoparmaq istəyirlər?
- Onların nə istəməyindən asılı olmayaraq, məkrli arzuları ürəklərində qaldı. Bu gün britaniyalı futbol şərhçiləri etiraf edirlər ki, Bakıda final möhtəşəm təşkil olunmuşdu, təhlükəsizlik və s. məsələlər yüksək səviyyədə, amma Madrid cəhənnəm idi. Onların yeganə bəhanəsi Bakının uzaqda yerləşməsiydi. Amma bizim əlimizdə sehrli çubuq yoxuydu ki, Bakını coğrafi olaraq Londona yaxınlaşdıraq. Sadəcə, Azərbaycana qarşı qərəzli kampaniyalar zaman-zaman təşkil edilir. Bu da ikili standartlardan irəli gələn amildir. Nəzərə almaq lazımdır ki, bu ikili standartlarla yanaşmalar təkcə idman yarışlarında, siyasətdə deyil, hər gün həyatda özünü göstərir. Necə olur ki, neftimizi alanda insan haqları, demokratiya, terrorizm yada düşmür. Çünki yeyirlər-içirlər, nefti alırlar. Amma hansısa beynəlxalq tədbir keçiriləndə yada düşür ki, Azərbaycan müsəlman ölkəsidir, terror ola bilər, Bakıya getməyin, təhlükəsizliyə zəmanət yoxdur, daha nələr...
Özləri də şahid oldular ki, təhlükəsizlik hansı səviyyədə təmin edilmişdi, hər hansı problem, təxribat yaşanmadı.
- Nefti çıxarıb satırlarsa, onda bu qərəzli kampaniyalarla nəyə nail olmaq istəyirlər?
- Azərbaycanda ingilislərin bp şirkəti var. Bu şirkətin məktəbi fəaliyyət göstərir. bp-nin məktəbində həm azərbaycanlı, həm xarici uşaqlar təhsil alırlar. Bu günə kimi eşitməmişəm ki, insident olub, hansısa uşaq döyülüb.
Bütün bunlar ikili standartlarla olan siyasətin nəticələridir.
- Amma Tiflisdə də, Kiyevdə də finallar olub. Heç Bakıya qarşı olan qərəzli məqalələr, kampaniyalar aparılmayıb...
- Gürcüstanla Azərbaycan arasında fərq var: din amili. Burada müsəlman- xristian faktoru var. Məgər avropalılar, ingilislər sənədlərə baxıb görmürlər ki, Qarabağ kimindir?
Sadəcə, göstərirlər Ermənistanla həmrəydirlər, ermənilərin xristian olduğunu nəzərə alırlar.
- Ermənistanla həmrəyik deyəndə Mxitariyan məsələsi də buna görə şişirdilmişdi?
- Əlbəttə. Britaniya mətbuatı o qədər yazdı, axırda İngiltərədə danışırdılar ki, sən demə, bu Mxitariyan bizim ölkəmizdə ən vacib oyunçu imiş, xəbərimiz yox imiş (gülür - E.S).
Axı Azərbaycan Avropa oyunlarını təşkil edəndə də erməni idmançılar Bakıya gəldilər və heç nə olmadı.
Amma bu gün Azərbaycanda QHT-lər var ki, erməni QHT-lərlə işləyirlər. Bunlar guya sülhə şərait yaradırlar. Ordular bir-biri ilə üz-üzə durub, bunlar sülhə şəraitdən danışırlar.
Hərdən mənə elə gəlir ki, ya dəli olmuşam, axı 23 ildən çoxdur deyirəm müharibədən başqa əlac yoxdur, ya da bunlar dəlidirlər sülhə hazırlıq deyirlər. İndi ritorik bir sual yaranır - harada müharibə ilə işğal edilmiş torpaq sülhlə qaytarılıb?
- Amma Rusiya amili var, müharibə başlasa ermənidən əvvəl rusla döyüşməliyik...
- Rusiya söhbəti yalandır. Həmin QHT-lərə pul ayırırlar ki, bu sözləri desinlər. Aprel döyüşlərindən sonra onların pulu artırılıb. Mən həmişə deyirəm ki, Gürcüstanın ərazi problemi ayrıdır, bizimki ayrı.
Gürcüstanda sülhməramlı qüvvələr dayanırdı. Azərbaycan ərazilərində nə rus, nə türk, nə BMT-nin sülhməramlı qüvvələri var.
Ona görə biz istəsək torpaqlarımızı işğaldan azad edə bilərik. Çünki Ermənistan ərazisində onlarla müharibə etməyəcəyik.
“Qarabağ erməni torpağıdır” təbliğatı gedir. Bu cür insanlar azərbaycanlı deyil, vətən xainləridir. Onlar guya xalqları sülhə hazırlayırlar. Amma sülhə hazırlamırlar, qrant yeyirlər.
