|
Bakı-Vaşinqton münasibətlərində yeni mərhələ

Son bir həftədə ABŞ prezidenti Donald Tramp azərbaycanlı həmkarı İlham Əliyevə iki təbrik məktubu yollayıb: 28 May Respublika Günü və Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin keçirilməsinin 26-cı ildönümü ilə bağlı. Bu məktublarda dünyanın supergücünün ölkəmizlə əməkdaşlıqda maraqlı olması əsas tezis kimi keçir. Hər iki məktubda daha çox enerji, ticarət, iqtisadiyyat, hərbi, terrorla mübarizə və təhlükəsizlik sahələrində əməkdaşlıq məsələləri yer alıb.

Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə “Yeni Müsavat”a bildirdi ki, bu məktublar Azərbaycan-Amerika münasibətlərinin yüksək səviyyədə olduğunun təzahürüdür: “Ölkələrimiz arasında çoxşaxəli əməkdaşlıq mövcuddur. Təhlükəsizlik, enerji, iqtisadi və digər sahələr üzrə əlaqələr get-gedə inkişaf edir. Son zamanlar münasibətlərin daha sürətlə inkişaf etməsinin bir sıra səbəbləri oldu. Əvvəlki administrasiyada bir çox siyasətçilərin Amerikanın erməni diasporu ilə çox sıx əlaqələri var idi. Amma Tramp Administrasiyasının erməni lobbisi qarşısında hər hansı bir məsuliyyəti yoxdur.

Asim Mollazadə ile ilgili görsel sonucu

 Asim Mollazadə 

Bunlar Azərbaycanın Amerika üçün önəmini yaxşı anlayırlar. Ölkəmizin regionda əsas inkişaf edən bir dövlət olduğunu da bilməmiş deyillər. Azərbaycanı Amerikaya tərəfdaş ölkə sayaraq, münasibətlərin inkişafı istiqamətində zəruri addımlar atırlar. Biz münasibətləri daha çox inkişaf etdirməliyik. Əməkdaşlığımız mütəmadi xarakter daşımalıdır”. 

Elxan Şahinoğlu ile ilgili görsel sonucu

Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Trampın məktubları ilə yanaşı Rusiya prezidentinin də məktubunu şərh etdi: “Hər iki məktubun mətnini oxuduqda Moskvanın və Vaşinqtonun Azərbaycana münasibəti aydın olur. Rusiya prezidentinin təbrik məktubunda bunlar yazılıb: ”Hörmətli İlham Əliyev. Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Sizin ölkəniz sosial-iqtisadi inkişaf yolunda inamla irəliləyir, beynəlxalq gündəlikdəki aktual məsələlərin həllində mühüm rol oynayır. Rusiyada Azərbaycan ilə strateji tərəfdaşlıq münasibətlərini yüksək qiymətləndirirlər. Əminəm ki, biz bütün sahələrdə səmərəli ikitərəfli əlaqələri, regional sabitliyin və təhlükəsizliyin təmin edilməsində konstruktiv qarşılıqlı fəaliyyəti birgə səylərimizlə bundan sonra da uğurla inkişaf etdirəcəyik. Heç şübhəsiz ki, bu, dost xalqlarımızın əsas mənafelərinə uyğundur. Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və uğurlar, Azərbaycanın bütün vətəndaşlarına isə firavanlıq və rifah diləyirəm".

ABŞ prezidenti Donald Trampın məktubu ile ilgili görsel sonucu

ABŞ prezidenti Donald Trampın məktubunda isə bunlar yazılmışdı: “Hörmətli cənab Prezident, 28 May - Respublika Günü münasibətilə Sizi və Azərbaycan xalqını Amerika xalqı adından və şəxsən öz adımdan təbrik edirəm. 1918-ci ildə həmin gün Azərbaycanın müstəqilliyi elan olunub və Azərbaycan Xalq Cümhuriyyəti yaradılıb. Yüz ildən artıq bir vaxt keçdikdən sonra ABŞ bütün azərbaycanlılarla birlikdə bu nailiyyətləri qeyd etməkdən məmnundur. Dövlətlərimiz arasında bir çox ortaq maraqlar üzərində qurulmuş güclü tərəfdaşlıq mövcuddur. Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfələri və Cənub Qaz Dəhlizi təşəbbüsünü irəli sürməklə Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində Sizin liderliyinizi dəyərləndirirəm. Azərbaycanda islahatlar istiqamətində, xüsusilə də qanunun aliliyi sahəsində Azərbaycan xalqının mənafeyinə xidmət edəcək və əməkdaşlığımızın dərinləşməsi üçün imkanlar yaradacaq bütün addımları alqışlayırıq. Həmçinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə və dayanıqlı həlli istiqamətində ATƏT-in Minsk Qrupu prosesində Sizin şəxsi iştirakınızı təqdir edirik. Tərəfdaşlığımızın gələcək illərdə də inkişaf etməsini səmimiyyətlə arzulayıram. Xahiş edirəm bu əlamətdar ildönümü münasibətilə bir daha təbriklərimi və ən xoş arzularımı qəbul edəsiniz”. Aydındır ki, məktubları prezidentlər özləri yazmır, buna onların vaxtı yoxdur, dövlət başçıları müşavirlərinin hazırladıqları mətnləri oxuyub kiçik düzəlişlərlə imza atırlar. Buna baxmayaraq, məktublardakı tezislər çox şeydən xəbər verir. Birincisi, Donald Trampın təbrik məktubu Vladimir Putinin təbrik məktubundan daha geniş və konkretdir. Tramp Azərbaycanda Respublika Gününün və Azərbaycanın müstəqilliyinin əhəmiyyətini vurğulayır. Putin məktubunda Azərbaycanın müstəqilliyi xüsusi olaraq vurğulanmır. İkincisi, Putinin məktubunda Dağlıq Qarabağ münaqişəsindən bir cümlə də yoxdur, halbuki Trampın məktubunda bu mövzuya xüsusi diqqət ayrılıb.

Bu onu göstərir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli Putin üçün əsas məsələ deyil. Üçüncüsü, Putinin məktubunda Azərbaycanla tərəfdaşlığın qarşısında “strateji” sözü var, Tramp isə “güclü tərəfdaşlıq” ifadəsindən istifadə edib. Dördüncüsü, Tramp İlham Əliyevə göndərdiyi bütün məktublarda olduğu kimi, Cənub Qaz Dəhlizi təşəbbüsündən və Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində oynadığı önəmli roldan söz açıb. Putinin məktubunda enerji əməkdaşlığı ilə bağlı bir cümlə belə yoxdur. Çünki belə bir əməkdaşlıq yoxdur. Donald Tramp bir neçə gün sonra İlham Əliyevə növbəti məktubunu göndərdi. Bu məktub Azərbaycanda keçirilən neft və qaz sərgisi ilə bağlı idi. Amerikadan hətta sərgidə iştirak etmək üçün yüksək rütbəli diplomat Bakıya gəldi və İlham Əliyevlə görüşdü. Onu da nəzərə almaq lazımdır ki, Donald Tramp bir çox ölkə, o cümlədən tərəfdaşları ilə münasibətlərdə problem yaşayır. Buna baxmayaraq, Tramp Azərbaycanla münasibətlərə önəm verir. Bu Azərbaycanın da xeyrinədir".