UEFA Avropa Liqasının Bakı finalı bitdi. Hamının maraqla, həyəcanla gözlədiyi, 204 ölkədə canlı yayımlanan iki London klubunun qarşılaşmasında “Çelsi” 4:1 “Arsenal”ı məğlub edərək, kuboku başı üzərinə qaldırdı.
Hər şey sakit, yüksək təşkilatçılıq çərçivəsində keçdi. İngilis fanatlar pivələrini də içdilər, hayqırdılar da, sərbəst şəkildə şəhəri gəzdilər də.
Əvvəldən yayılan dezinformasiyalar, nüfuzlu, özünə hörmət qoyan İngiltərə mətbuatının yazdığı məlumatlar təsdiqlənmədi. Bakıda nə təxribat, nə insident oldu, nə hansısa turistə qarşı kobudluq edildi.
Mxitaryan həşiri, UEFA prezidentinin şillə kimi cavabı...
![]()
Henrik Mxitaryan
“Yeni Müsavat” yada salır ki, final ərəfəsində başlanmış həşir təəccüb doğurmaya bilməzdi. Britaniyada qərəzli media nələr yazmırdı - “Arsenal”ın erməni əsilli oyunçusu Henrik Mxitaryana Bakıda təhlükə var, hotellər bahadır, təyyarələrimiz London havasını zəhərləyir, yol uzaqdır, ölkəmizdə 100 erməni belə yaşamır, Sumqayıtda və paytaxtda ermənilər qəddarlıqla qətlə yetirilib və s. və ilaxır...
Azərbaycanın Xarici İşlər Nazirliyi, Gənclər və İdman Nazirliyi dönə-dönə bəyan elədi ki, Mxitaryanın Bakıda gəlib oynamasına problem yoxdur, təhlükəsizliyə tam zəmanət verilir.
Buna qədər Azərbaycanda keçirilən idman və musiqi yarışmalarında onlarla erməni iştirak edib, heç bir problem də olmayıb. Mxitaryan da fürsətcillik elədi bu hadisədə. Olmayan problem ətrafında şou yaratdı.
Üstəlik, özünü transfer bazarına çıxarıb, şələ-şüləsini qoltuğuna vurub, “Arsenal”dan yola saldıqları ərəfədə dünyanın diqqətini finala yox, özünün Bakıya getməməsinə cəlb elədi.

Aleksandr Çeferi
UEFA prezidenti Aleksandr Çeferin də mətbuat konfransında bildirmişdi ki, erməni mətbuatının yazdığı onu maraqlandırmır: “Azərbaycan dövləti bütün təminatları verdi. Bura gəlməmək Mxitaryanın şəxsi qərarı idi. Heç bir problem görünmürdü”.
Yəni gənclər və idman naziri Azad Rəhimov demişkən, daha nə deyilməliydi, hansı təminat verilməliydi ki, erməni futbolçu burada oynasın.

2020 matçlarına doğru bir nümunə...
Bundan başqa, ingilis qəzetləri Azərbaycanı təhlükəli ölkə kimi qələmə verməyə başladılar. Ancaq bp kimi nəhəng neft şirkətinin 1994-cü ildən Bakıda rahat neft çıxardığını söyləmədilər.
Nəhayət, Britaniyanın Bakıdakı səfiri bütün bu kampaniyaya münasibət bildirdi, diplomatik dillə hər şeyin qaydasında olduğunu vurğuladı.
Elə də oldu. Avropa Liqasının Bakıda final oyununun uğurla keçirilməsi bir daha Azərbaycanın böyük beynəlxalq tədbirləri, o cümlədən bütün dünyanın diqqət mərkəzində olan idman yarışlarını yüksək səviyyədə təşkil etmək bacarığını nümayiş etdirdi.
Bir daha sübut olundu ki, Azərbaycan belə nəhəng tədbirləri təşkil etmək üçün müasir infrastruktura malik ölkədir.
Hər hansı bir problemin, ciddi insidentin olmaması tədbirin yüksək səviyyədə təşkil olunduğunu aydın nümayiş etdirdi.
Hazırlığın yüksək səviyyəsi xaricdəki anti-Azərbaycan qüvvələrin iddialarını alt-üst etdi, qara piar kampaniyası effekt vermədi.
Azərbaycan təsdiq etdi ki, 2020-ci ildə Avropa çempionatının 4 oyununu da yüksək səviyyədə təşkil etmək və uğurla keçirmək gücünə, bacarığına malikdir.

Fəzail Ağamalı
Deputat: “Milli mənliyini itirənlər erməninin yanında oldular”
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının üzvü, deputat Fəzail Ağamalı “Yeni Müsavat”a Bakı finalının son dərəcə maraqlı alındığını qeyd etdi.
Deputatın fikrincə, “Çelsi” “Arsenal”a dərs verdi: “Mən bir ”Çelsi" azarkeşi olaraq bu qələbəyə sevindim və Sankt-Peterburqda televiziyadan oyunu izlədim. Bu finalda Azərbaycan tamaşaçıları da yüksək mədəniyyətini, elitarlığını nümayiş etdirdilər".
F.Ağamalının sözlərinə görə, final oyununun təşkilatçılığı və təhlükəsizlik tədbirləri ən peşəkar səviyyədə idi: “Mən xüsusi olaraq qeyd etmək istərdim ki, Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın final oyunu ilə təşkilatçılıq işlərində yüksək istedadı böyük rol oynadı. Nəhayət, kifayət qədər fərqli yanaşmalar olan bir oyun başa çatdı. Əsas məqam ondan ibarətdir ki, Bakı dünya toplantılarının, beynəlxalq yarışların, konfransların keçirildiyi təhlükəsiz bir məkana çevrilib.
Buna qədər biz İslam Həmrəyliyi Oyunları, Avropa Oyunları, Avroviziya mahnı yarışması, müxtəlif forumlar, sivilizasiyalarası dialoqlar keçirmişik. Biz bir Azərbaycan brendini, imicini ortaya qoymuşuq".
Deputat bildirdi ki, belə bir infrastruktur yaratmış, müxtəlif tədbirlərə ev sahibliyi etmiş, təhlükəsizliyi peşəkar səviyyədə təşkil eləmiş ölkə futbol finalında problem yaşamamalı idi: “Belə də oldu, Azərbaycanda hər hansı xoşagəlməz hadisə yaşanmadı. Sadəcə, anti-Azərbaycan qüvvələr, şəxsiyyətini, milli mənliyini itirənlər erməninin yanında oldular. Onlar müxtəlif bəhanələrlə üstümüzə gəldilər”.
F.Ağamalı qeyd etdi ki, prezidentin komandasının təşkilatçılıq işlərində xüsusi rolu oldu: “AFFA prezidenti Rövnəq müəllimə, gənclər və idman naziri Azad Rəhimova, bu işdə əməyi olan hər kəsə təşəkkür düşür. Mən prezident İlham Əliyevi təbrik edirəm. Bizi istəməyən qüvvələri peşman edə bildik. Azərbaycanı istəyənlər sevindi, istəməyənlərin başı yerə əyildi. O başların əyilməsi dövlətimizin qarşısında əyilməkdir”.
Müsahibimizin fikrincə, final ərəfəsində qara piar kampaniyası aparanların məqsədi ölkəni gözdən salmaq idi: “Onlar Azərbaycanı dünyada nüfuzdan salmaq, başqa rəng, görkəm vermək istədilər. Çünki bizim söz sahibi olaraq fəaliyyətimiz genişləndikcə gözü götürməyən qüvvələr gözdən salmağa çalışırlar.
Burada xüsusi olaraq erməni diasporundan maliyyələşən lobbilərin fəaliyyətini qeyd edərdim. Həmçinin xristian təəssübkeşliyi göstərdilər. Onlara qoşulan xəyanətkar anti-milli qüvvələr də Azərbaycanı nüfuzdan salmaq istədilər. Ancaq yenə də onların planları alt-üst edildi və prezidentin komandası peşəkarlıq göstərdi".

Oqtay Əsədov
Spikerdən hüquq-mühafizə orqanlarına təşəkkür
“UEFA Avropa Liqasının final matçı Azərbaycanda yüksək səviyyədə keçdi”. Bunu Milli Məclisin sədri Oqtay Əsədovdeyib. Spiker bildirib ki, oyun zamanı bütün qaydalar, təhlükəsizlik və asayiş yüksək səviyyədə təmin olundu: “Hamınızı təbrik və hüquq-mühafizə orqanlarına asayişi yüksək səviyyədə qoruduğu üçün təşəkkür edirəm”.
Aqil Abbas: “Şər-böhtan atanların cavabını verdik”
“Avropa Liqanın final oyununun ölkəmizdə keçirilməsi son illər Azərbaycanda gedən inkişafı bütün dünyaya göstərdi”.
Bu sözləri deputat Aqil Abbas deyib. O bildirib ki, ölkəmiz belə mötəbər yarışlar keçirməyə tam hazırdır: “Avroliqa final oyunu ərəfəsində ölkəmizdə təhlükəsizliyin aşağı səviyyədə olması barədə mənfi fikirlər yayırdılar. Bizə şər-böhtan atanların cavabını final oyununu möhtəşəm keçirməklə verdik. Ümumiyyətlə, Azərbaycan belə mötəbər yarışlara dəfələrlə ev sahibliyi edib və hər biri də belə uğurlu keçib”.

Jalə Əliyeva
Jalə Əliyeva: “Sapı özümüzdən olan baltaların...”
“Biz Azərbaycana qarşı davamlı olaraq ikili standarlardan çıxış edən ölkələrin və onların dəyirmanına su tökən sapı özümüzdən olan baltaların informasiya təzyiqinə məruz qalırıq”.
Bu sözləri isə Axar.az-a deputat Jalə Əliyeva bildirib. Onun fikrincə, bəzi qüvvələrə Azərbaycana qara yaxmağa öz içimizdə olan satqınlar kömək edir: “Biz bu hallara öyrəşmişik. Azərbaycan hansısa irimiqyasılı, beynəlxalq bir layihəyə ev sahibliyi etməyə hazırlaşarkən yalan, böhtan dolu qara piar həyata keçirilməyə başlanılır.
Elə ölkəmizin ev sahibliyi etdiyi Avropa Liqasının final oyunu ilə bağlı da heç bir həqiqəti əks etdirməyən, xəstə təxəyyülün məhsulu olan informasiyalar yayıldı".
Deputat Azərbaycana gələn turistlərin ölkəmizdən razı qaldıqlarını qeyd edib: “Halbuki ölkəmizə gələn turistlər, azarkeşlər, bütün qonaqlar görürlər ki, bu məlumatların hamısı, sadəcə, təxribatdır. Hansısa təxribatdan, kiminsə həyatına qarşı sui-qəsddən və onların uydurduğu digər təzyiqlərdən söhbət belə gedə bilməz”.
Deputat Naqif Həmzəyevin sözlərinə görə, I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, 42-ci Ümumdünya Şahmat Olimpiadası, bədii gimnastika üzrə Dünya Kuboku, Formula I Qran-pri yarışlarının ölkəmizdə keçirilməsi də Bakının təsadüfi seçim olmadığını deməyə əsas verir.

Aynur Camalqızı
Aynur Camalqızı: “Atılan daşlar havada qaldı”
“Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camalqızı söyləyib ki, final oyunu ərəfəsində yaranmış ajiotaj zamanı daxildəki bəzi qüvvələrin ermənipərəst xarici qüvvələrə necə dəstək verməsinin şahidi olduq: “Bu, utancvericidir. Hətta şəhidlərimizə, qəhrəmanlarımıza belə hücumlar oldu. Təbii ki, bu da ermənilərə dəstək kampaniyasının bir parçası idi. ”Arsenal" - “Çelsi” oyunu ilə Azərbaycan bir daha yüksək təşkilatçılıq və qonaqpərvərlik nümunəsi göstərmiş oldu. Bununla Azərbaycanı hədəf seçmiş bütün qüvvələrə cavab verildi. Atılan daşlar havada qaldı. Azərbaycan demokratik inkişaf yolu seçmiş, plüralist cəmiyyət, tolerant, multikultural ölkə olduğunu bir daha nümayiş etdirdi".
![]()
Natiq Cəfərli
Natiq Cəfərli: “20 minə yaxın turist gəlib”
REAl Partiyasının icraçı katibi, iqtisadçı Natiq Cəfərli bildirib ki, finalın Azərbaycanda keçirilməsi həm ölkənin tanıtımı, həm də iqtisadi cəhətdən uğurudur: “Çünki finalın keçirilməsi üçün büdcə xərcləmələrinə, əlavə məsrəflərə ehtiyac olmadı. Bir günlük tədbirlə bağlı Azərbaycanda 2-3 gün turist olur ki, bu da infrasturkturla bağlı əlavə narahatlıq yaratmır”.
İqtisadçı finala görə ölkəyə 20 minə yaxın turistin gəldiyini qeyd edib: “Gürcüstan üzərindən qatar, avtomobil və avtobusla gələnlərin sayı bilinmir. Təyyarə ilə gələnlərin sayı 12 min olub. Ümumilikdə final yarışını izləmək üçün Bakını 20 minə yaxın turistin ziyarət etdiyi bildirilir. Hər bir turistin hotellərdə, restoranlarda, kafelərdə ortalama 500-600 dollar xərclədiyini nəzərə alsaq, iqtisadiyyat üçün kifayət qədər gəlirlidir. Bu baxımdan bu cür idman yarışlarının keçirilməsi, digər yarışlarla müqayisədə daha cəlbedici və gəlirli hesab edilir”.
Xatırladaq ki, finalda məğlub olan “Arsenal” klubu kubokla bərabər növbəti mövsümdə Çempionlar Liqasında oynamaq hüququndan da məhrum oldu.
