Özünü polis əməkdaşı kimi təqdim edən şəxs hakim qarşısına çıxarılıb. O, bir neçə nəfərə qarşı soyğunçuluq etməkdə ittiham edilir.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 1988-ci il təvəllüdlü Bakı şəhər sakini Şaban Məmmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub. Hökmə əsasən Şaban Məmmədov 9 il müddətinə azadlıqdan məhrum edilib.
Rəsmi məlumata görə, paytaxt sakini Ülvi Abdullazadə “Ukrayna” dairəsində yerləşən parkda bir nəfərin ona yaxınlaşdığını və soyğunçuluq yolu ilə 100 manat pulunu əlindən aldığını bildirib.
Araşdırma zamanı məlum olub ki, Ş.Məmmədov daxili işlər orqanlarının əməkdaşı olmadığı halda, özünü zərərçəkənə polis kimi təqdim edərək qeyd edilən cinayəti törədib. Onun ətrafında keçirilən əlavə əməliyyat tədbirləri ilə Ş.Məmmədovun daha 4 nəfərə qarşı eyni üsulla soyğunçuluq etdiyi məlum olub. O, əsasən parka gələrək istirahət edən cütlüklərə yaxınlaşaraq ictimai asayişi pozmaq bəhanəsi ilə pul tələb edirmiş.
Qeyd edək ki, Şaban Məmmədov barəsində Cinayət Məcəlləsinin 180.2.4-cü (soyğunçuluq; insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədildikdə), 310-cu (Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 228-ci (qanunsuz olaraq silah saxlama) maddələri ilə ittiham irəli sürülüb.
Məhkəmə iclasında məlum olub ki, Şaban Məmmədov daha əvvəl polis əməkdaşı olub. O, qanunsuz əməllərinə görə daxili işlər orqanlarından qovulub.
