Novruz bayramı ilə əlaqədar ölkə başçısı tərəfindən imzalanan əfv sərəncamı ətrafında söz-söhbətlər bitmir. Müsavat başqanının həbsdəki müavini Tofiq Yaqublu İşçi Qrupunda təmsil olunan hüquq müdafiəçilərini qurumu tərk etməyə çağırıb. Başqan müavini fikirlərini belə əsaslandırıb: “Artıq neçənci dəfədir ki, onların siyasi məhbuslarla bağlı tələblərinə məhəl qoyulmur”.
Adları çəkilən hüquq müdafiəçilərinin bununla bağlı mövqelərini öyrəndik. Novella Cəfəroğlu ölkə xaricində olduğuna görə qayıdanda müraciətə cavab verəcəyini bildirdi. Arzu Abdullayeva başqan müavininin fikirlərinə hörmətlə yanaşdığını söylədi: “Tofiq bəyə hörmətim var. Daimi əlaqələrimiz olub. Onu başa düşürəm ki, bu bir etirazdır. Onlar dar çərçivədə oturub, həqiqətin mahiyyətini bilmirlər. Əgər biz İşçi Qrupunu tərk etsək, mənfi nəticələri olacaq. Bu təkcə Tofiq bəyin taleyi deyil. Bir il idi ki, İşçi Qrupunun bərpa olunmasına çalışırdıq. Bu, Avropa Şurasının baş katibi Torbörn Yaqlandın təşəbbüsüdür. Onu da pis vəziyyətdə qoyarıq. Buna görə İşçi Qrupunu tərk etsək, ağılsızlıq olardı. İşçi Qrupunun normal işləməməsi bizə pis təsir edir. Amma bu, o demək deyil ki, qurum işləmir. Görüşlərimiz daim davam edir. Həqiqət odur ki, ölkəmizdə vətəndaş cəmiyyətinə qarşı təzyiqlər var. Biz istədiyimiz zaman hakimiyyət nümayəndələri ilə görüşə bilirik. Martda istədiyimiz əfv olmadı və çox məyus olduq”.
Mirvari Qəhrəmanlı İşçi Qrupunu tərk etmək barədə düşünmədiyini qeyd etdi: “Tofiq bəyə çox hörmət edirəm. Amma hələlik bu haqda düşünməmişəm. Düşünməmiş, məsləhətləşməmiş, arqumentlərə söykənməmiş qərar qəbul etmirəm. Hansısa bir quruma daxil olanda, yaxud ordan istefa verəndə həmişə qərarı rəhbərlik etdiyim təşkilat üzvləri ilə məsləhətləşirəm. Ona görə ki, mən məmur deyiləm, insan hüquqlarının müdafiəsi ilə məşğul olan ictimai təşkilat rəhbəriyəm. Yəni təşkilat bir özüm və papkamdan ibarət deyil ki, istənilən quruma daxil olum və təklif olanda o qurumdan çıxım”.
Müraciətdə adı qeyd olunan daha bir hüquq müdafiəçisi Səadət Bənənyarlı İşçi Qrupunu tərk etməyin çıxış yolu olmadığını bildirdi: “Tofiq Yaqublunun müraciətini yaxşı anlayıram. Onların gözləntiləri İşçi Qrupundan böyükdür. İstərdik ki, böyük əfv olsun. Öz adıma deyə bilərəm ki, əgər İşçi Qrupunu tərk etməyimlə bütün problemlər həll olunsa, bu dəqiqə qurumu tərk edərəm. Amma bilirəm ki, bu, çıxış yolu deyil. Yenə də dialoq üçün bir müstəvidir. Əlimizdən gələni etməyə çalışırıq”.//Musavat
