İran və ABŞ qarşıdurması pik nöqtəsinə yaxınlaşıb. Heç də istisna deyil ki, Vaşinqton İran probleminin hərbi həllinə qərar versin. Bununla yanaşı, indiki mərhələdə ABŞ kimi rəqibə qarşı durmaqdan ötrü Tehranın hərbi-texniki gücü açıqca yetərli deyil.
İndi hamı həyəcanlanıb: Fars körfəzində qaynar münaqişə alovlanacaqmı? İran səudlarla vuruşacaqmı? İş ABŞ və Tehran savaşına qədər gedib çıxacaqmı? Yəni olmayan müharibənin sualları, gərginliyi günlərdir yaşanmaqdadır. Hələ bir neçə ay qabaq “Şimali Koreya və ABŞ arasında nüvə savaşı qopacaq” nidaları səslənirdi. Bəs nəticəsi nə oldu? Məsələ yoluna qoyuldu.
Tramp bir yandan Tehrana qarşı ard-arda sanksiya qoyur və hərbi gəmiləri Fars körfəzinə yığır, o biri yandan isə açıq deyir: “Mənə zəng edin!”
“Bu, zarafat deyil”, Tramp bildirib: “İran sıradakını etməlidir: qoy mənə zəng etsinlər, oturaq, danışaq və ədalətli saziş bağlayaq. Biz İrana ziyan vurmaq istəmirik”.
Aydındır ki, Tramp Tehranı yalnız iqtisadi və diplomatik həmlələrlə diz üstə qoymaq cəhdini davam etdirəcək.
Beynəlxalq balanslar da İranın xeyrinədir. Tramp bir il qabaq İranla nüvə sazişindən çıxanda Avropa Birliyi (AB) sazişin saxlanması uğrunda təkidlə çıxış edib. AB xarici işlər nazirləri lap bu günlərdə Brüsselə yığışıb və bəyanat veriblər: “Biz sazişi qətiyyətlə dəstəkləyirik”.
Təhlilçilərin fikrincə, sonda İranın Çinə verdiyi neftin miqdarının məhdudlaşdırılması və ya sıfırlanması tələb olunur. ABŞ öz yolunu cızmaqdan öncə Çini iqtisadi baxımdan qəti nəzarət altına almağı düşünməkdədir. İrana təzyiqlər də Çinə gedən yolu açmaqdan ötəridir.
Elxan Şahinoğlu: “Amerika istəyir ki, İranı iqtisadi yolla çökdürsün və rejim dəyişsin”
Politoloq Elxan Şahinoğlunun “Yeni Müsavat”a bildirdiyinə görə, ABŞ-la İran arasında psixoloji savaş gedir. Siyasi şərhçi hazırkı situasiyada tərəflərin bir - birinə təzyiq göstərdiyini dedi. E.Şahinoğlu hesab edir ki, üçüncü tərəfin təxribatı olmasa, körfəzdə müharibə olmayacaq: “İran da Vaşinqtona iki ay vaxt verib ki, nüvə anlaşmasına qayıtmasaq, uran zənginləşdiriləcək. Bu gün qüdrətinə görə Amerika üstündür. Bir qığılcım yaranarsa, toqquşmalar baş verə bilər. Əslində Səudiyyə tankerlərinə hücum olub və bunu kimin etdiyi bilinmir. Görünür ki, kimlərsə müharibənin başlamasında maraqlıdır. Eyni zamanda İranda mühafizəkarların mövqeyi ABŞ-a sərt cavab verməkdən ibarətdir. Amerika istəyir ki, İranı iqtisadi yolla çökdürsün və rejim dəyişsin. Lakin İran Suriya, Misir deyil”.
E.Şahinoğlnun fikrincə, Trampın strategiyası əvvəlcə hədələmək, sonra rəqibi danışıqlar masasına oturtmaqdır:“Şimali Koreya məsələsini düz xatırlatdınız. Onda da Tramp gəmilərini göndərdi, sonra danışıqlar getdi, yumşalma oldu. Eyni siyasəti İrana qarşı aparır. İran isə Şimali Koreya deyil. Ümumiyyətlə, üçüncü qüvvə təxribat etməsə, Fars körfəzində müharibə olmayacaq”.
Qeyd edək ki, mayın 20-də ABŞ prezidenti Donald Tramp İranı Vaşinqtonun ünvanına təhdidlərə son verməyəcəyi halda bunun ağır nəticələri olacağı barədə xəbərdarlıq edib. Bu barədə ABŞ prezidenti twitter hesabında yazıb: “Əgər İran döyüşmək istəsə, bu, İranın rəsmi sonu olacaq. Bir daha heç vaxt Birləşmiş Ştatları təhdid etməyin”.
