|
ADP sədrinin “O saziş imzalanmayacaq” sözünə YAP-dan reaksiya

ADP sədri Sərdar Cəlaloğlu Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında strateji tərəfdaşlıq sazişinin imzalanacağına inanmır. Bununla bağlı “Hürriyyət” qəzetinə açıqlama verən partiya sədri bildirib ki, rəsmi Bakı heç vaxt bu sazişi imzalamayacaq.

S.Cəlaloğlu fikirlərini bəzi arqumentlərlə əsaslandırıb. O hesab edir ki, insan haqları və demokratiya məsələsində Azərbaycan Avropa Birliyi ilə heç vaxt uyğun gələ bilməz. Bundan əlavə, ADP sədri bildirir ki, Azərbaycan Avropa Birliyinin Ombudsmanını öz idarəetmə sisteminə heç vaxt buraxmaz. Belə olan halda isə Aİ ilə rəsmi Bakının əməkdaşlığını mümkünsüz sayır.

YAP-çı deputat Aydın Mirzəzadə sazişin imzalanacağını əminliklə söylədi: “Burada bir variant ondan ibarətdir ki, Sərdar bəyin Avropa Birliyi ilə sıx əlaqəsi var və onlar Azərbaycanla bağlı bu cür məlumatları ona çatdırırlar. İkinci variant isə o ola bilər ki, Sərdar bəy gündəmdə qalmaq və bu cür orijinal yanaşması ilə diqqəti cəlb etmək istəyir. Mənim isə qənaətim ondan ibarətdir ki, hazırda Azərbaycanla Avropa İttifaqı arasında saziş ətrafında iş gedir. Tərəflər əks tərəfi qane edəcək variant üzərində işləyirlər. Saziş mütləq imzalanacaq. Çünki bu Azərbaycandan daha çox Avropaya lazımdır. Ölkəmiz bu gün müstəqil daxili və xarici siyasəti ilə öz güclü iqtisadiyyatını qura bilib. Azərbaycan bu gün Şərqlə Qərb arasında körpü rolunu oynayır. İnsan hüquqlarının  qorunduğu bir ölkə olaraq Azərbaycan nümunəvi müsəlman Şərq ölkəsidir. Azərbaycan inkişaf dinamikliyi ilə seçilən, dünyada ciddi əhəmiyyət verilən bir ölkə olduğu üçün ABŞ və Rusiyanın Baş Qərargah rəislərinin görüşdüyü bir məkandır. Avropa bununla öz dəyərlərini daha geniş coğrafiyada yaymasına və onun dəyərlərini bölüşən tərəfdaşını tapmasına nail olur. Azərbaycana da Avropa lazımdır. Dünyada sülhün, sabitliyin bərqərar olunmasında, daha çox ölkələrlə əməkdaşlıq etməkdə maraqlıyıq. Son Brüssel sammitində hər hansı bir sazişin imzalanması nəzərdə tutulmamışdı. Bununla bağlı müxalif qüvvələrin dedikləri həqiqətdən tamamilə uzaqdır. Saziş üzərində hələ ki iş gedir. Bu sazişin əsas məğzi Avropa Birliyi tərəfindən Azərbaycanın ərazi bütövlüyünün tanınması olacaq. Bu saziş ölkəmizin maraqlarına tam cavab verəcək. Sərdar bəyin kənardan aldığı bədbin proqnozu bölüşmürəm”.