Ermənistan işğalçılıq niyyətindən əl çəkməyəcəyini son təxribatı ilə bir daha nümayiş etdirdi. Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) son məlumatına görə, aprelin 29-30-da Qazax rayonu istiqamətində Ermənistanla dövlət sərhədindəki sərhəd döyüş məntəqələri günün müxtəlif vaxtlarında Ermənistanın silahlı qüvvələrinin bölmələri tərəfindən bir neçə istiqamətdən iriçaplı silahlardan dəfələrlə intensiv atəşə tutulub.
Təbii ki, Azərbaycan sərhədçiləri düşmənin təxribatına ona layiq olan cavabı veriblər. Bölmələrimizin atəşə tutulduğu Ermənistan silahlı qüvvələrinin döyüş mövqeləri istiqamətində cavab atəşi açılıb. Ermənistan Müdafiə Nazirliyi isə bundan sonra ənənəvi hay-küyünə başladı. Rəsmi məlumata görə, 32 yaşlı hərbçi (onun rütbəsi açıqlanmır - red.) Arqişti Sepxanyan başından güllə yarası alıb. “Yeni Müsavat” erməni mediasına istinadən xəbər verir ki, mayın 1-də erməni hərbçi əməliyyat olunub. Erməni tərəfin məlumatına görə, hərbçi Tavuş vilayətinin Bağanis kəndində yaralanıb. Qeyd edək ki, hadisə Qazax rayonu ilə həmsərhəd bölgədə baş verib. Qazax rayonunun 7 kəndini işğal edən Ermənistan tərəf həyasızcasına Azərbaycana qarşı ərazi iddialarını davam etdirir.
Baş vermiş insidentlə bağlı digər maraqlı məlumat yayılıb. Belə ki, Ermənistanın bəzi KİV-ləri atışma nəticəsində xeyli sayda əsgər və zabitin yaralandığını yazıb. Yaralılar arasında ölənlərin olduğu da deyilir (unikal.org).

Ermənistanın müdafiə naziri David Tonoyan bir müddət öncə Azərbaycanla sərhədə gələrək mövqelərimizə tərəf boylanmış, hərbçilərə tapşırıqlarını vermişdi. O zaman bəzi müşahidəçilər düşmənin hər an təxribat törədə biləcəyini deyirdilər. Özü də erməni nazir intensiv danışıqların davam etdiyi bir vaxtda hərbi ritorikaya güc vermiş, hətta Azərbaycanı yeni əraziləri işğal etməklə hədələmişdi. Ermənistanın Qarabağ istiqamətindən deyil, məhz iki dövlətin sərhədindən hərəkətə keçib təxribata əl atması isə sözsüz ki, hesablanmış addım idi. Özü də bu hadisə Rusiyanın baş naziri Dmitri Medvedyevin İrəvanda olduğu zaman baş verdi. Görünür, bununla Paşinyan hökuməti “Rusiyadan əlavə təhlükəsizlik tədbirləri” ilə bağlı təminat almaq istəyib. Vaxtilə Serj Sərkisyan da helikopterlərdən birini Azərbaycanın mövqelərinə doğru uçurtmuşdu. O da istisna deyil ki, daxildə heç bir uğura nail olmayan yeni hökumət ənənəvi “xarici düşmən” amilinə diqqət yönəltməklə öz rəqiblərini neytrallaşdırmaq istəyir.
*****

İndiki həssas dönəmdə qardaş Türkiyədən Azərbaycana növbəti dəstək gəlib.
“Təbii ki, dost və qardaş Azərbaycanın razılıq vermədiyi həll yolunu Türkiyənin dəstəkləməsi mümkün deyil. ATƏT-in Minsk Qrupunun üzvü olan Türkiyə digər Minsk Qrupu ölkələri kimi həmsədrlər tərəfindən mütəmadi olaraq həll prosesi ilə bağlı məlumatlandırılır”.
Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən açıqlamada belə deyilir. Bu bəyanatın məhz Türkiyə-Azərbaycan birgə hərbi təlimlərinin keçirildiyi zaman səslənməsi də mühüm əhəmiyyətə malikdir.
Belə ki, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, mayın 1-də “Mustafa Kamal Atatürk-2019" Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimi başlayıb. Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimin əsas məqsədi qərargahların müştərək planlarının hazırlanması, şəxsi heyətin döyüş hazırlığı səviyyəsinin artırılması və onların birgə əməliyyatları icra etmək vərdişlərinin inkişaf etdirilməsi ilə Azərbaycan və Türkiyə hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinin koordinasiyasına nail olmaq, həmçinin təcrübə mübadiləsi həyata keçirməklə iki ölkənin hərbi qulluqçularının qarşılıqlı münasibətlərinin və qarşılıqlı anlaşmasının yüksək səviyyədə saxlanılmasıdır.
Birgə təlimə iki ölkə ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, Hərbi Hava Qüvvələrinin döyüş və nəqliyyat helikopterləri, həmçinin hava hücumundan müdafiə və zenit-raket bölmələri cəlb edilib. Təlim mayın 3-dək davam edəcək.
İstanbulda səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov mayın 1-də türkiyəli həmkarı Hulusi Akarla görüşüb ki, bu da önəmli hadisədir.
****

Keçirilən təlimlər və Türkiyə-Azərbaycan hərbi müttəfiqliyi Ermənistanda və Rusiyanın bəzi dairələrində narahatlıqla qarşılanıb. Erməni ekspertlər hesab edirlər ki, ad açıqlanmasa da, təlimlərin hədəfi Ermənistandır. Erməni şərhçi Aram Sarkisyan bu təlimlərin hədəfinin nəzəri baxımdan Ermənistan olduğunu və Dağlıq Qarabağ məsələsində hərbi təzyiqin edildiyini iddia edib. O, məsələ ilə bağlı Rusiyanın erməniyönümlü ekspertlərinə müraciət edib.
Moskvanın MDB İnstitunun direktor müavini Vladimir Yevseyev iddia edib ki, bu təlimlər təkcə Ermənistan yox, Rusiya maraqlarına qarşı da yönəlib. “Ermənistan-Rusiya münasibətləri Ermənistanla hərbi münaqişəyə icazə vermir. Bunu Türkiyə də anlayır. Əgər Ermənistana hücum olacaqsa, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı müdaxilə edəcək”, - deyə Yevseyev bildirib.

Politoloq, sabiq dövlət müşaviri Qabil Hüseynli Publika.az-a deyib ki, bölgədə təkcə hərbi təlimlər keçirən Türkiyə-Azərbaycan deyil, Rusiya-Ermənistan birliyi də var: “Məyusluq içində olan Ermənistan və Rusiya ictimaiyyətinə xatırlada bilərik ki, artıq neçənci dəfədir, Ermənistan ərazisində Rusiya qoşunları ilə birgə hərbi təlimlər keçirilib. Bu təlimlərdə Hərbi Aviasiya iştirak edir, Tank Qoşunları və Quru Qoşunları qatılır. Özü də təlimlər ildə, ən azı, iki dəfə keçirilir və çox böyük coğrafiyanı əhatə edir. Üstəlik, bu azmış kimi, Ermənistanın ərazisində Rusiyanın iki böyük hərbi bazası var. Bu bazalarda olan qoşun kontingenti yeri gələndə ermənilərlə birlikdə hərbi təlimlərə cəlb olunurlar. Ermənistan Rusiya ilə birlikdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı - ”Rus NATO-su"nun üzvüdür. Yəni bu o deməkdir ki, bu dövlətlər KTMT-nin də təlimlərində birgə iştirak edirlər. Bütün bunlar göstərir ki, Rusiya-Ermənistan qoşunları bir-birinə daha çox inteqrasiya edib. Bura Rusiyanın 3 dəfə çox böyük məbləğdə Ermənistana silah krediti verdiyini, Boris Yeltsinin dövründə 1 milyarddan çox dəyəri olan silah-sursatın Ermənistan ordusuna hədiyyə edildiyini, həmçinin Gürcüstandan çıxarılan Rusiya qoşunlarının bütün hərbi təchizatının hamısının Ermənistana göndərildiyini əlavə edə bilə".
Q.Hüseynli onu da vurğulayıb ki, əgər Ermənistanın işğalçılıq faktoru olmasaydı, bölgə daha sabit, sülh içində olardı".

Ehtiyatda olan zabit, polkovnik Şair Ramaldanov isə “Yeni Müsavat”a dedi ki, Türkiyə və Azərbaycanın birgə hərbi təlimləri planauyğun şəkildə, mütəmadi qaydada həyata keçirilir: “Bundan əvvəl Türkiyə hərbçiləri Azərbaycana gəlmişdilər və hərbi mütəxəssislərimiz C-300-lə bağlı onlara dərs keçdilər. Yəni bu təlimlər heç bir başqa ölkəyə qarşı yönəlməyib”.
Ş.Ramaldanov erməni tərəfinin narahatlığını təbii saydı: “Birincisi, Azərbaycan heç vaxt gizlətməyib ki, günün birində antiterror əməliyyatı keçirə, yaxud torpaqlarını azad etmək üçün hərbi əməliyyatlara başlaya bilər. Bu barədə dəfələrlə xəbərdarlıqlar da edilib. O ki qaldı Azərbaycan və Türkiyə birgə hərbi təlimlərinə, bunun Qarabağdakı antiterror əməliyyatına aidiyyəti yoxdur, bu, planda olan təlimlərdir. Azərbaycanın müştərək və ya fərdi təlimlərindən Ermənistanın narahat olması təbiidir. Düşmən bilir ki, Azərbaycan gündən-günə hərbi hazırlığını yüksəldir və Türkiyə kimi qüdrətli orduya malik dövlətlə işbirliyi Azərbaycanın ilk növbədə imkanlarını göstərir. Digər tərəfdən, hələlik Türkiyənin Qarabağdakı antiterror əməliyyatlarına qatılıb-qatılmaması haqda heç bir söz-söhbət yoxdur”.
Polkovnik Ermənistanın son təxribatlarının təsadüfi olmadığını bildirdi: “Erməni tərəfi həmişə təxribata əl atıb və cavabını alıb. Ancaq son zamanlar Ermənistan rəhbərliyinin özü də təxribatçı çıxışlar edir və onun da əks-sədasını cəbhə xəttində, yaxud təmas xəttində müşahidə edirik. İstisna deyil ki, düşmən bizim sərhədçilərin ayıq-sayıqlığını yoxlamaq istəyirdi və cavabını da aldı”.
Hər halda, İrəvan nə yolla olursa-olsun başda Rusiya olmaqla, KTMT-ni Qarabağ savaşında tərəfə çevirməyə çalışır. Türkiyə-Azərbaycan hərbi müttəfiqliyi isə balansın yaranması üçün önəmli məsələdir və düşməni təşvişə salan da budur.
