Azərbaycan bu gün Avropa və dünyanın ən yüksək səviyyəli yarışlarını qəbul edir.
Bunu Trend-ə Milli Məclisin deputatı Rauf Əliyev deyib.
O qeyd edib ki, bu gün Bakıda bədii gimnastika üzrə Dünya Kuboku keçirilir:
“Mayın 16-da isə bədii gimnastika üzrə 35-ci Avropa çempionatı, ondan bir həftə sonra aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatı keçiriləcək”.
Gimnastikaya göstərilən qayğıdan danışan deputat Azərbaycanın Birinci vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanın bu idman növünün inkişafında rolunu xüsusi vurğulayıb:
“Qısa müddət ərzində Azərbaycan Gimnastika Federasiyası ciddi uğurlara nail ola bildi. Bunu gimnastlarımızın Olimpiya oyunlarında, dünya və Avropa çempionatlarında çıxışları da göstərir”.
Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kuboku keçirilir.
Turnirdə 39 ölkədən 200-dən çox gimnast mübarizə aparır. Üç gün davam edəcək yarışda ümumilikdə 25 qrup komandası və 70-dən çox fərdi gimnast hakimlər qarşısına çıxacaq.
Azərbaycanı Dünya Kubokunda fərdi proqramda Zöhrə Ağamirova və Veronika Qudis, həmçinin qrup hərəkətləri komandasının tərkibində Ayna Cəfərova, Simara Cəfərova, Güllü Ağalarzadə, Narın Qurbanova, Nərmin Cahangirova və Sonra Rəhmanova təmsil edirlər.
Turnirin ilk iki günü təsnifat mərhələləri baş tutacaq və çoxnövçülükdə ən yüksək xal toplamış 8 fərdi gimnast, həmçinin qrup komandası final mərhələsinə adlayacaq. 28 aprel tarixində isə həlledici final mərhələsinin qalibləri müəyyənləşəcək.
Bununla yanaşı, ən çox icra xalını yığmış gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” Kuboku təqdim olunacaq.
