|
Azərbaycan Çinin “Bir kəmər, bir yol” təşəbbüsündə rolunu artırır

Aprelin 25-27-də Çinin paytaxtı Pekində “Bir kəmər, bir yol” strategiyası çərçivəsində ikinci beynəlxalq əməkdaşlıq forumu keçiriləcək. Tədbirdə dövlət və hökumət başçıları, digər dövlət rəsmiləri, özəl sektor nümayəndələri, sərmayədarlar, beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı nəzərdə tutulur. “Bir kəmər, bir yol əməkdaşlığı, ümumi parlaq gələcək qurulması” mövzusundakı forumun 12 panel iclası və digər tədbirləri keçiriləcək.

Qeyd edək ki, “Bir kəmər, bir yol” strategiyasını Çin rəhbərliyi 2013-cü ildən irəli sürərək icra etməyə başlayıb. Strategiya tarixi İpək yolunun yeni variantda bərpası ilə Çinin Avropa və digər dünya ölkələri ilə iqtisadi əməkdaşlığının genişləndirilməsini nəzərdə tutur.  Çin hökuməti müxtəlif ölkələrin strategiyanın icrasına cəlb olunması istiqamətində aktiv siyasət yürütməkdədir. Ayrı-ayrı ölkələrə maliyyə-iqtisadi dəstəyin göstərilməsi bu siyasətin əsas tərkib hissəsidir. 2013-2018-ci illərdə “Bir kəmər, bir yol” strategiyasının əhatə etdiyi ölkələrlə Çin arasında ticarət dövriyyəsinin ümumi məbləği 6 trilyon ABŞ dollarını ötüb. Çinin Kommersiya Nazirliyinin məlumatına görə, “Bir kəmər, bir yol” ölkələri ilə ticarət dövriyyəsində artım illik orta hesabla 4 faiz təşkil edib. Strategiyanın elan edildiyi 2013-cü ildən ötən ilin sonunadək Çin şirkətləri “Bir kəmər, bir yol” ölkələrinə 90 milyard dollar birbaşa sərmayə yatırıb.

Regional tranzit qovşağına çevrilməkdə olan Azərbaycan “Bir kəmər, bir yol” strategiyası çərçivəsində Çin tərəfindən tətbiq olunan imtiyazlara sahiblənməyə çalışır. Çindən Avropaya yükdaşımaların reallaşmasında rolunu artırmağa çalışan Azərbaycan öz ərazisində bu sahədə zəruri olan infrastukturun formalaşdırılmasını başa çatdırmaq üzrədir. Buna görə də ölkə rəhbərliyi Pekində keçirilən ikinci beynəlxalq forumda bilavasitə iştirak edir. Belə ki, hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında böyük nümayəndə heyəti Pekindədir.

Çin rəhbəri: “Azərbaycan Avrasiya məkanında əməkdaşlıq üzrə Çinin əsas tərəfdaşlarından biridir”

Dünən prezident İ.Əliyev Çinin Sədri Si Cinpinlə görüşüb. “Yeni Müsavat” “AzərTAc”a istinadən xəbər verir ki, görüş zamanı Si Cinpin qeyd edib ki, Azərbaycan tərəfi və şəxsən Prezident İ.Əliyev Çin-Azərbaycan münasibətlərinin inkişafına, “Bir kəmər, bir yol” təşəbbüsünün birlikdə reallaşdırılmasına böyük diqqət yetirir: “Biz bunu yüksək qiymətləndiririk. Azərbaycan Avrasiya məkanında əməkdaşlıq üzrə Çinin əsas tərəfdaşlarından biridir. Siz həm də ”Bir kəmər, bir yol" layihəsinin reallaşdırılmasına ilk olaraq münasibət bildirənlərdən və bu işdə fəal iştirak edənlərdən birisiniz. Sizin ölkəniz Böyük İpək Yolu üzərində yerləşir və bu yolun bərpasında təbii tərəfdaşdır. Bizim əməkdaşlığımızın artıq bir sıra nəticələri var və bu əməkdaşlıq xalqlarımıza real fayda verir. Sizinlə birlikdə ortaq səylərimizlə “Bir kəmər, bir yol” layihəsinin reallaşdırılmasını davam etdirməyə, birgə inkişaf və firavanlıq naminə bütün sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı daim dərinləşdirməyə hazıram".

Prezidenti İ.Əliyev isə Azərbaycanın “Bir kəmər, bir yol” Forumunda iştiraka dəvət olunmağını yüksək qiymətləndirdiyini bildirib: “Bu forumun keçirilməsi çox böyük əhəmiyyət kəsb edir. Siz qeyd etdiyiniz kimi, Azərbaycan lap əvvəldən Sizin təşəbbüsünüzü dəstəkləyib və bu layihəni bizim irəli sürdüyümüz təşəbbüslər çərçivəsində fəal irəlilədir. 2015-ci ildə Sizin ölkənizə dövlət səfərimi və burada mənə göstərilən qonaqpərvərliyi xatırlamaq istərdim. O vaxt Sizinlə biz ”İpək Yolu İqtisadi Kəməri" haqqında Anlaşma Memorandumunu imzaladıq. Bu gün bizim siyasi münasibətlərimiz yüksək səviyyədədir. Biz beynəlxalq təşkilatlarda fəal qarşılıqlı əlaqə saxlayırıq”.

Çin rəhbəri öz növbəsində ölkəsinin Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini dəstəklədiyini vurğulayıb, həmçinin  “Bir kəmər, bir yol” layihəsi çərçivəsində Trans-Xəzər nəqliyyat dəhlizinin əhəmiyyətini qeyd edib.

Söhbət zamanı infrastruktur, logistika, energetika, turizm, kənd təsərrüfatı, investisiya, informasiya-kommunikasiya texnologiyaları, təhsil və humanitar sahələrdə, o cümlədən hüquq-mühafizə orqanları arasında əməkdaşlıq və beynəlxalq terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub.

Görüş zamanı Prezident İ. Əliyev Çin rəhbərini Azərbaycana səfərə dəvət edib və dəvət məmnunluqla qəbul olunub.

Prezident İ.Əliyev aprelin 24-də Pekində “ZTE” Korporasiyasının sədri Li Zixue ilə görüşüb. Korporasiyası sədri rəhbərlik etdiyi şirkətin dünyada telekommunikasiya avadanlıqlarının ən böyük təchizatçılarından biri olduğunu bildirib. Çində və xaricdə çoxlu tərəfdaşlarının olduğunu deyən Li Zixue Azərbaycan bazarında da gözəl əməkdaşlıq nümunələrinin mövcudluğunu vurğulayıb və ölkəmizlə tərəfdaşlıq əlaqələrini gücləndirmək istədiklərini bildirib.

Azərbaycan Prezidenti bu əməkdaşlığın uğurlu olacağına ümid etdiyini bildirib. İnformasiya-kommunikasiya texnologiyalarının inkişafının Azərbaycanda prioritet sahələrdən olduğunu deyən dövlət başçısı son illərdə bu sektorun inkişafı üçün xeyli işlərin görüldüyünü, bu sahəyə investisiyaların yatırıldığını, xarici tərəfdaşlarla əlaqələrin genişləndiyini deyib. Prezident həmçinin “ZTE” Korporasiyası ilə əməkdaşlıq üçün yaxşı imkanların olduğunu vurğulayıb.

Prezident İ.Əliyev Pekində “CETC International” Korporasiyasının baş direktoru Vu Mançin ilə də görüşüb. Görüşdə Vu Mançin “CETC International” Korporasiyasının Çinin radioelektronika sahəsində ixtisaslı şirkətlərindən olduğunu deyərək, bu sahədə uzun illərdir uğurla fəaliyyət göstərdiklərini bildirib. O, bu sahədə Azərbaycanla əməkdaşlıq qurduqlarını və bundan məmnun qaldıqlarını vurğulayıb, əlaqələrin inkişaf etdiyini bildirib.

İki ölkə arasında dostluq əlaqələrinin mövcud olduğunu deyən İ.Əliyev bildirib ki, Azərbaycan Çinin böyük şirkətlərinin ölkəmizdə fəal iş görmələrində maraqlıdır. Dövlət başçısı artıq Çinin bir çox şirkətlərinin timsalında yaxşı tərəfdaşlığın yarandığını bildirib və Azərbaycanda xarici şirkətlər üçün geniş fəaliyyət sahəsinin olduğunu qeyd edib.

Dünən Pekində  Azərbaycan və Çin şirkətləri arasında ümumi dəyəri 821 milyon ABŞ dolları olan müxtəlif istiqamətlər üzrə 10 sənəd imzalanıb. İmzalanma mərasimində çıxış edən iqtisadiyyat naziri, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayev dövlət başçılarının siyasi iradəsi və dostluq münasibətlərinin iki ölkə arasında əməkdaşlığın inkişafında əsas hərəkətverici qüvvə olduğunu deyib.

Azərbaycanın Çinin “Bir kəmər, bir yol” təşəbbüsünə dəstək göstərən ilk ölkələrdən biri olduğunu diqqətə çatdıran nazir bildirib ki, bu günlərdə Pekində keçiriləcək 2-ci “Bir kəmər, bir yol” beynəlxalq forumunda Prezident İlham Əliyevin iştirakı Azərbaycanın bu təşəbbüsə verdiyi əhəmiyyətin və göstərdiyi dəstəyin bariz nümunəsidir.

O bildirib ki, Azərbaycan Cənubi Qafqaz regionunda Çinin əsas ticarət tərəfdaşıdır. Belə ki, Çinin Cənubi Qafqaz ölkələri ilə ticarətində ölkəmizin payı 43 faiz təşkil edir.

İki ölkə arasında investisiya sahəsində əməkdaşlığın davam etdiyini söyləyən Ş.Mustafayev ötən dövrdə Çin investorlarının Azərbaycana 800 milyon dollardan çox sərmayə yatırdığını bildirib. Azərbaycanın Çin iqtisadiyyatına yatırdığı investisiyaların həcmi isə 1,7 milyard dollar təşkil edir: “Biz nəqliyyat və tranzit, xüsusilə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun reallaşdırılması, sənaye, kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları, humanitar və digər sahələrdə əlaqələrimizi genişləndiririk. Bu xüsusda Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının rolunu vurğulamaq lazımdır”.

Luo Veydon bildirib ile ilgili görsel sonucu

Çinin Kommersiya Nazirliyinin Avrasiya idarəsinin rəisi, Çin-Azərbaycan Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Luo Veydon bildirib ki, 2015-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin Çinə səfəri zamanı İpək Yolu İqtisadi Kəmərinin yaradılmasının birgə təşviqinə dair imzalanan Anlaşma Memorandumu ölkələrin iqtisadi-ticarət əlaqələrinin daha da inkişafı üçün istiqamətlər müəyyən edib.

Çin-Azərbaycan iqtisadi-ticari əməkdaşlığının böyük potensialı və parlaq gələcəyi olduğunu bildirən L.Veydon ölkəsinin Azərbaycandan kənd təsərrüfatı, kimyəvi və sənaye istehsalı məhsullarının idxalını daha da artırmağı, internet İpək Yolunun yaradılması, İpək Yolu elektron ticarətinin inkişafı məsələsində Azərbaycanla əməkdaşlığı dərinləşdirmək istədiyini diqqətə çatdırıb. Bundan başqa, tərəflər Transxəzər Nəqliyyat Dəhlizinin imkanlarından tam şəkildə istifadə ilə bağlı dərin araşdırmalar aparmalı, “Bir kəmər, bir yol” tikintisini təşviq etməlidirlər: “Bu gün iki ölkənin şirkətləri arasında imzalanan sənədlər ticarət, sənaye, kənd təsərrüfatı, kommunikasiya texnologiyaları, logistika və digər sahələri əhatə edir. Bu, tam olaraq Çin-Azərbaycan iqtisadi-ticari əməkdaşlığının böyük potensialını və parlaq gələcəyini əks etdirir”.

Sonra Sumqayıt Kimya Sənaye Parkı ərazisində şin istehsalı zavodunun qurulmasına, Kürdəmir rayonunda 300 hektaradək sahədə müasir istixana kompleksinin tikintisinə, Quba, Xaçmaz və Göyçayda aqro-logistik sənaye parklarının yaradılmasına, “Azerbaijan Digital HUB” proqramı çərçivəsində Asiya-Avropa telekommunikasiya dəhlizinin yaradılmasına, Transxəzər Nəqliyyat Dəhlizi vasitəsilə Bakıya və Azərbaycan ərazisindən tranzit keçməklə digər ölkələrə 2500-dək konteynerin daşınmasına, Azərbaycan istehsalı şərab və digər spirtli içkilərin Çinə ixracına, Çinin Çendu şəhərində Azərbaycan Ticarət Evinin yaradılmasına dair Əməkdaşlıq Memorandumu imzalanıb.