Sabunçu rayonu üzrə yol infrastrukturunun yenidən qurulması istiqamətində genişmiqyaslı təmir-tikinti işləri aparılır.
Təmir-tikinti işləri "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyi tərəfindən Sabunçu rayonu üzrə vətədaşların əsas istifadə etdiyi lakin yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, torpaq əsaslı və çınqıl örtüklü küçə və yollarda görülür.
Agentlikdən Trend-ə verilən məlumata görə, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi General Səmədbəy Mehmandarov prospekti bu cür yollardan biridir. Prospekt qəsəbə üzrə mərkəzi yol hesab olunur və ərazidə yaşayan əhalinin əsas istifadə etdiyi yoldur. Prospekt boyunca yeni yol infrastrukturunun yaradılması Sabunçu rayonu, Bakixanov qəsəbəsi ilə Suraxanı rayonunun Qaraçuxur və Yeni Suraxanı qəsəbələrini birləşdirən avtomobil yolunun yenidən qurulması layihə çərçivəsində həyata keçirilir.
Sözügedən yol uzun illər istismar olunduğundan, yolun hərəkət hissəsində çökmələr, sürüşmə xarakterli deformasiyalar əmələ gəlmişdi. Bu isə öz növbəsində hərəkətdə müəyyən problemlərə səbəb olurdu. Bu üzdən təmir-tikinti işlərinə start verilməsi əhalinin ürəyincə olub.
Hazırda yol boyu asfaltlanma işləri görülür. Artıq müəyyən hissədə yeni asfalt-beton örtüyünün döşənməsi işləri yekunlaşdırılıb. Ümumilikdə isə təmir-tikinti işləri çərçivəsində yol boyu 60 min kv.m-ə yaxın sahədə tam yeni və müasir yol infrastrukturu yaradılır.
