|
Orxan Məmmədov: Turizm klasterləşməsinin təşviqi prioritet hədəflərimizdəndir

Biznes subyektləri üçün nəzərdə tutulan dəstək mexanizmləri çərçivəsində turizm sektorunun iştirakçılarının bu sahəyə geniş cəlb edilməsi, turizm klasterləşməsinin təşviqi prioritet hədəflərimizdəndir.

Trend-in məlumatına görə, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda 3-cü Qlobal Sağlamlıq Turizm Forumu (QSTF) və Qlobal Sağlamlıq Turizm Şurasının (QSTŞ) 5-ci Assambleyasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ölkəmizdə sağlamlıq turizminin inkişafı üçün geniş təbii imkanlar var:

"Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı ilə son illərdə müasir standartlara uyğun yeni müalicə kompleksləri yaradılır, mövcud turizm infrastrukturu yenilənir və əsaslı təmir olunur. Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə sağlamlıq turizmi üçün tələbatın yenidən formalaşdırılması prioritet istiqamətlərdən biri olaraq müəyyən edilib. Turizm sənayesinin davamlı inkişaf etdiyi bir dövrdə kifayət qədər çox sayda insanlar sağlamlıq məqsədilə səfərlər edirlər. Bu turist axınlarının cəlb edilməsi uğrunda region ölkələri arasında rəqabət mövcuddur. Bu mübarizə əsasən gəlir əldə etmək, məşğulluq yaratmaq və ölkəyə valyuta gətirmək kimi iqtisadi prioritetlərə söykənir".