|
Qeyri-siyasət adamlarının prezidentliyi – siyasətdə yeni trend

Aprelin 21-də Ukraynada prezident seçkilərinin ikinci turunda şoumen namizəd Vladimir Zelenskinin qalib gəlməsi onun personasına diqqəti daha da artırıb.  

Zelenski  1997-ci ildə “95-ci kvartal” şən və hazırcavablar komandası yaradaraq onun kapitanı olub. 2003-cü ildən Ukraynanın “1+1" telekanalı ilə əməkdaşlıq edib, kulinar şounun aparıcısı kimi ad çıxarıb. Vladimir Zelenski 2005-ci ildən ”İnter" telekanalında axşam şousuna müəlliflik edib, məşhurlaşaraq müxtəlif tamaşalarda, filmlərdə rollar alıb. Prezident seçkisinə Xalq Xidmətçisi Partiyasının namizədi kimi qatılıb. Vladimir Zelenski Ukraynanın Qərbə sıx inteqrasiyası xəttini dəstəkləyir.

Son zamanlar Avropada, Qərbdə qeyri-siyasətçilərin prezident seçilməsi trendi müşahidə edilir. Nümunə kimi Xorvatiya, Çexiya, ABŞ-ı da göstərə bilərik. Belə olan halda Avropa, Qərb toplumu siyasətçilərdən bezməyə başlayıbmı? Dövlətin başında siyasətçi dursa yaxşıdır, yoxsa şoumen və ya modelyer?

“Yeni Müsavat”a danışan politoloq Nəzakət Məmmədova bildirib ki, qeyri-peşəkar siyasətçilərin dövlət rəhbəri olması ənənəsi həm Qərbdə, həm Şərqdə hər zaman olub və bundan sonra da olacaq:  “Hakimiyyətin ötürülməsinin ən müxtəlif üsulları var: buraya dövlət başçısı vəzifəsinin ötürülməsindən tutmuş xalq tərəfindən bəzən ən gözlənilməz şəxsin seçilməsi də daxil olmaqla, xarici qüvvələr tərəfindən təyinat, hakimiyyəti zorla ələ keçirmə və s. daxildir. Hər zaman gözlənilmədən başqa peşə sahələrindən olan şəxslər böyük siyasətdə olub, hətta dövlət başçısı da seçilib. Çünki qeyri-peşəkar siyasətçilərə xalq arasından çıxmış, böyük siyasətin çirkabına bulaşmamış insanlar kimi inam daha çox olur və xalq onlara özündən biri kimi baxır. Böyük güclər məhz xalq arasında populyar, nüfuzu olan şəxsləri seçib siyasətə gətirməklə xalqın rəğbətini qazanmağa və bir müddət həmin şəxsin populyarlığı hesabına hakimiyyətin dayanıqlığını təmin etməyə çalışırlar. Avtoritarizm və diktaturadan başqa, zira, orada peşəkar siyasətçi və ya hərbçi olmalıdır ki, hakimiyyətin möhkəm bir əldə cəmləşməsini təmin edə bilsin”.

Politoloq söyləyib ki, digər siyasi sistemlərdə, məsələn, ABŞ kimi demokratiyalarda, yaxud Ukrayna kimi kənardan idarə olunan dövlətlərdə prezidentin kimliyi, hansı peşədən olması böyük bir əhəmiyyət kəsb etmir:

“Çünki ABŞ demokratiyasında Reyqan kimi aktyor da, Tramp kimi çılğın biznesmen də prezident ola bilər və bu, dövlətçilik üçün təhlükə sayılmaz. Saat mexanizmi kimi qurulmuş dövlət aparatı, hakimiyyətin demokratik prinsiplər əsasında Monteskyö prinsipi əsasında paylaşılması dövlətin başında duran şəxsin iradəsini cilovlayır. Bu, onun peşəkar siyasətçi olması zərurətini labüd etmir. Prezidentin ətrafında peşəkar komanda, müşavirlər olur və onlar dövlət başçısına bir növ siyasi məsləhət xidmətləri göstərirlər. O baxımdan, məsələn, general Eyzenhauer, aktyor Reyqan, hüquqşünas Obama, biznesmen Tramp ABŞ-ı uğurla idarə edə biliblər, çünki sistem özü uğurlu qurulub.

Qeyri-peşəkar siyasətdən prezidentliyə gedən şəxslərin karyera yolu, prezident seçilmək şansı, qeyd etdiyimiz kimi, ona görə uğurlu olur ki, onlar uzun müddət siyasətdə olmayıblar, fəaliyyətlərində kompromat, nüfuzdansalıcı məlumatlar yoxdur, yaxud çox cüzidir. Belə demək mümkünsə, dosyeləri təmizdir. Məsələn, Ukraynada Poroşenko ilə Zelenskini müqayisə etsək, Poroşenko özü də hakimiyyətə gələndə yalnız onunla tanınırdı ki, “şokolad kralı”dır, biznesmendir. Lakin 5 illik hakimiyyəti dövründə ölkə siyasi cəhətdən parçalandı, ABŞ-Rusiya-AB arasında poliqona döndü, oliqarxların hakimiyyəti gücləndi, əhalinin sosial vəziyyəti pisləşdi və s. Bu, Poroşenkonun nüfuzuna sarsıdıcı zərbə vurdu və o, sıravi komik aktyora, şoumenə böyük səs çoxluğu ilə uduzdu. Zelenskinin keçmişində nüfuzdansalıcı məlumatın olmaması onun seçilmə şansını artırdı. Sıravi jurnalist Paşinyanın baş nazir seçilməsi də bu qəbildəndir. Görünən odur ki, Qərb son dövrlərdə keçmiş sovet respublikalarında hakimiyyətə peşəkar siyasətçiləri yox, xalq arasında məşhur olan digər peşə sahiblərini gətirir. Çünki onların siyasi bağlarının, hər hansı siyasi qüvvələr, xarici dövlət qarşısında öhdəliyinin olmadığını əsas götürərək onları böyük siyasətə gətirib birbaşa dövlət başçısı edir".

Politoloq söyləyib ki, artıq dünyada siyasi konyuktura dəyişib, dövləti idarə etmək üçün siyasi təcrübə daha az tələb olunur:  “Əsas xalq arasında populyarlıq, nüfuz, güclü maliyyə, güclü əlaqələr və dəstək bir şəxsin prezidentlik yolunu aça bilər. Burada medianın rolu xüsusi qeyd edilməlidir. Məhz media istənilən şəxsi qısa bir müddətdə populyar edib xalqın gözündə ucalda bilər. Əsasən Reyqanla başlayan qeyri-peşəkar siyasətçinin, aktyorun prezident olması trendi bu gün Ukraynada baş tutdu”.