Deputat Fazil Mustafa daha bir maraqlı ideya ilə çağırış edib. Belə ki, deputat Üzeyir Hacıbəylinin, xan qızı Xurşudbanu Natəvanın, Bülbülün güllələnmiş büstlərinin hazırda Azərbaycan İncəsənət Muzeyinin həyətinin arxasında, gözdən iraq yerdə saxlanılmasına etiraz edib. Deputat həmin büstlər üçün Bakı Bulvarında yer ayrılmasını təklif edib:
“Bu büstlər 25 ildən çoxdur burada gizlədilir və nə baş çəkən, nə də xatırlayan var. Hansı ki, həmin büstlər Şuşanın işğalından öncə Bakıya gətirilib. Guya vəzifəli şəxslərdən kimsə deyib ki, Şuşa işğaldan azad olandan sonra bu büstləri təkrar doğma məkana qaytaracaqlar. Odur - budur, tarixi şəxsiyyətlərimizin büstlərini muzeyin həyətinin arxasındakı dar bir köşədə yerləşdiriblər və deyəsən, unudublar ki, burada bu sənət əsərlərinə yolun üstündəki səkidən boylanaraq ancaq baş tərəflərindən baxmaq mümkündür. İdeya olaraq doğrudur, Şuşamız işğaldan azad olunsun, onları da geriyə - öz yerlərinə qaytarmaq vacibdir. Lakin təbliğat üçün qafamızı işlədə bilmədiyimizdən, bu cür abidələrdən də indi necə faydalanacağımızı hələ də müəyyənləşdirə bilməmişik. Düşünürəm ki, Bakı Bulvarına çox sayda insanın, o cümlədən xarici turistlərin baş çəkdiyini nəzərə alaraq orada ”Sürgün olunmuş abidələr" adlı bir memorial kompleks yaratmaq olar. Bu üç abidənı də orada yerləşdirərək, üzərində xarici dillərdə tanıtım məntləri yazaraq, Azərbaycan torpaqlarının işğalı faktına əyani diqqət yönəltmək olar. Yəni erməni barbarları yalnız insanları deyil, abidələri də öz məkanlarından sürgün ediblər, onlara da atəş açıblar. Bu üç sənət əsəri muzeyin arxasında gizlədilməkdənsə, təbliğat vasitəsi kimi istifadə olunarsa yaxşı olmazmı?

Üzeyir bəylə, Xurşudbanu Natəvanın kimsəsi qalmayıb, Bülbülün ki, oğlu hörmətli Polad müəllim o boyda Rusiyadakı səfirimizdir, özü də bu abidələr gətirilən vaxtlar mədəniyyət naziri olub, indiki mədəniyyət nazirinə bu barədə pıçıldaya da bilmir? Bu abidələr muzeyin arxasında həbsxanada qalmaqdansa, bulvara sürgünə göndərilməsi ağıllı variant olmazdımı?
Xatırladaq ki, 1992-ci ilin mayında ermənilər Şuşanı işğal edərkən hər üç büst güllələnib, daha sonra Gürcüstana adi metal kimi satılıb. Sonradan Azərbaycan hökuməti həmin büstləri geri alaraq Bakıya gətirib, İncəsənət Muzeyinin həyətində yerləşdirilib. Bəs güllələnən büstlərin nümayişi üçün Bakı Bulvarında məkan ayrılsınmı?

QAT sədri Akif Nağı “Yeni Müsavat”a danışıb. Qurum sədri güllələnmiş büstlərin Bakı Bulvarı ərazisində yerləşdirilməsini uyğunsuz hesab etdiyini bildirdi:
“Həmin büstlərin güllələnməsi bir daha erməni vəhşiliyini sübut edən faktlardan biridir. Hesab edirəm ki, bu məsələ hansısa formada nümayiş etdirilməli, çatdırılmalıdır. Amma büstlərin harada nümayiş etdirilməsi məsələsinə gəldikdə, düşünürəm ki, Dənizkənarı Bulvar bunun üçün o qədər də uğurlu seçim deyil. Çünki bulvar əyləncə yeridir, orada tez-tez şənliklər, konsertlər keçirilir ki, bu da uyğunsuzluq yaradar. Belə olduğu təqdirdə büstlərə hörmətsizlik kimi qəbul oluna bilər. Təsəvvür edin, bir tərəfdə güllələnmiş heykəllər var, digər tərəfdə konsert keçirilir. Düşünürəm ki, uyğunsuzluq olardı.
Qurumumuz tərəfindən dəfələrlə bildirilib ki, Şəhidlər Xiyabanında həm Xocalı abidəsi ucaldılmalı, həm də soyqırımla bağlı muzey yaradılmalıdır. Büstlər gözdən iraq yerdə saxlanılmaqdansa, həmin yaradılacaq soyqırım muzeyinin qarşısına, ya da açıq havada hansısa eksponatlar şəklində qoyulsa daha yaxşı olar".

Deputat Bəxtiyar Sadıqov isə həmkarı Fazil Mustafanın çağırışını dəstəklədiyini bildirdi: “Əvvəla, qeyd edim ki, həmin büstlər sonradan Bakıya gətirilib. Həmin zaman büstlərin harada yerləşdirilməsi ilə bağlı müxtəlif fikirlər səslənirdi. Daha sonra Əzizbəyovun və digərlərinin heykəlləri götürüldü. Mətbuatda fikirlər səsləndir ki, bu heykəllər əqidə baxımdan artıq insanlar tərəfindən qəbul edilməsə də sənət əsəri kimi onlar mövcuddur və onlar üçün xüsusi yer düzəldilsin. Bu layihənin son nəticəsi haqda məlumatım yoxdur. Lakin Bakı Bulvarı cənab prezidentin ən möhtəşəm abidələrindən biridir. Çünki Bakı Bulvarı çox unikal, gözəl məkandır. Nəzərə alsaq ki, Azərbaycana gələn turistlərin əksəriyyəti bulvarın ətrafındakı hotellərdə yerləşir, gəzir, istirahət edirlər, biz erməni vandalizmini onlara göstərə bilərik. Bizim bütün tarixi abidələrimiz, Ağdam məscidi və digər abidələrimiz dağıdılıb. Biz onların heç birini gətirib nümayiş etdirə bilmirik. Amma əlimizdə əgər bu cür büstlər varsa və onların üzərində açıq-aşkar güllə izləri görünürsə, bu sübut edir ki, ermənilər tək Xocalıda qadınlara, uşaqlara güllə atmayıb, həmçinin cansız heykəllərə də güllə atıblar, çünki o büstlər azərbaycanlılara aiddir. Beləliklə, bizim memarlarımız dənizkənarı bulvarda müəyyən məkanda, hansı ki, insanların gur yerləşdiyi ərazidə bir guşə yaradıb, büstləri nümayiş etdirsələr, bu həm ticarət, həm də ziyarət olur. Turistlər gəlib Bakıda həm bu büstləri, həm də erməni xislətini bir daha Bakıda görsünlər. Bu mənada Fazil Mustafanın çağırışını çox gərəkli hesab edirəm və düşünürəm ki, cənab prezidentin bir sıra mədəniyyət və incəsənət xadimləri ilə görüşündən sonra müəyyən heykəllər barədə addımlar atıldığı kimi, bu büstlər barədə də tədbirlər görüləcək”.
