Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev yanğın baş verən yataqxanaya gəlib.
Musavat.com xəbər verir ki, sədr məcburi köçkünlərlə görüş keçirir.
Onun sözlərinə görə, məcburi köçkünlər müvəqqəti olaraq yerləşdiriləcək: "Hər gün komitəyə sizin kimi onlarla məcburi köçkün gəlir. Biz onların hər birinə kömək edirik. Köçürülmə mərhələli formada aparılır. Mən 11 aydır işləyirəm və hər gün məcburi köçkünlərin arasındayam. Bu günə qədər 300 min köçkün yerləşdirilib. Səbirli olun, dövlət hər şeyi yoluna qoyacaq. Ev tikilsin, siz də köçürüləcəksiz. İcazə verin izah edək. Ev yoxdursa necə ev verək? Tikinti gedir, hazır olduqca hamınızı yerləşdirəcəyik. Sakit olun, gəlin nə illik yardım lazımdırsa, indi onu edək. Səbirli olun, hər şey qaydasına düşəcək. Gəlin başa düşək ki, bura bizim vətənimizdir. Ölkə prezidenti sizin üçün əlindən gələni edir. Siz də bizə yardım edin. 11 ay ərzində mən şəxsən 10 mindən çox məcburi köçkünü qəbul etmişəm".
Məcburi köçkünlər isə etiraz edərək bildiriblər ki, onlara şər atırlar: "Bizə deyirlər ki, binanı özünüz yandırmısız. Biz dəliyik ki, bir çıxışı olan binanı yandıraq? Məcburi köçkünlər tələb edirlər ki, onlara ev verilsin".
Məcburi köçkünlər bildiriblər ki, illərdir burada, meyitlərlə qonşuluq edirlər: "Bu binanın yanı morqdur. Axşam bura meyit gələndə səhərə qədər yata bilmirik. Ölənin qohumları ağlayır, uşaqlarımız qorxur. Bizim uşaqlar burada xəstəxanadan atılan qanlı iynələrlə oynaya-oynaya böyüyüblər. Artıq bezmişik. Köçürülmə tələb edirik. Rövşən Rzayev binaya daxil olaraq, məcburi köçkünlərin yaşayış şəraiti ilə əyani şəkildə tanış olub".
Eyni zamanda Nizami rayon icra başçısı Arif Qasımov da hadisə yerinə gəlib. O, bildirib ki, yanğınla bağlı araşdırma aparılır: "Sakinlərlə bağlı müvafiq qərar veriləcək. İndiyə qədər bu cür hadisələrdən sonra necə davranılıbsa, elə də olacaq".
