|
"Azərenerji” ASC ötən ilin birinci ili ilə müqayisədə həm istehsalı, həm də ixracı artırıb

“Azərenerji” ASC 2019-cu ilin arxada qalan birinci rübü ərzində 6.151 milyard kvts elektrik enerjisi istehsal edib.

ASC-dən Trend-ə verilən məlumata görə, bu, ötən ilin birinci rübü ilə müqayisədə 153 milyon kvts və ya 2,5 % çoxdur. Belə ki, ötən ilin birinci rübündə 5.998 milyard kvts elektrik enerjisi istehsal edilmişdi.

 

Bundan əlavə, elektik enerjisinin ixracı da ötən ilin birinci rübü ilə müqayisədə artırılıb. Əgər 2018-ci ilin birinci rübündə qonşu ölkələrə 131 milyon kvts elektrik enerjisi ixrac edilmişdisə, 2019-cu ilin birinci rübündə 161 milyon kvts ixrac edilib. Bu isə 30 milyon kvts və ya 23 % artım deməkdir.

Bir faktı da qeyd edək ki, 2018-ci ilin birinci rübü ilə müqayisədə 2019-cu ilin birinci rübündə elektrik enerjisinin istehlakı 3,41 faiz artıb. Ən əsası isə ötən ilin mart ayı ilə müqayisədə bu ilin mart ayında istehlak 6,1 % çox olub ki, bu da kifayət qədər ciddi artım olmaqla yanaşı, elektrik enerjisinə artan tələbat tempinin getdikcə yüksəldiyini göstərir.