Dünyaca məşhur Corc Kluni insanları Bruney Sultanlığına aid olan otelləri boykot etməyə çağırıb.
Axşam.az xəbər verir ki, buna ötən günlərdə sultanlığın zina edən şəxsləri və həmcinsi ilə yatan şəxslərin daşlanması barədə verdiyi qərar səbəb olub.
Belə ki, “Deadline” portalına danışan aktyor insanları sultanlığa aid 9 oteldən istifadə etməməyə səsləyib.
“Bu otellər yaxşı olsa da, bizim orada keçirdiyimiz iclaslar, görüşlər, restoranlarında yediyimiz yeməklər onlara pul qazandırır. Onlar isə bununla ölkədəki geyləri daşlayaraq məhv edirlər” deyə, Kluni istəyini əsaslandırıb.
Qeyd edək ki, Bruneydə bu qanunlar aprelin 3-dən etibarən icra olunacaq.
