Hazırda ölkə gündəminin əsas simalarından biri Novruz əfvi ilə azadlığa çıxan sabiq səhiyyə naziri Əli İnsanovdur. Son 10 gün ərzində sabiq nazir ətrafında ən müxtəlif müzakirələr gedir. Onun müxalifət lideri olmaq xəyalları qurduğu azadlıqda olduğu günlər ərzində hər kəsə aydın olub.
Gedən müzakirələrin fonunda Ə.İnsanovu sərt şəkildə tənqid edənlərin sayı durmadan artır. Xüsusilə iqtidar təmsilçiləri və tərəfdarları onu daha sərt tənqid edir. Sabiq nazirin həmyerlisi, prezidentin sabiq köməkçisi Eldar Namazovun demokrat.az-a verdiyi son geniş müsahibədə bu məsələ ilə bağlı dedikləri xüsusi diqqət çəkir. Sitat: “Mən gördüm ki, bəzi məmurlar əsəbi şəkildə belə reaksiya verirlər ki, Əli İnsanov islah olunmayıb, o, azad edildikdən sonra prezidentə təşəkkürünü ifadə edərdi, buraxdığı səhvlərə görə üzrxahlıq edərdi və s.
Bu adamlar yəqin ki, nə haqda danışdıqlarını bilmirlər. Mənə elə gəlir ki, bu tipli yersiz ittihamları Əli İnsanova qarşı irəli sürən adamlar əslində İnsanova deyil, prezidentə mesaj göndərirlər. Mesajlarının da məğzi odur ki, bu islahatlara ehtiyac yoxdur, nahaq siyasi məhbusları azad edirsən. Məmur korpusunun bir hissəsinin öz maraqları ola bilər. Həm iqtisadi islahatlarla, həm əfvlə, həm də hakimiyyət-vətəndaş cəmiyyəti münasibətləri ilə bağlı. Onların öz maraqları da nə prezidentin, nə də dövlətin maraqları ilə üst-üstə düşməyə bilər. Mən, bu məsələyə münasibətdə də ziddiyyətli yanaşma hiss edirəm”.

E.Namazovun dediklərinə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”da bu cür mövqe sərgilədi: “Hər bir insanın siyasətlə məşğul olmaq, özünü siyasətçi adlandırmaq və partiya yaratmaq hüququ var. Bu baxımdan həbsdən çıxan Əli İnsanovun da eyni hüququ var. Sadəcə, hesab etmirəm ki, Əli İnsanovun siyasətdə uğur qazanmaq şansı var. Əlbəttə, bəzən cəmiyyətlərdə həbsdə uzun müddət yatan siyasətçidən gözləntilər böyük olur, onun ətrafında mif yaranır. Bu, psixoloji amildir. Ancaq hər halda Əli İnsanov Nelson Mandelə deyil. Mandelə uzun müddət həbsdə yatıb çıxandan sonra Cənubi Afrika Respublikasının prezident seçildi. Ancaq Nelson Mandelə gəncliyində ədalət uğrunda mübarizə aparırdı, xalqın və beynəlxalq aləmin rəğbətini qazanmışdı, onun korrupsiya ilə yaxından uzaqdan əlaqəsi yox idi, kiməsə qarşı haqsız davranmamışdı. O, ölkəsindəki mübarizənin başlıca fiquru idi. Onun bahalı villaları yox idi, evindən qızıl külçələr, brilliant daş-qaş çıxmamışdı. Əli İnsanovun nazir olduğu dövrdə səhiyyədə nə qədər nöqsanlar var idi. Bu nöqsanlar bu gün də var. Bunu da etiraf etməliyik. Digər tərəfdən, Əli İnsanov nazir olduğu dövrdə müxalifət nümayəndələrini və jurnalistləri aşağılayırdı.
Bunu da unutmaq mümkün deyil. Əli İnsanovun indiki hakimiyyətə qarşı radikal müxalifətə keçməsi onun keçmiş əməllərinə haqq qazandırmır. Əlbəttə, əgər Əli İnsanov keçmişdəki səhvlərini etiraf edib aşağıladığı insanlardan üzr istəsə, bəlkə münasibət bir az dəyişər. Demək olar ki, o, siyasətə yeni səhifədən başlamaq istəyir. Ancaq hələ ki bunlar baş verməyib. Əksinə, deyir ki, o, müxalifətə yox, bəlkə də müxalifət ona birləşməlidir. Həddən artıq iddialı açıqlamadır. Əli İnsanovla bağlı son zamanlar ən çox yayılan xəbərlərdən biri də yaradacağı təşkilatın və ya siyasi qrupun bir regionun bazası əsasında formalaşacağıdır.
Bunun özü də Azərbaycan üçün yaxşı heç nə vəd etmir. Yerliçilik əsasında qurulan siyasi cərəyan keçmiş səhvlərin təkrarlanması və məmləkətimizdə növbəti bölücülüyün əsasının qoyulmasıdır. Əli İnsanovun ismi ətrafında böyük ajiotajın yaradılmasının əleyhinəyəm. Bəzi hakimiyyət nümayəndələri yanlış olaraq Əli İnsanovun üzərinə çox gedirlər. Bu qüvvələrin isə islahatlara qarşı olduğunu birmənalı iddia etmək çətindir. Amma bu cür açıqlamalar sanki belə bir görüntü yaradır ki, hakimiyyət Əli İnsanovdan çəkinir. Bu isə Əli İnsanovun işinə yarayır. Düşünürəm ki, bir müddət sonra Əli İnsanov gündəm mövzusu olmayacaq. Sadəcə, Əli İnsanov mövzusunun şişirdilməsini əleyhinəyəm. Hadisələri axarına buraxmaq lazımdır. Siyasətdə kim bacarıqdırsa və xalqın dəstəyini qazana bilərsə, onun uğur şansı yüksəkdir, yoxsa siyasətçini geyiminə və ya həbsdən azadlığa çıxmasına, yaxud Amerikaya minnətdar olması mövzusuna görə müzakirə edirlərsə, həmin siyasətçi bu söhbətlərdən uzağa getməyəcək”.
