|
Fərdi yaşayış evlərinin sənədləşdirilməsi sürətləndirilir

Dövlət başçısı tərəfindən çoxmərtəbəli binaların istismara qəbulu və bu binalarda yaşayan vətəndaşların mənzilinin dövlət qeydiyyatına alınması ilə bağlı fərman verildi. Lakin daha bir problem Bakı və ətraf qəsəbələrdə tikilən fərdi yaşayış evləridir ki, əksəriyyətinin mülkiyyət hüququnu təsdiq edən sənədi,  “kupça”sı yoxdur.

Daşınmaz əmlakın qeydiyyatı sahəsində son illər bir sıra yeniliklərə imza atılsa da problem tam şəkildə həllini tapmayıb. Söhbət həm sovet dövrü və müstəqilliyin ilk illərində tikilən fərdi yaşayış evlərindən, həm də yeni tikililərdən gedir. Fərdi yaşayış evlərinin rəsmi qeydiyyata alınmaması həm vətəndaşlar, həm də dövlət üçün problem yaradır. Belə ki, vətəndaş  öz evində qeydiyyata düşə bilmir, əmlakını girov qoyaraq kredit əldə edə  bilmir. Faktiki olaraq, mülkiyyətçi kimi bir çox hüquqlardan məhrum olur.

Dövlət isə mənzil vergisindən, həmçinin daşınmaz əmlakın alınıb-satılması zamanı ödənilən vergidən məhrum olur. Dəqiq rəqəm olmasa da, söhbət hər il milyonlarla manat vəsaitdən gedir. Bu mənada dövlət də evlərin sənədləşdirilməsində maraqlı olmalıdır.  Son illər bu istiqamətdə bir çox addımlar atılıb, müvafiq dövlət qurumları tərəfindən   “Kütləvi çıxarış”, “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kimi sosial layihələr reallaşdırılıb.

Həmçinin bugünlərdə  prezident İlham Əliyev həyət evlərinin istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında müvafiq qurumlara tapşırıq verib. Bu məlumatı Prezidentin İqtisadi məsələlər üzrə köməkçisi xidmətinin baş məsləhətçisi Feyruz Mustafayev mətbuata açıqlayıb.

Onun sözlərinə görə, hazırda bu istiqamətdə müvafiq işlər görülür və nəticəsi barədə ətraflı məlumat veriləcək. Eyni zamanda yaxın günlərdə bununla bağlı işçi qrupu yaradılacaq. Mühafizə zonasına düşən, dövlət şirkətinə məxsus torpaq sahəsində tikilmiş, təyinat üzrə olmayan, yəni kənd təsərrüfatı üçün ayrılmış torpaq sahələrində tikilən həyət evləri var. Ona görə də bütün bunlarla bağlı araşdırma aparılacaq. Vətəndaşların bütün problemləri aradan qaldırılacaq.

Məlumat üçün qeyd edək hazırda Bakı və ətraf qəsəbələrdə   sənədsiz həyət evlərinin sayı 450 mindir. Onların 70 minə yaxını inşaata icazə verilməyən və ya nisbətən riskli hesab edilən ərazilərdədir. Bunlar yüksək gərginlikli elektrik, mavi qaz, yaxud su xətlərinin yaxınlığında olan evlərdir.

Bəs prosesə necə və haradan başlamaq lazımdır? Necə etməli ki, bu prosesdə vətəndaşların hüququ pozulmasın. Çünki tikili qanunsuz olsa da, vətəndaş onu özbaşına tikməyib, “kupça” olmasa da, müxtəlif qurumlardan sənədlər alıb, bu sənədlər üçün müəyyən qədər vəsait ödəyib.

Daşınmaz əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, ilk növbədə fərdi yaşayış evlərinin yerləşdiyi torpaq sahələrinin təyinatı məsələsinə baxılmalıdır: “ Çünki bir çox fərdi yaşayış evləri tikinti təyinatı olmayan, kənd təsərrüfatı təyinatlı , dövlət təyinatlı ərazilərdə inşa olunub. Bu baxımdan o torpaqların təyinatının dəyişdirilməsinə ehtiyac var. İlk növbədə bu məsələyə baxılmalıdır”.

Ekspertin sözlərinə görə, son illər bu istiqamətdə müəyyən işlər görülüb: “Nazirlər Kabineti bir neçə il öncə ayrı-ayrı qurumlara tapşırıq verdi, ”Azəriqaz", “Azərişıq”, “Azərsu”, Azərbaycan Dəmiryolları QSC, Avtomobil Yolları Dövlət Agentliyi  və digər bu kimi qurumların mühafizə zolaqlarına düşən obyektlərin müəyyən olunması tapşırıldı. İndi həmin obyektlər müəyyən olunmalıdır. Strateji qaz xətlərinin, dəmiryol xətlərinin, magistral yolların kənarında yerləşən obyektlər qiymətləndirilməlidir, onların söküntüsü həyata keçirilməlidir və ya xətlər dəyişdirilməlidir. Digər obyektlərin sənədləşdirilməsi istiqamətində isə vahid konsepsiya hazırlanmalıdır.  Çünki “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanuna dövlət başçısının fərmanı ilə bir neçə dəfə dəyişiklik edilib. Çıxarışı olan torpaq sahələri üzərində inşa olunmuş fərdi yaşayış evlərinə çıxarış verilməsi kimi bir konsepsiya müəyyən olunmalıdır. Əgər həmin ərazidə illər ərzində yaşayış olubsa, kommunal təchizat varsa, kommunal ödənişlər həyata keçirilibsə, bu halda torpağın təyinatı dəyişdirildikdən sonra fərdi yaşayış evlərinə çıxarış verilə bilər. Hələ ki bu proses tam yekunlaşmayıb".

R.Osmanlı hesab edir ki, həm çoxmərtəbəli binalardakı mənzillərin, həm də fərdi yaşayış evlərinin dövlət qeydiyyatına alınmasının  dövlət üçün  həm hüquqi, həm də iqtisadi baxımdan çox böyük faydaları var: “Hüquqi  baxımdan mövcud mənzil fondunun genişlənməsi, qeydiyyatı, dövlət büdcəsinə daxilolmaların artması, fərdi yaşayış evləri üzərində  aparılan əməliyyatların rəsmiləşdirilməsi və bu zaman vergi formasına dövlət büdcəsinə daxilolmalar çox ciddi məsələdir. Hər iki istiqamətdə bu prosesin dövlətə faydası dəyə bilər”.