Sabiq səhiyyə naziri Əli İnsanov azadlığa buraxılandan sonra onun ətrafında əsasən həmyerliləri olan qərbi azərbaycanlıların cəmləşdiyi deyilir. Əli İnsanovun da daha çox məhz bu elektorata arxalandığı hələ nazir olduğu zamanlardan bəlli idi. Maraqlıdır ki, Qərbi Azərbaycandan olan soydaşlarımızı məhz özünün elektoratı kimi görmək uğrunda siyasi qüvvələr, siyasi liderlər arasında daim bir mübarizə getdiyi müşahidə edilib. Əli İnsanovun azadlığa çıxması və siyasi fəaliyyətlə məşğul olacağını bəyan eləməsi ilə bu mübarizənin yenidən aktivləşdiyi sezilir.
Bəs qərbi azərbaycanlı elektoratı uğrunda nədən bu qədər mübarizə gedir?
Əslən Qərbi Azərbaycandan olan politoloq Qabil Hüseynli “Yeni Müsavat”a bildirdi ki, qərbi azərbaycanlı elektorata bu münasibətin, hər bir siyasi qüvvənin onları öz tərəfinə cəlb etməyə çalışmasının, bunu arzu etməsinin konkret səbəbləri var: “Qərbi azərbaycanlılar siyasiləşmiş təbəqədir, aktivdir. Qərbi azərbaycanlılar uzun müddət ermənilərin təzyiqi altında olduqları üçün onlarda birləşmək, milliyyətçilik əhval-ruhiyyəsi daha yüksək səviyyədədir. Bu nöqteyi-nəzərdən qərbi azərbaycanlılar daha çox siyasiləşmiş bir təbəqədirlər. Ona görə də siyasi proseslərə, siyasi təşkilatlara qoşulmağa həmişə meylli olublar. İkinci bir səbəb kimi onların çoxsaylı olmasını göstərmək lazımdır. Bu gün qərbi azərbaycanlılar Azərbaycan əhalisinin əhəmiyyətli hissəsini təşkil edirlər və bütün qərbi azərbaycanlıların aralarında, hətta gizli də olsa bir siyasi həmrəylik bağları var. Bu siyasi həmrəylik bağları ilə müəyyən hədəflər uğrunda, müəyyən məsələlər uğrunda sıralarını daha tez birləşdirir, həmin hədəfə birlikdə vurmağı bacarırlar. Digər amil, qərbi azərbaycanlıların türkçülüyə meyllilikləri ilə bağlıdır. Onların vahid məfkurə ətrafında daha tez birləşmək istəkləri özünü daha tez büruzə verir. Buna görə də onları daha tez təşkilatlandırmaq, müəyyən bir siyasi təşkilatın, yaxud da müəyyən bir ideyanın ətrafında toparlamaq daha asan başa gəlir. Qərbi azərbaycanlılarda sadalanan bu keyfiyyətlərdən başqa onların böyük əksəriyyətinin savadlı olmaları da məlumdur. Savadlı və aktiv elektorata isə təbii ki, hər bir siyasi təşkilat, hər bir siyasi lider sahib olmaq istəyir”.
Bəs hazırda qərbi azərbaycanlı elektoratı əsasən kimin və ya hansı siyasi qüvvənin ətrafında cəmləşib?
Qabil Hüseynli vurğuladı ki, mərhum prezident Heydər Əliyev hakimiyyətə gələndə qərbi azərbaycanlıların böyük əksəriyyəti onun siyasəti ətrafında toparlanmışdı, bu siyasətin həyata keçirilməsi üçün təşkilatlanırdılar. Bu gün də YAP-ın sıralarında onların sayı yetərincədir: “Hakim partiyanın sıralarında sözügedən regiondan olanlar çoxdur və prezident İlham Əliyev siyasətini daha çox müdafiə edirlər. Mənim zənnimcə, bu gün qərbi azərbaycanlı elektoratının müxalifət qüvvələrinin tərəfində olduğunu söyləmək üçün ciddi əsaslar yoxdur. Çünki onların aparıcı qüvvələri 1990-cı illərin əvvəllərindən məhz Heydər Əliyevin ətrafında cəmləşib və bu gün də həmin siyasi xəttə sadiqdirlər, azərbaycançılıq ideyasının tərəfindədirlər”.
Bununla belə, politoloq qeyd etdi ki, qərbi azərbaycanlılar az da olsa, digər siyasi partiyaların da sıralarında mövcuddurlar. Amma həmin partiyalar aparıcı qüvvə kimi deyillər. Ən çoxsaylı hissələri YAP-ın sıralarındadır.
