Prezident İlham Əliyev dünən “Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olmuş, Çernobıl AES-də qəza nəticələrini aradan qaldırmaqda iştirak edib əlilliyi olmuş şəxslərin, II Dünya müharibəsi əlillərinin və onlara bərabər tutulanların xüsusi nəqliyyat almaq üçün tibbi göstərişlər üzrə avtomobillə təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncam imzalayıb. Sərəncamda qeyd olunan kateqoriyalardan olan vətəndaşların xüsusi nəqliyyat almaq üçün tibbi göstərişlər üzrə avtomobillərlə təminatının gücləndirilməsi məqsədilə 2019-cu il dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 5 (beş) milyon manat ayrılması tapşırılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən “Yeni Müsavat”a verilən məlumata görə, ayrılan vəsait hesabına sərəncamda qeyd olunan insanlara 400-dən yuxarı avtomobil alınacaq: “Beləliklə, cari ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müharibə əlillərinə və onlara bərabər tutulanlara nəzərdə tutulduğundan (180 avtomobil) 3 dəfədən çox olmaqla 600-dək avtomobil təqdim olunacaq”.
Qeyd edək ki, ötən il ərazi bütövlüyünün müdafiəsi və 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar, habelə hərbi xidmət vəzifəsini yerinə yetirərkən əlil olmuş şəxslərə, Böyük Vətən müharibəsi əlillərinə, Çernobıl əlillərinə 265 avtomobil verilib. Bununla da indiyədək təqdim olunan minik avtomobillərinin sayı 6 144-ə çatıb.
Nazirlikdən bildirildiyinə görə, hazırda dövlət büdcəsi hesabına minik avtomobili ilə təmin olunmaq üçün növbədə dayanmış əlilliyi olan vətəndaşların sayı 997 nəfərdir ki, cari il ərzində onlardan da artıq 600-ə yaxın şəxsin avtomobillə təminatı həyata keçiriləcək.
