|
Azərbaycan tarixinin ən böyük siyasi əfvi

Prezident İlham Əliyevin məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında imzaladığı sərəncam 431 nəfərə şamil olundu. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 399 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edildi. Əfv olunanlar sırasında tanınmış məhkumlar da var.

Cəmiyyətin demək olar ki, bütün təbəqələri bu əfv fərmanını alqışlayır və Azərbaycanda siyasi məhbus adlandırılan məhbusların azad olunması baxımından ən böyük əfv fərmanı kimi qəbul edir. Bildirilir ki, prezident İlham Əliyevin siyasi opponentlərini, hakimiyyət tənqidçilərini vaxtından əvvəl həbsdən azad etdiyi ilk dəfə deyil və son da olmayacaq, amma ilk dəfədir ki, 50-yə yaxın  siyasiləşmiş dustaq bir əfv sərəncamı ilə azadlığa  buraxılıb.

Sabiq spiker, Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər bu əfv fərmanını “Son illərin ən böyük əfv qərarı verildi”-deyə qiymətləndirib. İsa Qəmbər qeyd edib ki, qalan bütün digər siyasi məhbuslar da azad edilməlidir. Və ən əsası Azərbaycanımızda heç bir insan siyasi motivlərlə həbs edilməməlidir.

Sabiq daxili işlər naziri İsgəndər Həmidov “Yeni Müsavat”a bildirib ki, bu əfv fərmanına görə hər kəsə təbrik düşür:“Bütün həbsdən azad olunan insanları təbrik edirəm. Onların ailələrinin, əzizlərinin gözü yolda idi. Hər birinin gözü aydın. Bu çox tərifəlayiq addımdır və mən həmin insanların azad olunmasına sevindim. Azərbaycanda bu qədər sayda siyasi məhbus heç zaman əfv edilməmişdi. Bu baxımdan bu əfvi Azərbaycan tarixinin ən geniş əhatəli əfv fərmanı adlandırmaq olar. Eyni zamanda onu da deyim ki, gərək heç Azərbaycanda siyasi məhbuslar olmayaydı ki, siyasi məhbusların da əfvinə ehtiyac qalmasın. Bizim ölkəmizdə elə bir siyasət aparılmalıdır ki, burada siyasi dustaq problemi olmasın. Heç olmasa bundan sonra elə edilməlidir ki, yeni siyasi məhbuslar yaranmasın”.

AĞ Partiyanın sədri Tural Abbaslı isə əfv kimi humanist addımları hər zaman alqışladıqlarını və dəstəklədiklərini dedi:“Bayram öncəsi 431 ailənin sevincinə sevinc qatıldı. Sevindirici hal odur ki, əfv siyahısında siyasi baxışları fərqli olan 51 insanın da adı var. Burada Gözəl xanımın, İlkinin, Qiyasın, Bayramın və sair bu kimi dostların azadlığa çıxması bizi daha da sevindirir. Doğrudur, hələ də azadlığını gözləyən məhbuslarımız kifayət qədərdir. Ümid edirik, yaxın zamanlarda onları da azadlıqda, öz ailələrinin və əzizlərinin yanında görəcəyik. Bu gün Azərbaycanın dövlət olaraq ən çox ehtiyac duyduğu milli barışıqdır. Milli barışıq olmadan nə dövlətimiz güclənə bilər, nə də Qarabağımız azadlığa qovuşar. İqtidarın bu yöndə addımlarını davam etdirəcəyinə və daha prinsipial islahatlar edəcəyinə ümid edirik”.

Deputat Aqil Abbas isə moderator.az-a açıqlamasında bayram ərəfəsində ölkə başçısının imzaladığı əfv sərəncamının təqdirəlayiq olduğunu bildirib: “Əfv sərəncamı Novruz bayramı ərəfəsində azadlığa çıxan məhkumlara bayram hədiyyəsidir. Onlar ailələrinə, əzizlərinə, balalarına, qovuşdular, buna yalnız sevinmək olar. Böyük bir əfv sərəncamıdır. Prezident tərəfindən bu günə kimi 32 əfv sərəncamı imzalanıb və bu da 33-dür. Minlərlə məhbus əfv olunub və bura onun siyasi baxışının aidiyyəti yoxdur. Bu dəfə də ölkə başçısı tərəfindən əfv olunanlar sırasında insan hüquqlarının müdafiəsi ilə məşğul olanların siyasi məhbus adlandırdıqları şəxslər də azadlığa çıxdı, amma onların hər biri müəyyən bir cinayətə görə həbs edilmişdi. Onların əfv olunması bir daha onu göstərdi ki, Azərbaycanda insanları siyasi görüşünə görə təqib etmirlər”.

A.Abbas bəzi məhbusların və siyasi şəxslərin çıxışlarının həqiqətə uyğun olmadığını bildirib: “Rayonda seçicilərimlə görüşən zaman onlar da ölkə başçısına bu humanist addımına görə təşəkkürlərini çatdırmağımı xahiş etdilər. Əslinə qalanda siyahıda onların heç əfv olunan yaxınları yox idi. Əfv olunan şəxslərin bəzilərinin və siyasilərin çıxışı xoşuma gəlmir. Deyirlər ki, guya biz dedik, ya da Amerika deyəndən sonra o şəxslər azadlığa buraxıldı. Onda bu günə kimi imzalanan 32 əfv sərəncamı da onların sözləri ilə imzalanıb? İnsanın bir təşəkkür borcu olar. Emin Milli görürsünüz ki, ölkə başçısına təşəkkür etdi və hətta vətənə qayıtmaq istəyir”.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, “Məşhədi Dadaş” məscidinin axundu Hacı Şahin Həsənli bildirib ki, müxtəlif və o cümlədən inanclı insanların əfv edilməsi cəmiyyətdə barış mühitinin formalaşmasına, müəyyən radikal təzahürlərin artmasına mane olur. Ona görə də istər dini, istərsə də ictimai cəhətdən məsələyə yanaşsaq, ancaq müsbət fikirlər demək olar: “Bayram ərəfəsində insanların əfv olunması cəmiyyət tərəfindən də birmənalı olaraq rəğbətlə qarşılanan bir addımdır. Təbii ki, bu işdə vasitəçi olanların və xidmət göstərənlərin Allah yanında böyük savabı var, çünki insanı əziyyətdən xilas etmək, ayrılıqda olan insanları qovuşdurmaq dinimizdə bəyənilən əməl sayılır. Novruz bayramında küsülüləri barışdırmaq da  qovuşdurmağa xidmət etməyin başqa bir formasıdır. Məhbus həyatı yaşayan insanların əfv olunması onların ailələrinə və yaxınlarına qovuşması deməkdir. Bu da Allah yanında ən dəyərli əməllərdən biri sayılır”. 

“Rüfətin azadlığa qovuşmasını gözləmirdim, lakin bu, baş verdi. Valideyn olaraq sevinc içərisindəyəm”. Bunu isə Müdafiə Nazirliyinin sabiq mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu AzadlıqRadiosuna oğlu Rüfət Səfərovun azadlığa buraxılmasına münasibət bildirərkən deyib.

E.Sabiroğlu bildirib ki, prezident xeyirxah bir addım atıb: “Azad olunan bütün məhbuslar üçün sevinc hissi keçirirəm”.

Politoloq Abbas Məhərrəmli isə bildirdi ki, prezident İlham Əliyevin imzaladığı son əfv fərmanı dövlət rəhbərinin milli həmrəyliyə xidmət edən addımıdır: “Bunu birmənalı qəbul etmək lazımdır ki, məhbusları əfv səlahiyyəti dövlət başçısına məxsusdur və son əfv fərmanı hansısa kənar qüvvənin, qüvvələrin deyil, məhz İlham Əliyevin iradəsinin nəticəsidir. Bunun əksini iddia etmək qeyri-ciddilik olardı. Digər tərəfdən, bu əfv fərmanına ölkədə son aylar reallaşdırılan ciddi dəyişikliklərin tərkib hissəsi kimi də baxmaq mümkündür. Yəni əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində atılan addımlarla yanaşı, artıq digər sahələrdə də ciddi dəyişikliklərin əlamətlərini görməkdəyik. Baxın, onlarla müxalifət fəalı, hətta Əıi İnsanov kimi özünü barışmaz göstərən məhbus azadlığa buraxıldı. Bu, o deməkdir ki, prezident cəmiyyətdə gərginliyə səbəb olan, milli həmrəyliyə, siyasi münasibətlərə mənfi təsir göstərən amilləri bir-bir aradan qaldırmağa qərarlıdır”.