Xəbər verdiyimiz kimi, Yeni Zelandiyadakı məscid terrorundakı əsas şübhəlinin 28 yaşındakı avstraliyalı Brenton Tarrant olduğu açıqlanıb. Radikal sağ yönümlü Tarrant hücumları öz tərəfindən qeydə alınan canlı bir video görüntü ilə internetdə yayıb. Bir video oyununa bənzədilərək çəkilən tükürpədici görüntülərdə terrorçunun qarşısına çıxan qadına, kişiyə, uşağa, hər kəsə yaxın məsafədən necə atəş açdığı görünür.
Şübhəlinin daha öncə zorakılığı təşviq edən radikal sağ yönümlü təbliğat əks etdirən uzun bir mətni də internetə yüklədiyi qeyd olunub. Yeni Zelandiya baş naziri Jacinda Ardern Tarrant da daxil olmaq üzrə hələ də 3 nəfərin göz altında olduğunu açıqlayıb.
Avstraliya baş naziri Scott Morrison da şübhəlilərdən birinin Avstraliya vətəndaşı olduğunu təsdiqləmişdi. Morrison bu insanın “radikal sağ yönümlü və zorakılıq tərəfdarı olan bir terrorist” olduğunu deyib və Yeni Zelandiyadakı istintaqa Avstraliyadakı instansiyaların da dəstək verəcəyini bildirib.
İnternetə qoyulan canlı video yayını zamanı görünür ki, bunu çəkən şəxs hadisəni birbaşa çatdırmaq üçün başına bir kamera yerləşdirib. Nur məscidindəki terroru anbaan canlı göstərən video Facebookda da qısa bir müddət paylaşılıb. Hücumu gerçəkləşdirməyə gedən şəxsin maşınında arxa planda eşidilən musiqinin 1990-cı illərdə Bosniya müharibəsi zamanı serb millətçilərinə aid bir marş olduğu bildirilir. Marşda 1990-cı illərdəki aksiyalara görə məhkəmə tərəfindən soyqırım və müharibə cinayətlərinə görə məhkum edilən bosniyalı serblərin eks-lideri Radovan Karaciç barədə tərifli sözlər deyilir. Terrorçunun əlindəki silahın üzərində müsəlmanları və qaçqınları öldürməyə görə məhkum olunmuş cinayətkarların adlarının yazıldığı görülür.
Ağ irqin üstünlüyü fikrinə bağlı manifest

Avstraliya mediası, terrorçunun Sidneyin 600 km cənubundakı Grafton qəsəbəsindən gəldiyini və daha öncə bir idman mərkəzində çalışdığını yazıb. Onun işlədiyi idman mərkəzinin rəhbəri Tracey Gray isə yerli mediaya verdiyi açıqlamada Tarrant haqqında “Radikal dünyagörüşü və aqressiv olduğunu göstərəcək heç bir şey etmirdi” deyib.
İnternetə yerləşdirdiyi “Böyük Yerdəyişdirmə” (The Great Replacement) başlıqlı 74 səhifəlik bir sənəddə terrorçu 2017-ci ildə Avropaya baş çəkəndə gördüyü şeylərə hirsləndiyini və qayıdanda da bu hücumu planlaşdırdığını bildirib. Mətndən belə anlaşılır ki, o, Nur Məscidini 3 ay öncə hədəf olaraq seçib. Hücum zamanı ölməməyi hədəfləyib və aksiyanın hədəfi də qorxu salmaq olub. Onlarla səhifəlik bir mətndə uzun-uzun Avropanın müxtəlif ölkələrindən nümunələrlə, Avropa xalqlarının yox olmaqda olub onların yerini “fərqli, daha aşağı və təhlükəli mədəniyyətlərdən gələn qaçqınların” aldığı barədə bir komplo-nəzəriyyə işlənir.
Mətn əsasən müsəlmanlardan qorxmaq, onlara nifrət etmək lazım gəldiyindən bəhs edən beynəlxalq bir irqçinin manifesti xarakterlidir.

“Yüksək profilli düşmənlər” arasında Ərdoğan da var
Dövlətlərin və qurumların, “qlobal kapitalizmin davamını təmin edə bilmək məqsədilə” qaçqın axınını sürətləndirmək üçün “ağ soyqırımı” təşviq etdiyi inancı da bu nəzəriyyənin önəmli bir hissəsini təşkil edir.

Mətndə bu kateroqiya üzrə “yüksək profil sahibi düşmənlər” sayılan Almaniya baş naziri Angela Merkel, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan və London bələdiyyə sədri Sadiq Xan haqqında da təhdidlər yer alır. Zaman-zaman yəhudi düşmənliyi də su üzünə çıxır və dünya iqtisadiyyatına hegemonluq edən bu sistemə görə yəhudilərin məsuliyyət daşıdığı ilə bağlı neo-Nazi iddiaları dilə gətirilir.

Amma daha önəmlisi bu nəzəriyyə içində ifadə edilən düşüncələrin təkcə bir insanın yayınladığı mətndən ibarət olmamasıdır. Böyük Yerdəyişdirmə termini ilk olaraq Fransada istifadə edilmişdi. Amma bu, artıq dünya miqyasında bir çox irqçi qrup tərəfindən mənimsənilən bir teoriyadır. Bu qrupları və fəaliyyətləri araşdıran BBC müxbiri Dominic Casciani onun öndə gələn müdafiəçiləri arasında Avropadakı İslama qarşı Nəsil Kimliyi (Generation Identity) adlı hərəkat üzvlərinin olduğunu deyir.
Bundan başqa, bu komplo-nəzəriyyə Faceookdakı qapalı qruplar və digər sosial media platformları başda olmaq üzrə geniş və gedərək də böyüyən bir axının ana xəttini təşkil edir. Bu qruplarda paylaşılan hər cür saxta xəbər linki və mətni, həqiqətlərlə və etibarlı qaynaqlarla bağını tamamilə qoparmış insanların qorxularını və hirslərini yetərincə artırır.
Bu günədək baş verən terror olaylarında daha çox miqrantların, müsəlmanların baş rolda olmasına dair faktlar bir qədər şişirdilirdi. Bu, 2015-ci ildən etibarən Avropaya olan miqrant axınının qarşısını almaq üçün məqsədyönlü təbliğat kampaniyası, müsəlmanların terrorist olması barədə fikirlərin yayılmasının nəticəsi idi.
Avropada öz soyuqqanlılığı ilə fərqlənən qətllər baş verdikcə terrorizmin sərhədləri də genişlənəcək. Amma bu məsələdə diqqəti çəkən məqamlardan biri seçilən qurbanların psixoloji durumu, xüsusi amansızlığıdır. Xatırlayırsınızsa, Norveçdə 77 adamı öldürən Breivik məhkəmədə Utöya adasında törətdiyi terror aktını soyuqqanlılıqla izah etmişdi. O, “mən əslində yaxşı insanam, sadəcə, yaxşılıq etməyi unutmuşam” demişdi. O, məhkəməsində bildirmişdi ki, döyüşə gedərkən əvvəlcədən psixoloji hazırlıq görüb. Məhkəmənin sonunda Breivik “Əl Qaidə”nin dünyadakı ən uğurlu təşkilat olduğunu söyləyib.
Eyni hal bir müddət öncə ABŞ-ın Las-Veqas şəhərində baş verən qətllə bağlı yaşanıb. Hadisə “Madalay Bay” hotel-kazino kompleksi yaxınlığında musiqi festivalında atışma zamanı baş verib. Hotelin 32-ci mərtəbəsindən festival iştirakçılarının atəşə tutulması nəticəsində 50-dən çox insan ölüb, təxminən 400 nəfər yaralanıb. Hadisəni törədən şəxs polis tərəfindən tutulacağını görüb özünü öldürüb. Onun 64 yaşlı yerli sakin Stiven Paddok olduğu müəyyənləşib.

Onlar niyə terrorçu olurlar?
Gördüyünüz kimi, hətta firavanlığın və dinc həyatın mərkəzi sayılan Avropada da çox qatı cinayətkarlar yetişir. Doğrudur, onlar çox nadir hallarda müstəqil hərəkət edirlər və öz təşəbbüsləri əsasında belə addım atırlar. Bir çox hallarda hansısa terror təşkilatının bir üzvü olduqları üçün insanların dünyasını qaraltmağa cəhd göstərirlər və bu, alınır.
Terror təşkilatlarına qoşulanların çoxunun əsas funksiyası həm də canlı bomba olmaqdan ibarətdir. Təl-Əviv Universitetinin israilli professoru Ariel Merari 50-dən artıq canlı bomba barədə sosial araşdırma aparıb. Araşdırmada nə ortaq bir xarakter, nə də patoloji bir şəxsiyyət özəlliyi üzə çıxarılıb. Amma bütün bu qatillərdə ən önəmli oxşarlıq onların heç diqqət cəlb etməmələri olub.
Terror təşkilatları qeyri-müsəlman ölkələrindən qurbanları seçərkən dindən daha çox xarakter cəhətlərə önəm verirlər. Belə ki, onlar daha çox sentimental, spontan qərarlar verməyi sevən, təsir altına düşən tiplərə üstünlük verirlər. Bundan başqa, onların cəmiyyətdə özlərinə yer tapa bilməyən tiplər olması arzuediləndir. Aksiyaçıların içində özünü fəda etmə, bir qəhrəman olma duyğusu ön plana çıxa bilir. Bundan başqa, ciddi şəkildə sosial təzyiqi də yaddan çıxarmaq olmaz. Təzyiqin ana xətti aşağıdakı kimidir: “Bunu həyata keçirmədiyin zaman qrupun içində hörmət görən bir insan kimi yaşama şansın yoxdur”.
Terror aksiyasından öncə canlı bombaların motivasiya olmaları üçün narsist yaralarını deşirlər, varlıqlarının təhlükə altında olduğu təkrar-təkrar vurğulanır. Bununla da daxillərində şiddətli bir hücumçu potensialı yaradılır. Sözügedən şəxslərin şüuraltına isə bu fikir yeridilir: “Sən bu aksiyanı həyata keçirməsən, burada da insan kimi hörmət görməyəcəksən. Amma bunu həyata keçirsən, həm qrup adına hərəkət edirsən, həm də özünü qəhrəman kimi tarixə salacaqsan”.
Amma bu da faktdır ki, Amerika özünün bəslədiyi ilan tərəfindən sancılır. Bundan bir il öncə 19 yaşlı xristian terrorist Nikolas Kruz Florida ştatında yerləşən Marjory Stoneman Douglas Liseyinə hücum etmişdi. AR-15 tipli ağır makinalı tüfənglə hücumu gerçəkləşdirən xristian terrorist 17 nəfəri amansızlıqla qətlə yetirib, 50-dən artıq insanı yaralayıb. Amerika və Avropa mediası sözügedən hücumu terror olaraq qiymətləndrmədi. Qərb mediası artıq neçənci dəfədir ki, bu sayaq məsələlərdə “ikili standart”larla davranır. Dünyada hər 5 hüquq müdafiə təşkilatından biri Amerikada xristian terroristlərin əliylə gerçəkləşdirilib. Amerikada bir ildə silahlı hücumlar nəticəsində 33 min nəfər ölüb.

Müsəlmana “terrorist”, xristiana “dəli”
Dünyanın hər yerində gerçəkləşən hücumları müsəlmanlarla əlaqələndirən, “islami terror” iftirasını səsləndirən Amerika prezidenti Tramp öz ölkəsində xristian terroristlərin əliylə gerçəkləşən qanlı hücumları isə “dəli aksiyaları” olaraq qiymətləndirib. Məsələn, Amerika prezidenti bir il öncəki Florida hücumçuları ilə bağlı “onların əqli sağlamlığının yerində olmadığına dair bir çox işarə vardı” demişdi.
Ondan öncə Las Veqasda bir konsertdə təşkil olunan terror hücumunda 58 nəfər ölmüş, 500 nəfər yaralanmışdı. Hücumu 64 yaşındakı Stefan Paddok adlı xristian terrorist öz üzərinə götürmüşdü. Noyabr ayında isə Texasdakı bir kilsəyə hücum edən xristian terrorist Kriz Vard 27 nəfəri qətl etmişdi. Yenə eyni ayda Manhattan bölgəsində velosiped yolundakı piyadalar üzərinə atəş açılmış, 8 nəfər həyatını itirmişdi. ABŞ rəhbərliyi bu hücumu “Yalnız qurd” hücumu adlandırıb məsələni qapatdı.
