|
VII Qlobal Bakı Forumu başladı

Martın 14-də Azərbaycanın paytaxtında Prezident İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə VII Qlobal Bakı Forumu işə başlayıb.

Martın 16-dək davam edəcək VII Qlobal Bakı Forumunun işində 55 ölkədən 500-dən çox nümayəndə iştirak edir. “Dünyanın yeni xarici siyasəti” mövzusunda keçirilən foruma hazırda fəaliyyətdə olan 5 prezident, 1 baş nazir, 2 baş nazirin müavini, 42 sabiq dövlət başçısı və baş nazirlər, çoxsaylı analitiklər, jurnalistlər, gənc liderlər toplaşıblar. Forumda 10 müxtəlif sessiya zamanı iştirakçılar tərəfindən qlobal və regional əhəmiyyət daşıyan məsələlər müzakirə ediləcək.

VII Qlobal Bakı Forumunu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin açaraq forumun əhəmiyyətini vurğulayıb. Dünyada sabitliyin olmadığı bir vaxtda planetimizi narahat edən mühüm məsələləri müzakirə etmək imkanı baxımından Bakı Forumunun çox vacib tədbir olduğunu deyən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri sözü prezident İlham Əliyevə verib.

Dövlət başçısı forumun dünyada cərəyan edən vacib prosesləri müzakirə etmək üçün mühüm beynəlxalq platformaya çevrildiyini vurğulayıb. Forumda dünyanın nəhəng intellektual potensialının cəmləşdiyini deyən prezident İlham Əliyev bunun tədbirin miqyasını təcəssüm etdirdiyini, Bakı Forumunun beynəlxalq aləmdə misilsiz yeri olduğunu diqqətə çatdırıb.

Azərbaycanın xarici siyasətindən danışan dövlət başçısı bildirib ki, bu, proqnozlaşdırıla bilən, müstəqil və milli maraqlara əsaslanan, tərəfdaşlıq, qarşılıqlı əməkdaşlıq, regionda sabitliyə yönələn siyasətdir. “Biz ənənəvi tərəfdaşlarla münasibətlərimizi daha da möhkəmləndirmişik, eyni zamanda yeni dostlar əldə edərək yeni körpülər qurmuşuq”, - deyən prezident Azərbaycanın qarşılıqlı hörmətə əsaslanan səmərəli əməkdaşlıq mühiti yarada bildiyini, nəqliyyat, enerji təhlükəsizliyi, ticarət və sərməyə qoyuluşu sahələrində əməkdaşlıq qurduğunu diqqətə çatdırıb.

Qarabağ münaqişəsi və bu münaqişənin nəticələri barədə ətraflı danışan prezident bildirib ki, bu işğal beynəlxalq təşkilatların beynəlxalq hüquqa əsaslanan qətnamələrinin pozulması deməkdir və status-kvo qəbuledilməzdir, onun dəyişdirilməsi üçün isə Ermənistan Azərbaycan ərazilərindən öz qoşunlarını çıxarmalıdır. “Biz görürük ki, Ermənistan hökuməti bu gün danışıqlar formatını dəyişdirməyə cəhd edir. Bu isə qəbuledilməzdir. Beynəlxalq təşkilatlar, ATƏT-in Minsk Qrupunun həmsədrləri də bunu bəyan edirlər”, - deyən İlham Əliyev bu formatın artıq uzun illərdir mövcud olduğunu bildirib və bunu dəyişdirmək cəhdini danışıqlar prosesini bloklamaq cəhdi kimi səciyyələndirib. Prezident forum iştirakçılarının diqqətini dünyada sabitliyin bərqərar olması üçün mühüm amil olan multikulturalizmin Azərbaycandakı ənənələrinə də yönəldib, bu ideyanın dünyada təbliğ edildiyini vurğulayıb. “Bu gün Azərbaycan nümayiş etdirir ki, yalnız multikulturalizmin təşviqi ilə dünya irəli gedə, gərginlik azala bilər”, - deyən dövlət başçısı Azərbaycanın gənc, müstəqil ölkə olmasına baxmayaraq, beynəlxalq təşkilatların dəstəyini qazandığını bildirib.

“Azərbaycan enerji təhlükəsizliyinə böyük töhfələr verir, böyük sərmayələr qoyur. Mühüm beynəlxalq enerji şirkətləri ilə bir yerdə gördüyümüz işlər təkcə xalqımıza mənfəət gətirmir, eyni zamanda, Azərbaycanda və regionda on minlərlə yeni iş yeri yaradır və təbii ki, beynəlxalq əməkdaşlığa öz töhfəsini verir”, - deyə, prezident bildirib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan neft kəmərləri vasitəsilə Xəzər dənizini Qara və Aralıq dənizləri ilə birləşdirdi: “Bu, tarixdə ilk dəfə bizim sayəmizdə mümkün oldu. Bu gün biz Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Albaniya, Yunanıstan və İtaliyanı birləşdirən nəhəng qaz kəməri layihəsini həyata keçiririk. Söhbət yekunlaşmaq üzrə olan TAP kəmərindən gedir. Biz Cənub Qaz Dəhlizini ötən il istismara verdik və həmin ilin iyun ayında onun komponenti olan TANAP kəməri də istifadəyə verildi. Azərbaycan qazı həmin kəmər vasitəsilə artıq nəql olunur və ümid edirəm ki, gələn il biz bu layihəni tam şəkildə başa çatdıracağıq. Bu, regionda ən nəhəng infrastruktur layihəsidir, ona qoyulan bütün sərmayələrin həcmi təqribən 40 milyon ABŞ dollarına bərabərdir. Burada biz güclü beynəlxalq maliyyə təsisatlarının dəstəyini görürük, burada korporativ maliyyə vəsaitləri istifadə olunur. Yəni bu, ölkələr və şirkətlər arasında olan sıx əməkdaşlığın nümunəsidir və təbii ki, bizim planlarımız daha irəli gedən planlardır. Biz artıq Balkan ölkələri, Bosniya və Herseqovina, Xorvatiya, Monteneqro ilə anlaşma memorandumları imzalamışıq və ümid edirəm ki, növbəti mərhələdə sıx əməkdaşlığa başlayacağıq. Bu layihəyə cəlb olunmaq istəyən ölkələrin coğrafiyası da gündən-günə artır. Bu, bir daha onu göstərir ki, bizim nəqliyyat təşəbbüslərimiz geniş beynəlxalq əməkdaşlıqla nəticələnir. Biz enerji və nəqliyyat sahəsində geniş əməkdaşlıq formatı yarada bilmişik. Burada Asiya, Avropa ölkələri və təbii ki, Avropa İttifaqına üzv olan dövlətlər iştirak edir. Bu, çox böyük bir nailiyyətdir, böyük sərvətimizdir və biz yalnız bu prosesin ilkin mərhələsindəyik. Bu proses başa çatdıqdan sonra böyük iqtisadi mənfəət olacaq, on minlərlə yeni iş yeri yaranacaq və təbii ki, bu, ölkələri biri-birinə daha da sıx bağlayacaq”.

Dövlət başçısı forumun işinə uğurlar arzulayıb.

Sonra Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qani, Albaniya prezidenti İlir Meta, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Şefik Caferoviç, Moldova prezidenti İqor Dodon, Monteneqro prezidenti Milo Dukanoviç, Bolqarıstanın baş naziri Boyko Borisov çıxış ediblər.

Daha sonra İtaliya prezidenti Sercio Mattarellanın,  Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının baş naziri Tereza Meyin, BMT baş katibi Antonio Quterreşin foruma müraciəti oxunub.

Forumda Latviyanın sabiq prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike- Freyberqa çıxış edib.

Tədbirdə Nizami Gəncəvi Beynəlxalq Mükafatının 2019-cu ilin təqdimat mərasimi keçirilib.

Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qaniyə və Robert F.Kennedi İnsan Hüquqları Fondunun prezidenti Kerri Kennediyə Mərkəzin Qəyyumlar Şurasının qərarı ilə Nizami Gəncəvi Beynəlxalq mükafatları təqdim olunub.