Ermənistanın baş naziri Nikol Paşinyanın Brüsseldə dərc olunan "EURACTİV" portalına müsahibəsinə cavab olaraq həmin portalda Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin məqaləsi dərc olunub.
Trend-in məlumatına görə, məqalədə deyilir:
"Ermənistan baş naziri Nikol Paşinyanın 4 mart tarixində "EURACTİV" portalına müsahibəsi, xüsusilə onun Ermənistan-Azərbaycan münaqişəsi barədə iddiaları ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqların mahiyyəti və formatına köklü şəkildə ziddir. Prezident İlham Əliyev ilə Nikol Paşinyan arasında keçən ilin sentyabrında Düşənbədə baş tutmuş görüşdən etibarən Azərbaycan danışıqlar prosesinin irəli aparılması üçün əlverişli mühitin yaradılması məqsədilə konstruktiv və cəsarətli addımlar atmışdır. MDB-nin Sankt-Peterburqda keçirilmiş qeyri-rəsmi sammiti və Davosda Azərbaycan və Ermənistan rəhbərliyi arasında daha iki görüş olmuşdur. Amma Ermənistan rəhbərliyi indi bunları görüş belə adlandırmaqdan çəkinir və qeyri-rəsmi təmaslar adlandıraraq metaforik illüstrasiyaya üstünlük verir. Bu ümidverici dinamika ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin dörd görüşü ilə müşayiət olunmuşdur. Amma həmsədrlərin və beynəlxalq ictimaiyyətin iki ölkə arasında substantiv və nəticə yönümlü intensiv danışıqların davam etdirilməsinə dair nikbinliyinə müsbət şəkildə cavab vermək əvəzinə Ermənistanın baş naziri Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin danışıqlara cəlb edilməsi ilə bağlı qeyri-real iddialar irəli sürməyə başlamışdır. Bu düşüncə ilə Ermənistan tərəfi məqsədyönlü şəkildə bütün danışıqlar prosesini əngəlləyir və iflic halına salır.
Ermənistan baş naziri Qarabağda yaşayan ermənilər adından danışa bilmədiyini iddia edərək çox sadə bir suala cavab verə bilmir: Ermənistan silahlı qüvvələrinin Azərbaycan suveren ərazilərində nə işi vardır?
Beynəlxalq ictimaiyyətə çox yaxşı bəllidir ki, Ermənistan BMT nizamnaməsini kobud şəkildə pozaraq qanunsuz şəkildə gücdən istifadə etməklə Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonunu işğal etmişdir. Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə bir milyondan artıq mülki Azərbaycan əhalisinə qarşı qanlı etnik təmizləmə törədilmişdir. Onlar hələ də məcburi köçkün və qaçqın statusunda yaşamaq məcburiyyətindədir.
Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı hərbi təcavüzdə birbaşa iştirakı və Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdə mövcudluğu münaqişə tərəfi kimi Ermənistanın hüquqi, siyasi və mənəvi məsuliyyətini təsbit edir. Söz güləşdirməklə Ermənistan hökuməti bu mütləq məsuliyyətdən qaça bilməz.
İşğalçı dövlətlər adətən digər dövlətin ərazisini zor yolu ilə işğalında öz rollarını gizlətmək üçün işğal olunmuş ərazilərdə qanunsuz rejimlər yaradırlar. Qondarma “Dağlıq Qarabağ Respublikası” bu kimi siyasətin və təcrübənin bariz nümunəsidir.
Avropa İnsan Hüquqları Məhkəməsi “Çiraqov Ermənistan qarşı” işi üzrə qəbul etdiyi qərarda Ermənistanın öz məsuliyyətini davamlı şəkildə inkarına əsaslı olaraq son qoydu. AİHM təsbit etdi ki, “qondarma “DQR” və onun administrasiyası Ermənistanın hərbi, siyasi, maliyyə və digər dəstəyi hesabına mövcuddur və Ermənistan Dağlıq Qarabağ və ətraf ərazilər üzərində nəzarəti həyata keçirir”.
