Xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmaqda ittiham edilən gənc hakim qarşısına çıxarılıb.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 2002-ci il təvəllüdlü Namiq Ayxanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən məhkəmə iclasında N.Ayxanovun vəkili Gülşən Salmanova müdafiə çıxışı edib. Vəkil bildirib ki, Namiq Ayxanova qarşı irəli sürülmüş ittiham kifayət qədər ağırdır.
Müdafiəçi bildirib ki, Ayxanov cinayət əməlini zərərçəkmişin qanunsuz hərəkətlərinin nəticəsində törədib.
Vəkil bildirib ki, Ayxanov cinayət əməlini törədən zaman 18 yaşı tamam olmayıb: "Ayxanov marketə getmək üçün məhkəməyə çıxıb. Əvvəlcədən tanımadığı 4 nəfər ona sataşıb. Kamil Məmmədov adlı şəxs bilərəkdən Ayxanova "nəyə baxırsan" iradını bildirərək onunla mübahisə edib. Heç bir səbəb olmadan, xuliqanlıq niyyəti ilə Ayxanova sataşan onlar olub. Daha sonra mübahisə böyüyüb və həmin şəxslər Ayxanovu döyməyə başlayıb. O da cibindəki bıçağı çıxaraq Kamilə zərbə endirib və oradan uzaqlaşıb.
Namiq Ayxanov evə gedib və anası onun bədənindəki xəsarətləri görüb. İndi də onun bədənindəki xəsarətlərin fotoları var. Namiq işə gedə bilmədiyi üçün həmin fotoları çəkərək müdirinə göndəribmiş. Cinayət işi materiallarında həmin fotoları var və xəsarətlər aydın şəkildə görünür. Digər şəxslər məsuliyyətə cəlb edilməyib. Amma 18 yaşlı Namiqə 9 il cəza istənildi. Bu yaşda bir uşağa belə ağır cəza istəmək onun həyatını məhv etməkdir".
Məhkəmə müşavirədən sonra hökmü elan edib.
Hökmə əsasən Namiq Axundov 7 il müddətinə azadlıqdan məhrum edilib. Barəsində seçilmiş polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib və məhkəmə zalında həbs edilib.
Qeyd edək ki, Namiq Ayxanov Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa qağır zərər vurma) maddəsi ilə təqsirli bilinib.
