Martın 5-də Bakıda “Dinlər və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru” adlı beynəlxalq konfrans keçirilib.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə çıxışında deyib ki, ölkədə dini-mənəvi irsə ehtiram, müxtəlif mədəniyyətlərin dialoqu, tolerantlıq ənənələri olduqca yüksək səviyyədədir: “Milli və dini tolerantlıq dövlət səviyyəsində dəstəklənir. Etnik və dini müxtəliflik ölkəmizin milli sərvəti kimi dəyərləndirilir. Bu bizim qürur mənbəyimizdir. Təbii ki, burada siyasi iradə böyük önəm daşıyır”.
A.Paşazadə vurğulayıb ki, prezident İlham Əliyevin qlobal miqyasda dəyər kəsb edən təşəbbüsləri bəşəriyyətin ümumi inkişafına, sülh və dinc birgəyaşayış amallarına xidmət edir. “Təəssüf ki, hazırda dünyada humanitar fəlakətlər, insan qırğını, miqrant böhranı kimi hallar gündəmdədir. 20 faiz torpağı erməni ekstremistləri tərəfindən işğal olunmuş, bir milyondan artıq soydaşı qaçqın-məcburi köçkün taleyi yaşamağa məcbur olan, Xocalı soyqırımına məruz qalmış Azərbaycan xalqı ən ağrılı problemimiz olan Qarabağ münaqişəsinin müharibə yolu ilə deyil, beynəlxalq hüquq normaları çərçivəsində sülh yolu ilə ədalətli həllinin tərəfdarıdır. Bu gün bütün problemlərin fövqündə duran sülhün qorunması probleminin həllində, habelə terrorizm, islamofobiya, antisemitizm, ekstremizm və radikalizmin önlənməsində dövlət rəhbərlərinin, ictimai və dini qurum liderlərinin birgə əməkdaşlığı vacibdir. Konfessiyalararası anlaşma, dinlərarası dialoq, müxtəlif din xadimlərinin əməkdaşlığı - milyonlarla insan üçün ən gözəl örnəkdir. Məzhəbindən asılı olmayaraq bölgə müsəlmanlarının tarixi dini mərkəzi olan Qafqaz Müsəlmanları İdarəsi dinlərarası dialoq sahəsində malik olduğu təcrübəni məhz bu istiqamətdə davam və inkişaf etdirir. Azərbaycanda din-dövlət münasibətlərinin yüksək səviyyəsi bütün bu uğurlarımıza rəvac verən məqamlardandır”, - Şeyxülislam bildirib.

Şeyxülislam bildirib ki, bu il noyabrın 14-15-də dünyanın dini liderlərinin Azərbaycanda toplanması nəzərdə tutulur.
Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov deyib ki, Azərbaycan vətəndaşlarının dini etiqad azadlığının təmin edilməsi ölkəmizin daxili siyasətinin tərkib hissələrindədir: “Azərbaycan dövləti ölkə vətəndaşlarının dini etiqad azadlığına onların hüquq və azadlıqlarının tərkib hissəsi kimi yanaşır. Azərbaycan vətəndaşlarının dini etiqad azadlığının təmin edilməsi ölkə qanunvericiliyində öz əksini tapıb”.
E.Nəcəfov bildirib ki, Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə olmasına nümunə kimi milli etiqad azadlığı ilə yanaşı, bütün din və məzhəblərin qanun qarşısında bərabər olması qeyd edilməlidir: “Azərbaycan əhalisinin 96 faizi müsəlmandır. Buna baxmayaraq, dövlət dinlər arasında heç bir ayrı-seçkiliyə yol vermir. Dövlət-din münasibətlərinə dair daha bir nailiyyət ondan ibarətdir ki, dövlət bütün dini qurumların hər birinə lazımi kömək, o cümlədən maliyyə dəstəyi göstərir. Son dövrlərdə Bakıda və regionda çoxsaylı rus pravoslav, gürcü pravoslav, alban-udin kilsə və məbədləri, yəhudi sinaqoqları əsaslı təmir edilib”.
Şöbə müdiri əlavə edib ki, Azərbaycanda dini azadlığın yüksək səviyyədə təmin edilməsi, bütün dini məzhəblərin qanun qarşısında bərabər olması, dini qurumlara dövlət dəstəyinin göstərilməsi öz məntiqi nəticəsi kimi ölkə daxilində dinlərarası münasibətlərin qarşısılıqlı hörmət əsasında qurulmasına səbəb olub. (Trend)
“Azərbaycan mədəniyyətlər, dinlərarası münasibətlərin həyata keçirilməsində mühüm rol oynayır”. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı beynəlxalq konfransda belə deyib.
Onun sözlərinə görə, Azərbaycan özünəməxsus dövlət-din modelinə malikdir: “Azərbaycan dinlərin, mədəniyyətlərin qovşağı olan dövlət kimi dünyaya öz modelini göstərib. Bakı bu müzakirələrdə mərkəz şəhər kimi çıxış edir”.
M.Qurbanlı xatırladıb ki, bu gün Azərbaycanda 909 dini icma qeydiyyatdan keçib: “Onlardan 32-si xristian dini icmalarıdır, yəni qeyri-müsəlman dini icmalardır. Azərbaycan əhalisinin 96 faizi müsəlmandır, yerdə qalan 4 faiz müxtəlif dini konfessiyaları özündə əks etdirir və onların ölkədə hərtərəfli fəaliyyəti üçün hər şərait yaradıb” (yazıda “Report” və “Trend”in strateq.az-ın xəbərlərindən istifadə olunub).
![]()
Dövlət Komitəsinin sədri qeyd edib ki, Azərbaycan dini etiqad, vicdan azadlığı baxımından dünyada nümunə göstərilə biləcək ölkələr sırasındadır, bəlkə də bu ölkələrdən birincisidir: “Azərbaycan müxtəlif dinlərin, sivilizasiyaların qovşağında yerləşən ölkədir. Bu xüsusiyyətimiz xalqımızın xarakterinə, tarixində əksini tapıb".
“Mənim xristianlarla da, müsəlmanlarla da dost münasibətim var. Sünnilər, şiələr arasında dostlarım çoxdur. Hətta vəhhabi dostlarım da var”.
Bakupost.az-ın məlumatına görə, bu sözləri QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə deyib. O, konfransdan sonra keçirdiyi mətbuat konfransında amerikalı jurnalistin sualına cavabında belə deyib.
Allahşükür Paşazadə deyib ki, xaricdə bəzi insanlar Azərbaycana zərbə vurmaq, onu baltalamaq istəyir. Şeyxülislam bildirib ki, haqqı eşidib onu müdafiə etməmək özü də bir günahdır: “Bu gün biz dövlətimizi neçə qoruyuruq? Ölkəni qorumaq onu avtomatla qorumaq deyil ki? Dövləti müdafiə etmək həm də dövlət rəhbərinin fikirlərini müdafiə etmək, onun dediklərini yerinə yetirməkdir. Bunun əksini edənlər dövlətçiliyimizi bilməyənlərdir. Bunu arxasında dayanan bəzi qüvvələr var”.
QMİ sədri prezident İlham Əliyevin mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşünə də toxunub:“Prezident mədəniyyət işçiləri görüşdü, ona çoxlu suallar verildi. Bəs soruşum görüm bu dövləti, onun rəhbərini qorumaq, onun dediklərini yerinə yetirmək üçün siz ictimaiyyət, ziyalılar nə edirsiniz, atdığınız addımlar nələrdən ibarətdir? Biz bunu gözləyirik. Mən də bunu gözləyirəm”.
