Venesuela müxalifət lideri Xuan Quaydo xalqı küçələrə çağırıb. Quaydo bazar ertəsi günü Latın Amerikasının müttəfiq ölkələrinə səfərini başa vuraraq Venesuelaya qayıdıb.
“Mən ölkəyə qayıtmağımı elan edirəm. Mən Venesuela xalqını bütün ölkə boyu səhər saat 11-də səfərbər olmağa çağırıram”, - Quaydo twitter səhifəsində belə yazıb.
Bu yaxınlardakı çıxışında ABŞ prezidenti Donald Tramp isə Venesuela prezidenti Nikolas Maduronu dəstəkləməkdə olan hərbçilərin ünvanına sərt xəbərdarlıq edib:
“Maduronu dəstəkləyənlər təhlükəsiz yer və asan çıxış yolu tapa bilməyəcəklər - siz hər şeyi itirəcəksiniz!”
Ağ Ev bildirir ki, bütün tərəflərin iştirakı ilə Maduronu prezident postundan götürmək üçün dinc üsul axtarır, lakin buna baxmayaraq, hərbi müdaxilənin mümkünlüyünü göstərən bütün variantlar da gözdən keçirilir.
Vaşinqtonun Venesuela liderini inadla devirmək cəhdi hətta Maduronun bəzi düşmənlərini də narahat edir və bunun səbəbi ABŞ-ın regiona müdaxiləsinin uzun tarixi ilə bağlıdır. Faktiki isə Maduronun devrilməsi planı uzanmaqdadır.

Məlumata görə, ölkədə yanacaq cəmi 6 həftəyə bəs edəcək, aprelin ortalarında yanacaq anbarları boşalacaq. Hazırda Venesuela sahillərində 500 milyon dollara olan 8.4 milyon barel neftlə yüklü 16 tanker dayanıb, ölkədə neft hasilatı gündə 1.49 milyon barelə qədərə azalıb.
Venesuelanın dövlət neft şirkəti sanksiyalara görə nefti sata bilmir, ölkənin özünün neft emalı zavodlarının gücü isə neftin hamısını emal etməyə bəs etmir.
İki iri neftayırma zavodu fəaliyyətini dayandırıb. Onlar gündə cəmi 77 min barel yanacaq istehsal edirdi. Daha bir neftayırma zavodu - “Paraquana” isə 940 min barel istehsal gücünə malik olsa da cəmi 70 min barel yanacaq istehsal edə bilir.
Bu isə daxili bazarda tələbatı ödəməyə bəs etmir. Təkcə Venesuela donanması gündə 110 min barel benzin və 80 min barel dizel istehlak edir.

Maduro problemi Hindistanın hesabına həll etməyə çalışır. Hindistan ABŞ-ın embarqolarından sonra Venesueladan neft almağa icazəsi olan yeganə ölkədir.
Bu arada sanksiyalara görə Rusiyanın “LUKoil” şirkətinin beynəlxalq treyder şirkəti “Litasco” da Venesuelada əməliyyatlarını dayandırıb. Bu barədə jurnalistlərə “LUKoil” prezidenti Vahid Ələkbərov bildirib.

Siyasi şərhçi Hikmət Hacızadə “Yeni Müsavat”a bildirdi ki, bütün diktaturalara ölüm yaraşır: “Venesuelada iqtisadiyyat çöküb, yemək yoxdur. Ölkədə dərman tapılmır, ölkəni böhranlı vəziyyətə gətirib çıxarıblar. Xalq da dəyişmək istəyir. Əgər bu, demokratik hərəkat deyilsə, bəs nədir?”
H.Hacızadənin sözlərinə görə, Venesueladakı hadisələri yalnız neftlə əlaqələndirmək də doğru olmaz: “Sizin qeyd etdiyiniz amillər istisna edilmir. Təbii ki, neft maraqları var. Ancaq biləsiniz ki, indiyə qədər Amerikanın neft şirkətləri Venesuelada işləyirlər”.
