Azərbaycanda ov mövsümü başa çatır. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən ov etmək üçün icazəsi olan şəxslərə də məlumat verilib. Artıq onlar ötən ay icazə verilən yerlərdə də ov edərlərsə, cərimələnəcəklər. Bundan əlavə ovun yasaq olduğu yerlərin adları da açıqlanıb. Yəni birmənalı şəkildə Ağdam, Göygöl, Goranboy, Daşkəsən, Gədəbəy, Tərtər və digər sərhədyanı və ya cəbhə zonasına yaxın inzibati rayonların ərazilərində, Xəzər dənizinin adalarında, yaşıl zonalarda, şəhərlərin və kurortların ətrafında yerləşən ən azı 1,5 kilometrə qədər sahələrdə, xüsusi mühafizə olunan ərazilərin daxilində və sanitariya-mühafizə zonalarında ov qadağan edilib.
Ov üçün icazəyə gəlincə isə Azərbaycanda 2004-cü ildən sonra “Ovçuluq bileti”nin verilməsi səlahiyyəti Ovçuluq Birliyindən alınaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinə verilib. İndi ovçu olmaq istəyənlər nazirliyin aidiyyəti departamentinə müraciət edir və orada imtahan verdikdən sonra “Ovçuluq bileti” alır.
“Yeni Müsavat”a danışan ETSN-nin departament rəhbəri Hikmət Əlizadə bildirib ki, ov mövsümü rəsmi olaraq martın 10-dan başa çatır:
“Ancaq bizdə olan məlumata görə, fevral ayının sonundan etibarən lisenziyalar bitib. Çünki ov limitlənmiş bir fəaliyyətdir. Yəni xüsusi limit əsasında həyata keçirilir. Bizim hesablamalarımıza görə əksər rayonlarda artıq ov limitləri başa çatıb. Bu baxımdan söyləyə bilərik bu günlərdə ölkədə ov mövsümü başa çatır. Əmrlə isə bu tarix martın 10-a təsadüf edir. Qanunsuz ov edənlərə qarşı isə istər bu günlərdə istərsə də qarşıdan gələn bayram günlərində reydlərimiz davam edəcək. Qanunsuz ov edənlər tutulan zaman isə bu barədə mətbuata məlumat veriləcək”.

Əlizadə bildirib ki, xarici vətəndaşlara da ov mövsümünün başa çatması ilə bağlı məlumat verilib:
“Onlara limitlərin bitməsi ilə bağlı bildiriş verilib. Əlində icazəsi olan şəxslər bu gün, dünən həmin limitləri bitirib, ölkələrinə qayıtmalıdırlar”.
H.Əlizadə 2019-2020-ci il üzrə ov mövsümünün mayın sonunda elan ediləcəyini də diqqətə çatdırıb. O, Azərbaycanda ov etmək istəyən insanların maarifləndirilməsinə də ehtiyac olduğunu vurğulayıb.
Qanunsuz ov edənlərin cəzalandırılması məsələsinə gəlincə isə qeyd edək ki, bu, 2017-ci ildə Cinayət Məcəlləsinin 258-ci maddəsinə edilən dəyişiklikdə öz əksini tapıb.
Məcəlləyə edilən dəyişikliyə əsasən, lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan edilmiş vaxtda, qadağan edilmiş alət və üsullarla ov etmə xeyli miqdarda ziyan vurduqda cərimənin məbləği 2000 manatdan 3000 manata qədər məbləğdə müəyyən edilir. Daha öncə isə cərimələr 100 manatdan 500 manatadək təşkil edirdi. Eyni əməllər külli miqdarda ziyan vurulmaqla, partlayıcı maddələrdən və ya quşların və heyvanların kütləvi məhvinə səbəb olan başqa üsullardan istifadə etməklə, ovlanması tamamilə qadağan edilmiş quşlara və heyvanlara qarşı, qoruqların ərazisində və ya ekoloji fəlakət və fövqəladə ekoloji vəziyyət zonasında törədildikdə isə cərimənin məbləği 3 min manatdan 6 min manata qədər (əvvəl - 100 manatdan 1000 manatadək) məbləğdə müəyyən edilib.
Martın 1-də ETSN-də keçirilən mətbuat konfransında o da bildirilib ki, 3 mart vəhşi təbiətin mühafizəsi günü" ilə əlaqədar Azərbaycanın milli parklarında martın 3-də “açıq qapı” günü keçiriləcək. Həmin gün bütün milli parklarda ziyarətçilər giriş haqqından azad ediləcək.
“Açıq qapı” günü səhər saat 09:00-dan saat 18:00-dək davam edəcək. Məqsəd ölkənin milli parklarının turizm potensialını turistlərə göstərmək, onların iştirakı və bilavasitə köməyi ilə xüsusi mühafizə olunan təbiət ərazilərini geniş təbliğ etməkdir.
Bildirilib ki, “Açıq qapı” günlərinin bundan sonra da əlamətdar tarixlərdə keçirilməsi nəzərdə tutulur. Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər kəsi milli parklara dəvət edir.
Həmçinin qeyd edilib ki, martın 1-dən etibarən “Milli parklardan etüdlər” adı altında peşəkar və həvəskar fotoqrafların iştirakı ilə foto müsabiqəyə start verilir.
Müsabiqə çərçivəsində milli parklardan çəkilmiş şəkillər nazirliyin rəsmi facebook və instagram səhifələrində müəlliflərin adları qeyd olunmaqla mütəmadi yerləşdiriləcək. May ayının 20-dək davam edəcək müsabiqənin sonunda 5 ən yaxşı şəklin müəllifi “22 may Beynəlxalq biomüxtəliflik günü” ərəfəsində mükafatlandırılacaq.
